Ekspert Rusiyanın Ermənistanı silahlandırmasının məqsədini açıqladı

Ekspert Rusiyanın Ermənistanı silahlandırmasının məqsədini açıqladı

"Rusiya Ermənistana növbəti dəfə külli miqdarda silah verib. Bunlar sırasında raket komplekslərinin olması xüsusilə diqqəti çəkir. Çünki söhbət bu raketlər vasitəsilə ermənilərin Qazaxı və Ağstafanı vurulmasından gedir".

"Qaynarinfo" xəbər verir ki, bunu siyasi icmalçı, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Rusiya-Ermənistan arasındakı hərbi əlaqələri şərh edərkən deyib. 

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində, yaxud Qafqazda liderlik məsələsində Rusiyanın Azərbaycan ilə tərəfdaş olması mümkün deyil.

"Rusiya heç vaxt imkan verməz ki, Azərbaycan Dağlıq Qarabağ məsələsini öz xeyrinə həll eləsin. Çünki Rusiya Ermənistan dövlətini üç müharibədə qalib gələrək qurub. Sonra məqsədli şəkildə Dağlıq Qarabağda erməniləri yerləşdirib. Bu gün Rusiya rəhbərliyi özlərini Pyotrun davamçısı sayırsa, deməli o vaxtkı planın tərkib hissəsinə uyğun olaraq əsas məqsəd Ermənistana dəstək verməkdir. Türk-müsəlman dövlətinə heç vaxt Rusiyadan dəstək gələ bilməz, heç kim özünü aldatmasın", - siyasi icmalçı vurğulayıb. 
 
 

R.Hacılı Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyadan hərbi-siyasi dəstək aldığını bildirib. O, erməni lobbisinin Qərbdəki fəaliyyətinin Rusiyaya sərf etdiyini deyib:

"Hazırda yalnız Ermənistana dəstək verilir. Paşinyanın Qərbə meyilli görünməyi sadəcə erməni lobbisi ilə Rusiyanın arasında kilid nöqtədir. Qərbyönümlü bir erməninin Ermənistanda prezident, yaxud baş nazir olması mümkün deyildi. Bir ölkədə ki Rusiyanın hərbi bazası, hərbi kontingenti var, həmin ölkədə yalnız razılıq ola bilər. Rusiya Ermənistanı dotasiya ilə saxlaya bilmədiyinə görə belə qərara gəldi ki, Ermənistanın rəhbərliyinə Qərbdən və erməni lobbisindən pul alacaq şəxs keçməlidir. Bununla da Ermənistan iqtisadiyyatını ayaqda saxlamağa çalışdı. Yəni bu, sadəcə uzlaşmadır, Paşinyan Qərbin yox, Rusiyanın adamıdır. Onun bir çox məsələlərdə Qərb ilə dialoqa girməsi Rusiyaya sərf edir. Bu baxımdan Rusiya həmişə Ermənistana bütün dəstəyi verməyə hazırdır". 

Qeyd edək ki, Gürcüstan mətbuatı Rusiyanın Ermənistana növbəti dəfə külli miqdarda silah-sursat göndərdiyini yazıb. Belə ki, hərbi mənbələr son günlər Rusiyanın mülki hava xəttlərindən istifadə edərək Ermənistana silah, həmçinin "Qrad” reaktiv-yaylım atəşi sistemləri çatdırdığını bildirir.

Silahlar Ermənistana İranın hava məkanından istifadə edilməklə gizlin çatdırılıb. 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR