Xəbər lenti

Ekspertdən təklif: “Dollar krediti məhdudlaşdırılmalıdır”
Ekonomiks 14:50 28.04.2015

Ekspertdən təklif: “Dollar krediti məhdudlaşdırılmalıdır”

Samir Əliyev: “Çıxış yolu bankların manat kreditlərini bərpa etməsidir”

Devalvasiyadan iki aydan çox zaman keçsə də, müzakirələr hər gün yenilənir. Əhali ilə banklar arasında narazılıq da səngimək bilmir. Narazılıqlardan birinə- valyuta kreditlərinin hansı məzənə ilə qaytarılacağı məsələsinə mayın 7-də Konstitusiya Məhkəməsi tərəfindən aydınlıq gətiriləcək. Digər narazılıq isə banklardan manat kreditləri almağın qeyri-mümkünlüyü ilə bağlıdır. Ekspert Samir Əliyevin sğzlərinə görə, ötən ilin sonlarından etibarən məhdudlaşdırılmağa başlayan manat kreditlərini devalvasiyadan sonra əldə etmək xüsusilə mümkünsüz olub. 

“Banklar getdikcə milli valyutada kredit vermək siyasətindən imtina edirlər. Müştərilərinə xarici valyutada kredit təklif edirlər. Əhali və sahibkarlar isə manat kreditinə üstünlük verirlər. Səbəb bir tərəfdən bank sektorunda manat qıtlığıdırsa, digər tərəfdən devalvasiya gözləntisidir. Hər iki tərəfin ciddi arqumenti var. Ancaq bundan zərər çəkən pulsuz qalmış iqtisadiyyatdır”,- deyə S.Əliyev qeyd edib.   

Onun sözlərinə görə, əhali kütləvi şəkildə əmanətlərini dollara çevirirlər: “Son aylar manat mövqelərini kəskin itirməkdədir. 2015-ci ilin yanvar-fevral aylarında əmanətlərdə dolların payı 38,5 faizdən 62,3 faizə yüksəlib. Kredit qoyuluşunda isə dollar mövqeyini 27,3 faizdən 40,5 faizə yüksəldə bilib. Əmanətlərin sürətlə dollarlaşması banklarda manat qıtlığı yaradıb. Üstəgəl,  2015-ci ilin 2 ayı ərzində pul bazası 18 faiz azalaraq 9,7 milyard manata düşüb. Mərkəzi Bank dekabr-mart aylarında intervensiya vasitəsilə bazardan yığdığı manat kütləsini yenidən bazara qaytarmaqda maraqlı görünmür. Səbəb inflyasiyaya dəstək verməməkdir. Banklar risk səviyyəsinin yüksək olması səbəbindən dollar vəsaitlərini manata çevirib iqtisadiyyata yönəltməkdə maraqlı görünmürlər”.  

S.Əliyev deyib ki, kredit təşkilatlarının hazırki kredit siyasəti onların faiz gəlirlərini azaltmaqla yanaşı, problemli kreditlərin həcminin artmasına zəmin yaradır: “Sahibkarların ucuz maliyyəyə çıxışı daha da çətinləşib. Həm istehlak kreditləşməsinin, həm də büdcə xərclərinin məhdudlaşdırılması səbəbindən istehlak bazarında tələbatın azalması müşahidə edilir. Ölkə iqtisadiyyatı zəruri maliyyə resurslarının qıtlığı ilə üzləşdiyindən iqtisadi aktivlik getdikcə aşağı düşür. Çıxış yolu bankların manat kreditlərini bərpa etməsidir. Bankların belə niyyəti isə sezilmir. Kredit portfeli əsasən xarici öhdəliklər və dollar əmanətləri hesabına formalaşan, mərkəzləşdirilmiş kreditlərə əlçatanlığı zəif olan banklar milli valyutada kredit verməkdə maraqlı omayacaq. Bunun üçün Mərkəzi Bankın məsələyə müdaxiləsi tələb olunur. Mərkəzi Bank öz tənzimləyici alətlərindən istifadə etməklə problemi yoluna qoya bilər. Fikrimcə, dollar kreditlərinin limitləşdirilməsi zamanı çatıb. Mərkəzi Bank alətləri vasitəsilə xarici valyutada kreditlərin verilməsini limitləşdirməli, bununla da bankları milli valyutada kredit verməyə vadar etməlidir. Bir sıra ölkələrdə belə limitlər tətbiq edilir. Cənubi Koreya və Tayvan yerli şirkətlərə daxili istifadə üçün xarici valyutada kreditlərin verilməsinə məhdudiyyət tətbiq edib. Tələblərə görə, dollar krediti götürmək istəyən müəssisənin xarici fəaliyyəti və ya xarici gəlirləri olmalıdır. Kosta Rikada Mərkəzi Bank xarici valyutada olan orta və uzunmüddətli maliyyə mənbələri üçün 15 faizlik məcburi ehtiyat norması yaratmağı tələb edir. Bu isə bankları xarici valyutada resurs cəlb etməkdə maraqsız edir. Eyni zamanda xarici valyutada olan aktivlər üzrə kapital tələbinin artırılması valyuta kreditləşməsini məhdudlaşdırır. Türkiyə xarici valyutada verilən istehlak kreditlərinə məhdudiyyətlər tətbiq edir. Azərbaycan kimi güclü dollarlaşma təyziqi ilə üzləşən Rusiya da analoji addımı atmağa hazırlaşır.  Bunun üçün Rusiya Mərkəzi Bankı kreditlər üzrə risk əmsalını 300 faizə artırmağı planlaşdırır ki, bu da bankların dollar krediti verməsini çətinləşdirəcək”.  

Ekspertin fikrincə, ölkənin əsas bankı paralel olaraq bank sektorunu zəruri manat resursları ilə təmin etməlidir: “REPO, SWAP əməliyyatları hesabına bankların milli valyutaya olan tələbatı ödənilməlidir. Əsas maliyyə mənbələrindən olan əmanətlərin dollarlaşmasını məhdudlaşdırmaq üçün xarici valyutada resurs cəlbi şərtləri sərtləşdirilməlidir. Bunun üçün xarici valyutada cəlb edilən əmanətlərinin məcburi ehtiyat normasının mərhələli artırılması, məsələn, ilkin olaraq 0,5 faizdən 2 faizə qaldırılması bu əmanətlərin faiz dərəcəsinin azalmasına, əhalinin isə yüksək faiz təklif olunan manat əmanətinə üstünlük verməsinə yönləndirə bilər. Digər tərəfdən, dollar əmanətlərinin sığortalanma faizinin 12 faizdən 6 faizə endirilməsi məqsədəuyğun olardı”. 

S.Əliyev vurğulayıb ki, dollarlaşmanın ləngidilməsi üçün Mərkəzi Bank qabaqlayıcı tədbirlər görməlidir: “Azərbaycanda dollarla kredit verilməsinin qadağan edilməsi kimi təkliflər yer alıb. Düşünürəm bu addımı atmaqda tələsmək lazım deyil. Daha çox məhdudlaşdırma tədbirləri atıla bilər. Azərbaycan da xüsusilə qonşu olkələrin təcrübəsindən bəhrələnə bilər. Mərkəzi Bank Rusiyada olduğu kimi xarici valyutada olan aktivlər üzrə kapital tələbini artırmaqla, Türkiyədə olduğu kimi xarici valyutada verilən istehlak kreditlərinə məhdudiyyətlər tətbiq etməklə əhalini manat kreditinə çıxışını artıra bilər. Bütün növ ipoteka kreditlərinin birmənalı olaraq milli valyutada verilməsi nəzərdə tutulmalıdır. İstehlak kreditlərinə münasibətdə isə məhdudiyyətin ancaq gəlirləri manatla olan şəxslərə şamil edilməsi müzakirə edilə bilər. Hazırda iqtisadiyyatın sürətlə dollarlaşması baş verir və bu, çox təhlükəli tendensiyadır. Özlərini sığortalamaq üçün əhaliyə ancaq dollar krediti verən bank sektoru gələcəkdə ciddi problemlərlə üzləşə bilərlər.  Aylıq qazancı manatla olan əhalinin dollarda kredit götürməsi onun gələcəkdə ödəmə qabiliyyətini sual altına salır. Mallarını manatla satan sahibkarlar isə xarici valyutada kredit götürməkdə maraqlı olmayacaqlar. Dollarlaşmanın ləngidilməsi üçün Mərkəzi Bank qabaqlayıcı tədbirlər görməlidir. Əks halda bizi böyük sınaqlar gözləyir”. //musavat.com

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->