"Yol hərəkəti haqqında” Qanuna müvafiq olaraq nəqliyyat vasitələri ildə bir dəfə texniki baxışdan keçməlidir. Müşahidələr bu sahədə xeyli qanunsuzluğun olduğunu göstərir.
Məsələn, bəzi yanacaqdoldurma məntəqələrində və digər yerlərdə sürücülərə texniki baxış məntəqəsinə getmədən texniki baxış nişanları təklif olunur. Bəziləri zamanının olmadığını, texniki müayinə mərkəzlərində avtomobildə bir çox problemin üzə çıxacağını əsas gətirərək, həmin "maklerlər”in müəyyən məbləğ qarşılığındakı təklifinə "hə” deyir. Maraqlıdır ki, yol polisi bu məsələdən xəbərdar olmadığını deyir...
Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev deyib ki, onlara texniki baxış talonunun qeyri yerlərdə satılması, hədiyyə olunması kimi hər hansı bir müraciət daxil olmayıb:
"Biz dəfələrlə qeyd etmişik ki, avtomobillərin texniki baxışı yalnız texniki müayinə mərkəzlərində keçirilir. Yəni orada istisna hallar olmur ki, başqa yerlərdə texniki baxışdan keçsin. Bizim "qaynar xətt”imizə, poçtumuza rəsmi olaraq şikayət ünvanlansa, biz həmin faktı araşdıracağıq. Avtomobillərin texniki baxışdan keçməsi üçün 20 manat dövlət rüsumu tələb edilir”.
Rüfət Quliyevin sözlərinə görə, qeyri texniki baxış yerlərində verilən texniki baxış talonları saxta ola bilər:
"Biz hər zaman tövsiyə edirik ki, texniki baxışı yalnız müayinə mərkəzlərində keçirilsin. Yanacaqdoldurma mərkəzlərində, küçədə kimlərdənsə texniki baxış talonu almaq qanunsuzluqdur”.
Şöbə rəisinin sözlərinə görə, texniki baxışdan keçməyən avtomobillərlə bağlı reydlər keçirilə bilər:
"Keçirilən reydlərdə texniki baxışı vaxtında keçməyən və saxta texniki baxışı olan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar”.
Şərhlər