Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamın icrası başa çatıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, sərəncam 431 nəfərə şamil olunub.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 3 nəfər islah işləri cəzasından, 1 nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.
Azadlığa buraxılan, həmçinin sərəncamın digər müvafiq müddəaları şamil edilən şəxslər Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Şərhlər