Xəbər lenti

Ekologiya nazirliyi 169 min manatı kimlərə verib? - FOTOFAKT
Ölkə 21:20 16.09.2020

Ekologiya nazirliyi 169 min manatı kimlərə verib? - FOTOFAKT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti ("Azəryaşlandşaft” ASC) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Qaynarinfo Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi "United Procurement Chain” MMC olub. Qalib şirkət "Azəryaşlandşaft” ASC-yə 168 min 890 manat dəyərində kimyəvi maddələr ("Trilion B”, Alminium sülfat, Karbomid, Sönmüş əhəng və s.) satacaq.

Tender müsabiqəsinin qalibi olan "United Procurement Chain” MMC 4 ay əvvəl – 15.05.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. "Azəryaşlandşaft” ASC tender müsabiqəsini 12.08.2020-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 3 ay əvvəl yaranıb.

Onu da bildirək ki, "United Procurement Chain” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 3 ay əvvəl yaranan və 169 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. Asif Əsədullayev, ev 3, m. 2 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Zamin Taleh oğludur.

Tender müsabiqəsilə bağlı diqqət çəkən məqam odur ki, müsabiqə elanında qeyd olunan şərtlərə əməl olunmayıb.

 

 

Qeyd edək ki, müsabiqə elanında açıq şəkildə yazılıb ki, müsabiqədə iştirak etmək istəyən şirkətlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

1. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı

 

2. İddiaçıların son 3 (üç) ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması

 

3. İddiaçının veb-saytının mövcudluğu

 

4. İddiaçının analoji işlərdə təcrübəsi (son 3 ildə analoji alqı-satqılarda yerinə yetirdiyi müqavilələrin dəyəri)

 

Cəmi 3 ay əvvəl dövlət qeydiyyatından keçən bir şirkətin yuxarıda qeyd olunan tələblərə cavab verməsi mümkün deyil (o cümlədən internet axtarış sistemlərindən veb-saytını tapmaq mümkün olmur – red.). Amma buna baxmayaraq "United Procurement Chain” MMC "Azəryaşlandşaft” ASC-nin tender müsabiqəsinin qalibi olub.

 

Məlumat üçün onu da qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır.

 

Məsələ ilə bağlı Yeniavaz.com-a danışan "Azəryaşlandşaft” ASC-nin əməkdaşları bildirdilər ki, onlar tender müsabiqəsində qalibi müəyyən edərkən ilk növbədə təqdim olunan qiymətə baxırlar. ASC-dən bildirdilər ki, ən aşağı qiyməti təqdim edən şirkət qalib elan olunur və  bu zaman şirkətin təcrübəsi onlar üçün bir o qədər əhəmiyyətli olmur.Yeniavaz

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->