Xəbər lenti

“Dövlətimiz həmişə xalqla, cəmiyyətlə birlikdə hərbçilərin müdafiəsinə dəstək olur” – Ekspert
Ölkə 17:59 30.07.2020

“Dövlətimiz həmişə xalqla, cəmiyyətlə birlikdə hərbçilərin müdafiəsinə dəstək olur” – Ekspert

"Əsgərin qorunması üçün dövlət də, yerli sakinlər də birgə səy göstərirlər. Dövlətimiz də həmişə xalqla, cəmiyyətlə birlikdə belə işlərə dəstək olur. Bu dəstək cəmiyyətdə vətənpərvərliyin artmasına, milli ruhun yüksəlməsinə və əsgərlərin də döyüş bacarığının təkmilləşməsinə səbəb olur”.

Bunu "MediaPost”a açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

Onun sözlərinə görə, əvvəllər əsgərlərin qorunması üçün səngərlərdə içərisinə qum yığılmış kisələrdən istifadə olunurdu. Müəyyən vaxtdan sonra isə kisələr ya atmosfer təzyiqindən korlanırdı, ya da güllə dəyərək dağılırdı:

"Sonradan isə müdafiə məqsədilə avtomobil təkərlərindən istifadə olunmağa başlandı. Çünki təkərlər zərbəyə qarşı kisələrdən daha davamlıdır. Atmosfer təzyiqinə və güllə zərbəsinə davamlı olduğu üçün daha səmərəlidir. Biz də əsgərlərin qorunmasında iştirak etmək üçün "Legion” Hərbi Vətənpərvərlik Klubu olaraq, "Hərəyə bir əsgər qoruyaq!” adlı layihə başlatdıq. Əgər həmin təkərlərin saxladığı güllə hansısa əsgərdən yan keçərsə, biz Azərbaycana böyük nəsil bağışlamış olarıq. Ona görə də məndən əvvəlki insanların təşəbbüsünə qoşularaq, Vətən, torpaq üçün bu prosesə başladıq. Kampaniya halını almış bu layihəni 4 ildir ki, davam etdiririk. Bu illər ərzində Azərbaycan Ordusuna 100 mindən çox təkər çatdırmışıq. Biz bu işi həm öz vəsaitimiz, həm vətənpərvər insanların dəstəyi, həm də bir sıra dövlət orqanlarının yardımı ilə görmüşük”.

A.Əbilov bildirib ki, Tovuz istiqamətində baş verən döyüşlərdə insanların oxşar aksiyalara qoşulmağa maraqları yarandı. Nəticədə, belə dəstək aksiyalarına dövlət orqanları da qoşuldu: "Səngərdə əsgərlərin qorunması bizim üçün prioritet olduğuna görə, ölkədə təkər toplama və onu cəbhəyə göndərmə aksiyalarına qoşulanların sayı günbəgün artır. Bu gün Azərbaycanın bütün guşələrində bu aksiyalar keçirilir. Bu işdə dövlət orqanları ilə yerli sakinlər əl-ələ verib əsgərlərimizə dəstək göstərirlər. Dövlətin vətənpərvərlərə dəstəyini yüksək qiymətləndirirəm. Əsgərin qorunması üçün dövlət də, sakinlər də birgə səy göstərirlər. Dövlətimiz həmişə xalqla, cəmiyyətlə birlikdə belə işlərə dəstək olur. Bu dəstək xalqda vətənpərvərliyin, milli ruhun yüksəlməsinə, eləcə də əsgərlərin döyüş bacarığının təkmilləşməsinə səbəb olur”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->