Xəbər lenti

Dövlət daha nə etməlidir ki, şəhid ailələri və qazilər narazı qalmasın?
Ölkə 09:21 15.01.2021

Dövlət daha nə etməlidir ki, şəhid ailələri və qazilər narazı qalmasın?

İşğal olunmuş torpaqlarımızın azad olunması ilə başa çatan  44 günlük savaş cəmiyyətdə şəhid ailələri və qazilərimizin problemləri və sosial durumlarına daha həssas yanaşılmasını şərtləndirib. Artıq fərd olaraq hamımızın həmişə borclu olduğu bu insanların kiçik problemləri belə geniş ictimaiyyətdə haqlı narazılıqlara səbəb olur. Amma onu da vurğulamaq lazimdır ki, hakimiyyət ən yüksək səviyyədə şəhid ailələrinin və əlillərin problemlərini prioritet sayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr edilmiş videoformatda keçirilən müşavirədə köçkünlər üçün tikilən mənzillərin şəhid ailələrinə veriləcəyini bildirdi: 

"Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm də müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə".

Prezidentin göstərişindən sonra "Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti keçən il məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verildi. Həmin mənzillər şəhid ailələrinə paylanılacaq. Söhbət Bakı, Sumqayıt başda olmaqla ölkənin müxtəlif yerlərində tikilən 4700 mənzildən gedir. 
Qeyd edək ki, təkcə ötən il şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilib. Ümumilikdə, ötən dövrdə 8423 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.

Müharibə əlillərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəlilik qaydasında avtomobil verilir. 2020-ci ildə həmin şəxslərə 400 avtomobil verilib. İndiyədək 6964 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim edilib.

Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə dövlət qayğısı bununla bitmir. Belə ki, şəhid ailəsi və qazilərə aylıq ödəmələr edilir və s. 
Artıq Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (YAŞAT Fondu) da fəaliyyətə başlayıb.

Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

YAŞAT Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar.

YAŞAT-dan verilən məlumata görə,  fondun əməkdaşları, könüllülər ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutmağa başlayıblar. Bu məqsədlə müvafiq əməkdaşlardan ibarət 69 qrup formalaşdırılıb və onlar aidiyyəti üzrə təlimlərə cəlb olunub.
Fonda artıq vəsaitlər daxil olmağa başlayıb. Bu günə qədər YAŞAT Fondu üçün həyata keçirilmiş ianələrin məbləği 30 milyon manat civarındadır. Yalnız ölkəmizdə deyil, həm də xaricdə yaşayan azərbaycanlılar artıq YAŞAT Fonduna elektron müraciət edərək, şəhid ailələrinə, qazilərə həm mənəvi, həm də maddi cəhətdən dəstək olacaqlar.

Göründüyü kimi, vətən müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması həmişə olduğundan daha çox dövlət və cəmiyyətin diqqət mərkəzindədir. Qısa müddətdə böyük işlər görülüb və  görülməkdədir. Təkcə 4700 mənzilin bu həssas qrupa verilməsi və YAŞAT Fondunun tam işlək mexanizminin formalaşması problemlərin əhəmiyyətli dərəcədə həll olunmasına gətirib çıxaracaq. Üstəlik, dövlətin sosial siyasətində şəhid ailələri və müharibə əlillərinə xüsusi önəm verilməsi bu sahədəki çatışmazlıqların effektli həllini şərtləndirməlidir.  

Amma hazırda problemlər də az deyil. Əsas problem isə məmur bürokratiyası və bu sahədə çalışanların işlərinə səhlənkar yanaşmasından qaynaqlanır. Bütün bunlar isə cəmiyyətdə haqlı narazılıqlara səbəb olmaqla yanaşı dövlətin bu sahədəki sosial siyasətinin səmərəliliyini aşağı salır.  Dövlət və cəmiyyətin diqqətində olan sosial qrupun problemlərinin effektli həlli və bu sahədə olan narazılıqların qarşısını almaq üçün təcili və operativ tədbirlər həyata keçirilməlidir. Xüsusi ilə də görülən və görüləcək işlərlə bağlı mütəmadi olaraq məlumatlar verilməli və bu məlumatlara geniş yayılması təmin olunmalıdır. 

Bu sahədə olan problemlərin aradan qaldırılması və sosial siyasətin effektliyinin artırılması üçün dövlət tərəfindən ilk olaraq Şəhid ailələri, müharibə əlilləri və veteranları ilə bağlı vahid məlumat bazası yaradılmalı, bu informasiyalar əsasında problemlər ünvanlılıq prinsipi ilə həll olunmalıdır. Çünki cəmiyyət və dövlət olaraq şəhid ailələri başda olmaqla qazilərimizin və müharibə veteranlarımızın problemlərini həll etmək üçün resurslarımız kifayət qədərdir...

Orxan Əhmədli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->