Ekonomiks 11:00 10.04.2020

Ekspert: “BTQ ölkəyə valyuta axınını təmin edir”

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dünyada və ölkəmizdə tətbiq edilən məhdudiyyətlər çərçivəsində "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Express” MMC xaricdəki tərəfdaşları ilə birgə Bakı-Tbilsi-Qars (BTQ) dəmir yolu vasitəsilə yükdaşımaları hər iki istiqamətdə əvvəlki qaydada davam etdirir. Ötən il BTQ ilə "ADY Express"in daşıdığı yükün ümumi həcmi 25 193 ton təşkil etdiyi halda, bu ilin təkcə birinci rübündə bu rəqəm 17 817 ton təşkil edir.

Nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bu barədə açıqlamasında mövcud durumun BTQ-yə edilən investisiyaların səmərəli olduğunu göstərməklə, dəhlizin milli iqtisadiyyat üçün strateji əhəmiyyət daşıdığını deyib.

"Koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də sosial izolyasiya tədbirləri davam etdirilir və getdikcə daha da sərtləşir. Bununla əlaqədar işə çox az sayda işçi çıxarılır, əsasən mühüm əhəmiyyətli istehsal sahələri fəaliyyətini davam etdirir. Əlbəttə, bütün bu məhdudlaşdırıcı tədbirlərin milli iqtisadiyyat üzərində mənfi təsirləri var. Belə bir mürəkkəb şəraitdə BTQ-nin milli iqtisadiyyat üçün strateji əhəmiyyəti daha qabarıq şəkildə ozünü göstərdi. BTQ bu gün faktiki olaraq ölkəyə valyuta axınını təmin edir. Dəhlizlə daşınan yüklər birbaşa iqtisadi mənfəət gətirir və gəlirlərimizin davamlılığını təmin edir. Bu isə öz növbəsində BTQ-nin reallaşmasına edilən sərmayələrin səmərəli olmasının göstəricisidir”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Ötən il ərzində BTQ ilə yükdaşımalar 42% artıb.

Mənbə: mediapost.az