Xəbər lenti

Düzü əyri, əyrini isə düz...
Siyasət 12:06 03.12.2018

Düzü əyri, əyrini isə düz...

Hüseynbala Səlimov

Ötən həftə Vaşinqtonda Milad ağacını işıqlandırdılar və bununla da bayrama start verildi – bir ay ərzində daha heç kim, hətta siyasət-dövlət adamları belə ciddi planlar qurmayacaqlar, hətta işlər səngiyəcək, demək olar ki, heç kimi yerində tapmaq mümkün olmayacaq.

Azərbaycanda da artıq insanlar təqvimdə bir günü dairələyiblər və insanların daimi qayğılarına daha bir qayğı da əlavə olunub – qarşıdan yeni il gəlir. 

Düzdür, buna da münasibət fərqlidir, axı biz mutikultural bir ölkəyik. Bəziləri yeni il tətillərinin başlanmasını səbrsizliklə gözləyir və düşünürlər ki, bir ay kaş tezcə ötüşəydi, arvad-uşağı götürüb yaxın–uzaq ölkələrdən birinə çəkiləydilər...

Digərlərinin, xüsusən şanlı "böyük əksəriyyətin”sə dərdi–səri sözün əsl mənasında artıbdır, hamı indi bir sual üzərində baş sındırır ki, görən, bu il bayram süfrəsi neçəyə başa gələcəkdir, uşaqların yanında üzümüz bu dəfə də qara olmayacaq ki?

Amma fərqlər yalnız bundan ibarət deyil. Bir amerikalı tanışımız vardı, bu adam ölkələri gəzib ingilis dilindən dərs deyərdi. Arabir də Amerika həyatının kitablarda yazılmayan özəlliklərindən danışardı bizə. Məsələn, deyərdi ki, ABŞ  hökuməti bir il ərzində insanlardan aldıqlarını bir aylıq Milad günlərində onlara qaytarır... 

Bunları eşidəndə biz də fikirləşirdik ki, əcaba, niyə bəs bizim multikultural və tolerant ölkəmizdə belə şey olmur? Axı mərhəmətdən, humanizmdən hamıdan çox biz danışırıq! Amma Yeni il kimi xristian mənşəli bayramlar bir tərəfə, hətta Orucluq, Qurban və Novruz bayramları vaxtı belə qiymətlər ceyran belinə çıxır, sanki iş adamları bir ilin əvəzini bu bayramlarda çıxmağa qərar verirlər.

Bu məsələ üzərində çox baş sındırmışam, çünki boş-bekar adamam və belə qərara gəlmişəm ki, müsəlman Şərqində heç vaxt humanizm deyilən şey olmayıbdı, o yerdə ki, humanizm olub, oralarda demokratiya qalib gəlibdir, müsəlman Şərqində isə yüz il, beş yüz il bundan əvvəl də despotiyalar olub, indi də despotiyalar, müstəbid rejimlər hökm sürmək üzrədir...

Əlbəttə, yeni il arzularsız da olmur və gərəkir ki, bununla da bağlı bir-iki kəlmə yazım. Böyük, necə deyərlər, şanlı mütləq əksəriyyətin bu xüsusda da qeyri -adi bir istəyi yoxdur: axı ac toyuğun yuxusuna darıdan savayı nə girər? 

O ki qaldı mütləq azlığa, bizim cəmiyyətin və dövlətin elitası sayılan insanlara, bax, bu haqda həqiqətən də danışmağa dəyər. Amma onların da hamısı haqqında yox, yalnız bəziləri haqqında danışmaq olar, çünki hamı haqqında bircə-bircə danışmağın bizim üçün də, saytımız üçün də problemləri-fəsadı ola bilər.

Bir-iki gəlmə müğənnilərimiz haqqında deyəcəm, ən azı ona görə ki, biz televiziyalarda onlardan başqa heç kimi görmürük.

Qərəz, müğənnilərimizin çox, olduqca maraqlı yeni il arzuları var; düz ikisinin dilindən eşitdim ki, arzuları deputat, yəni aciz və yoxsul mütləq əksəriyyətin vəkili adlanmaqdır – bəli, olmaq yox, məhz adlanmaq, ona görə ki, deputat demokratik ölkələrdə olur, burada isə deputat adlanırlar. 

Axtaranda bizim bəlalarımızın çoxunun kökü gedib sovetlərə çıxır. Məhz o dövrdə elm, sənət və mədəniyyət adamlarını həm də deputat edir və bu yolla rejimin onlara qarşı ehtiramını göstərirdilər. Ona görə də bizm elm, mədəniyyət və sənət adamlarının bioqrafiyasında mütləq belə qeyd də olurdu: filan çağırışda filan sovetin deputatı olub...

Qərəz, bizim indiki müğənnilər də belə görüb, belə eşidiblər, elə indi də görməkdə və eşitməkdədirlər...

Əlbəttə, hər şeyi sovetin üstünə yıxmaq da düzgün deyil: məsələn, çox uzaqlarda deyil, elə Baltik ölkələrində toy müğənnilərinin hamısının bu eşqə düşməsi çox təəccüblü görünərdi.
Bilirsiniz, bütün digər sahələrdə olduğu kimi, vokalçılar arasında da deputat olmağa layiq insanlar tapıla bilər, bircə fərqlə ki, oralarda bu cür insanlar parlamentdə otura-otura "Siyasətlə məşğul olmuram” deməzlər! 

Əslində siyasətlə məşğul olmaq məsələsi də elə-belə şey deyil – bizim insanlarımızdan çox siyasətlə məşğul olan, siyasətcil varlıqlar heç yerdə yoxdur, sadəcə, bu, bir az fərqli siyasətdir, texnologiyası da yaltaqlaıq və rəzillik, ikiüzlülük və yalançılıqdır... 

Bir neçə il əvvəlin sözüdür. Bizim rayonlardan birinin insanları gileylənirdilər ki, axı bu qədər də açıq bazar olmaz! Təsəvvür edin, həmin rayondan deputat seçilən "böyük ziyalı”larımızdan birinin birinci cümləsi "Siz səs versəniz də, verməsəniz da mən deputat olacam” sözləri olmuşdu. İnsanlar da əslində buna qəzəblənməmişdilər, özləri də bilirdilər ki, həqiqətən də belə olur – bizdə deputatların çoxu seçilmirlər, təyin oolunurlar. Sadəcə, ondan qeyzlənmişdilər ki, belə də bazar olmaz axı!.. 

Amma niyə də yox? Biz tolerant və multikultural, həm də düzünəqulu bir millətik – pərdələnməklə qəti aramız olmaz, düzü həmişə əyri, əyrini isə düz deyərik...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->