Xəbər lenti

Əhalinin sayındakı artım məqbul hesab oluna bilərmi?
Ölkə 21:25 14.10.2017

Əhalinin sayındakı artım məqbul hesab oluna bilərmi?

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 867 250 nəfərə çatıb. Trend-in məlumatına görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Məlumata görə, əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür. Bəs görəsən statistik rəqəmlərdə əks etdirilən bu nisbətlər məqbul hesab oluna bilərmi? Qadınların kişilərlə, şəhər əhalisinin kənd əhalisinə olan nisbəti normal qəbul edilə bilərmi? 

Sosioloq Lalə Mehralı deyir ki, əhalinin artması bütün hallarda yaxşı göstəricidir: 


"Bu onu göstərir ki, insanımız ailə, nəsil məsələsində bir çox ölkələrdə olduğu kimi "avropalaşmayıb”. Bir çox Avropa ölkəsində müşahidə edilən cırtdan ailə formatı bizim ölkədə yayılmadı, azərbaycanlılar ailədə ən az 2 uşaq olmasının tərəfdarıdır. Ümumiyyətlə, demoqrafiya sadəcə rəqəmlər deyil, hər hansı bir ölkənin, yaxud ayrı-ayrı yaşayış məntəqələrinin əhalisinin, orada doğulanların, ölənlərin və s. yalnız sayının statistikası deyil. Demoqrafiya istənilən ərazidə yaşayan insanların həyat tərzinin, maddi, sosial, mənəvi durumunun göstəricisidir. Demoqrafiyanı bu səbəbdən ölkənin sosial-iqtisadi inkişafının güzgüsü də adlandırırlar. Fikrimcə, təbii artım normaldır. Statistikalara görə, bir ölkədə normal yolla artım olduğu təqdirdə, ölkə əhalisi hər 8-10 ildə 1 milyon artmalıdır. 10 il əvvəl, yəni 2007-ci ildə ölkəmizdə əhalinin sayı 8.5 milyon civarında idi. Hazırda bu rəqəm 9.8 milyon ətrafındadır. Deməli Azərbaycanda təbii artım normal gedib. Əhalinin kənd və şəhər bölgüsü barədə statistikaya gəlincə, məncə, bu, təhlükəli həddə deyil. Doğrudur, insanlarımız daha çox şəhər həyatına meyil edir, amma şəhərin qarmarışıq həyatından bezib kəndlərə, rayon mərkəzlərinə köçənlər də az deyil. Elə ötən ilin statistikasına nəzər salanda, bunu görmək olur. Ötən il əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləri idi, bu il bu nisbət 53 - 47 faiz təşkil edir. Düzdür, fərq azdır, amma proses artıq başlayıb və insanlar şəhərə axın etməkdən imtina edirlər. Ötən ilin statistikasında ölkə əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edirdi. Bu il isə bu nisbət azacıq dəyişib - əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Doğrudur, selektiv abort məsələsi bu yerdə çox narahatedici statistika yaradır, demoqrafik göstəricilərdə kişilərin qadanlara nisbətən çoxalması bunun nəticəsidir. Amma vəziyyət kritik deyil”.

Sosial məsələlər üzrə ekspert Əhməd Qəşəmoğlu deyir ki, faiz göstəricilərindəki fərqlərin yaranmasının bir neçə səbəbi ola bilər: 


"Rəqəmlərdəki bu fərqliliklər ölkədə hələlik ahəngdar inkişafa tam nail ola bilmədiyimizə görə yaranır. İlk növbədə qeyd etmək lazımdır ki, şəhər əhalisinin kənd əhalisinə nisbətən sayının çox olmasının əsas səbəbi məşğulluq problemidir. Kişilər iş üçün qadınlara nisbətən şəhərlərə və digər ölkələrə daha çox axın edirlər. Ona görə də yerlərdə qadınların sayı artır. Ümumilikdə isə deyə bilərəm ki, statistik rəqəmlər reallığı heç də həmişə olduğu kimi əks etdirə bilmir. Məsələn, elə insan var ki, faktiki olaraq öz kəndində, ölkəsində yaşamasa da, bu, statistikada öz əksini tapmır. Ona görə də reallıqda mənzərə bir az da başqa cürdür. Hətta bir neçə il bundan qabaq kənd yerlərində vəziyyət daha pis idi. Ona görə də kənd yerlərində iş yerlərinin artması vacib məsələlərdən biridir. Düzdür, yerlərdə əhalinin məşğulluğunun artırılması istiqamətində müəyyən işlər görülür və müsbət təsirləri hiss olunur. Aqrar sahəyə diqqət və qayğının artırılması bölgələrdə yeni iş yerlərinin açılmasına səbəb olub. Amma bu iş daha mütəşəkkil şəkildə təşkil olunmalıdır ki, əhalinin potensialından tam istifadə edilsin”.

Ekspert bəzi məqamları da qeyd edib: "Bəzən əhalinin artımındakı yüksək faiz göstəricisi ciddi problemlər də törədə bilir. İndi bizi kəmiyyət yox, keyfiyyət maraqlandırmalıdır. Əsas məqsədimiz insanların keyfiyyətinin artırılması olmalıdır. Əhalinin sayının bir neçə milyonu keçməsi hələ heç nə demək deyil. Daha çox keyfiyyətə önəm verilməlidir. Amma mövcud əhalinin sayında azalmanın olmamasına diqqət yetirmək lazımdır. Hazırda dünyanın bir çox ölkələrində bu azalma müşahidə edilməkdədir. Sevindirici haldır ki, Azərbaycanda bu indeks mənfi deyil. Ümumilikdə götürdükdə isə, 0,6 faiz artım məqbul hesab oluna bilər”.

Qaynarinfo.Az

Mənbə: "Kaspi" qəzeti

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->