İranda "quş qripi”nə görə ilin əvvəlindən (martın 21-dən) indiyədək 21 milyon toyuq məhv edilib. Bunu İranın Baytarlıq İdarəsinin rəhbəri Əlirza Rafiipur deyib. Ə.Rafiipur qeyd edib ki, bu günə qədər 421 mərkəzdə "quş qripi” virusu aşkarlanıb.(APA)
Təhlükənin yaxınımızda olduğunu nəzərə alsaq, bəs İrandan Azərbaycana gətirilən quş və quşçuluq məhsulları barədə hansı tədbirlər görülür? Azərbaycanda bu virusun yayılması üçün təhlükə varmı?
Məsələ ilə əlaqədar Qaynarinfo-ya açıqlama verən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli İrandan quş və quşçuluq məhsullarının idxalına 2016-cı ilin dekabrından qadağa qoyulduğunu və bu qadağanın hələ də qüvvədə olduğunu bildirib:
"Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən İranda 2016-cı ilin dekabrında və 2017-ci ilin martında "quş qripi" qeydə alındığı vaxtdan oradan diri quş və ümumiyyətlə quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub. Mütəmadi olaraq da cənub və digər bölgələrimizdə "quş qripi"nin olub-olmamasından asılı olmayaraq, nəzarətin aparılması ilə bağlı bütün baytarlıq idarələrinə tapşırıq verilib və hələ ki, ölkəmizdə bu xəstəlik qeydə alınmayıb".
Şərhlər