Xəbər lenti

Dövlət başçısı:
Ölkə 21:29 03.06.2020

Dövlət başçısı: "Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi"

"Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın mövqeyi qüsurludur. Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq".

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı bildirib.

"Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik. Onlar nə etdilər? Bizim kəndlərimizi bombaladılar, bax, burada Tərtərdə. Mən Aprel döyüşlərindən sonra gəlib o bombaları, o mərmiləri görmüşdüm, evlərə getmişdim. Tərtər şəhərini, Tərtərin, Ağdamın kəndlərini bombalayıblar. Bu, faşizm deyil, nədir? Dinc əhaliyə qarşı müharibə aparıla bilməz. Onların bizim ordumuza gücü çatmayıb, öz mövqelərini qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə qarşı güc tətbiq etdilər. Hesab edirdilər ki, bu, tərtərlilərə, ağdamlılara təsir edəcək. Bir nəfər də tərpənmədi yerindən, bir nəfər də! Onlar bir daha gördülər ki, Azərbaycan xalqı böyük xalqdır. Mən Aprel döyüşlərindən sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini gördüm. Gördüm ki, onlar öz torpağından heç bir yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpağında möhkəm dayanıblar. Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur. Çünki demək olar ki, onların bütün qonşulara - Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var. Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər", - dövlət başçısı deyib.

Prezident İlham Əliyev vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mifologiyaya düçar olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir.

Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->