Ekspert yeni nazirdən danışdı: Rabitə sahəsində problemlər çoxdur

Ekspert yeni nazirdən danışdı: Rabitə sahəsində problemlər çoxdur

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunan Rəşad Nəbiyevlə bağlı fikirlərini bölüşüb.

Qaynarinfo xəbər verir ki, Osman Gündüz yeni naziri proqressiv kadr kimi qiymətləndirib: 

 

"İlk öncə qeyd edim ki, NRYTN artıq əvvəlki nəhəng nazirlik deyil. Onun tərkibində olan əsas strateji qurumların (Aztelekom, Baktelekom, AzİnTelecom, Azercell və s.) idarəetməsi bir müddət öncə yaradılan Holdinqə həvalə edilib.

Bu baxımdan Nazirliyin qarşısında duran vəzifələr, prioritetlər qısa müddət öncə kəskin surətdə dəyişib. Düşünürəm ki, yeni təyinatı da bu yöndə qiymətləndirmək doğru olardı.

İndiki anda Nazirlik daha çox tənzimləmə, səmərəli idarəetmə, rəqabətli mühitin formalaşması, innovasiyalar və sektorda dövlət siyasəti ilə bağlı məsələlərlə məşğul olmalıdır. Düşünürəm ki, yeni nazir təyinatı da məhz bu konteksdə qiymətləndirilməlidir. Nazirlik qarşısında duran vəzifələr baxımından, düşünürəm ki, Rəşad Nəbiyevin nazir təyinatı uğurlu hesab oluna bilər.

Əvvəlki dönəmlərdə də o, məhz sektorda iqtisadi təhlillərə cavabdeh şöbəyə rəhbərlik edirdi. Hətta xatırlayıram ki, uzun müddət öncə onun rəhbərlik etdiyi şöbə sektorun tənzimlənməsi ilə bağlı bir konseptual sənəd də hazırlamışdı.

Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Azərkosmos-a rəhbərlik etdiyi dönəmdə innovasiyalar və startap sahəsinin inkişafına da diqqət yetirməyə çalışırdı.

Bəs hazırda NRYTN-nin taleyi necə olacaq. Struktur dəyişikliyi olacaqmı? Tənzimləyici qurum necə formalaşacaq, elə Nazirliyin əsasındamı yaradılacaq, yoxsa üzvləri Prezident tərəfindən təyin olunan Telekommunikasiya Şurası formalaşacaq? Dövlətə məxsus olan rabitə resurslarından özəl və dövlət sektorun bərabər əsaslarla istifadəsi təmin olunacaqmı? Rəqəmsallaşma, keyfiyyətli internet baxımından region və Bakı arasında bərabərsizlik aradan qalxacaqmı?

Sektorda həllini gözləyən problemlər çoxdur. 

Ümid edirəm və inanıram ki, yeni nazir İKT sektorunu müasir çağırışlara cavab verəcək səviyyəyə qaldıra biləcək”.
 
Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR