Xəbər lenti

Ekspert: “Siqaret çəkən sürücülərə qarşı sərnişinlər də mübarizə aparmalıdır”
Ekonomiks 14:18 31.05.2020

Ekspert: “Siqaret çəkən sürücülərə qarşı sərnişinlər də mübarizə aparmalıdır”

Bu gün 31 may - Ümumdünya Tütünlə Mübarizə günüdür. Dünyada müxtəlif ictimai yerlərdə, o cümlədən ictimai nəqliyyatda tütündən istifadəyə qarşı ciddi mübarizə aparılır. Azərbaycanda da ictimai nəqliyyat sürücülərinin sükan arxasında tütündən istifadə etməsi qanunla qadağan edilir.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev "Sfera.az” saytına verdiyi açıqlamada avtobus və taksi sürücülərinin sükan arxasında siqaret çəkməsinə münasibət bildirib. Ekspert ilk növbədə siqaret çəkməyin ümumi ziyanlarını diqqətə çatdırıb:

"Tütündən istifadə tibb mütəxəssisləri tərəfindən sağlamlığa zərərli hesab olunur və qəti qadağan edilir. Bu bəladan yaxa qurtarmaq üçün bütün qurum və təşkilatlar bərabər çalışmalıdır. Statistikaya baxsaq görərik ki, xərçəng xəstəliyinin yaranmasının ən böyük səbəblərindən biri tütündən istifadədir. Tütün məmulatları həm sağlamlığa, həm də insanların maddi vəziyyətinə ziyan vurur”.

Y.Mustafayev bildirib ki, son illər Bakı nəqliyyatında sürücülərin sükan arxasında siqaret çəkmə halları azalıb: "Tütündən istifadə etməyənlər edənlərin təsirinə məruz qalır. Buna ictimai nəqliyyatda da tez-tez təsadüf edirdik. 3-5 il bundan öncəyə qədər sürücülər rahat şəkildə sükan arxasında tütündən istifadə edirdilər. Onunla bərabər hərəkət edən sərnişinlər də bu tütünün tüstüsünü udmağa məcbur idilər. Qanunla bu istiqamətdə qadağa yox idi. Son zamanlar tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı işlər görülüb. Bu işlər çərçivəsində sürücülərə də qadağalar tətbiq edilib. Sürcünün diqqəti yolda olmalı, siqaretdən və telefondan istifadə etməməlidir. Bu istiqamətdə görülən tədbirlər qənaətbəxşdir”.

Ekpsert əlavə edib ki, bu qadağlardan kənara çıxanlar da olur: "Xüsusən uzun məsafəli yollarda bəzi sürücülər sükan arxasında siqaret çəkirlər. Bu da haqlı olaraq nazarılıqlara səbəb olur. Siqaret çəkməyən sərnişinlər siqaret tüstüsü ilə zəhərlənmək istəmirlər. Sürücülər isə siqaretə vərdiş etdikləri üçün bunun fərqində olmur və qarşı tərəfi narahat etdiklərini düşünmürlər. Odur ki, tütündən istifadə daha da sərt tədbirlərlə məhdudlaşdırılmalıdır. Bir çox ölkələrdə bununla bağlı yüksək cərimələr tətbiq olunur. Bizdə də sərt şəkildə pul cəzası tətbiq edilməlidir”.

Y.Mustafayev ictimai nəqliyyatda siqaretdən istifadəyə qarşı hər kəsi mübarizə aparmağa çağırıb: "Hər bir insan bu istiqamətdə mübarizəyə qoşulmalıdır. Vətəndaşlar sükan arxasında siqaret çəkən sürücüyə xəbərdarlıq edə, onu şəklini çəkib Bakı Nəqliyyat Agentliyinin (BNA) qaynar xəttinə göndərə və ya sosial şəbəkəyə yerləşdirərək sürücü barədə məlumat verə bilərlər. Sosial şəbəkələr bu istiqamətdə böyük təsir qüvvəsinə malikdir. Vətəndaşlar tərəfindən şikayət edildikdə əlaqədar qurum da məsələyə daha tez reaksiya verər və həmin sürücünü cəzalandırar. Bir neçə dəfə bu cür cəzalanma olsa, sürücülər də sükan arxasında siqaret çəkməkdən çəkinərlər. Qeyd edilən məsələlər taksilərə də aiddir. Bəzən görürsən ki, taksidə qadın və ya uşaq var, sürücü isə siqaret çəkir”.

Xatırladaq ki, BNA-dan verilən məlumata görə ötən il ərzində sərnişinlərin müraciətlərinə əsasən sükan arxasında tütün məmulatından istifadə etdiyinə görə 235 avtobus sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->