Son 2-3 ildə taksi fəaliyyəti sağlam rəqabət hesabına xidmət sektorunda ən yaxşı sahələrdən birinə çevrilib. Qiymətlərin münasib olması sərnişin sayını artırıb, paralel olaraq taksi sürücülərinin də gəlirləri artıb. Bütün bunların fonunda BNA-nın yeni konsepsiyası və ya təklifləri ictimaiətdə birmənalı qarşılanmır.
ARB TV-də məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.
Söhbət Bakı Nəqliyyat Agentliyinin konsepsiyasından - vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlərdən gedir. Ekspertlərin fikirincə isə kvotanın müəyyənləşdirilməsi müasir dünyada çoxdan aktuallığını itirib. İnnovativ və onlayn sistem müasir taksi anlayışı yaradıb. Vahid dispetçer mərkəzi isə inhisarçılığa yol aça bilər.
Ərşad Hüseynov – Nəqliyyat eksperti: "Agentlik deyir ki, biz elə bir mərkəz yaratmaq istəyirik ki, aqreqator xidmətləri onun üzərindən həyata keçirilsin. Bu da çox təhlükəli yanaşmadır. Mərkəzləşdirmək nə deməkdir, bir dənə inhisar qalacaq. Deyirlər ki, hazırda mövcud olan aqreqatorlar sürücülərə çox aşağı fazi verirlər. Nəticədə sürücülərin sosial vəziyyəti pisləşir. Bir aqreqator olsa, deyəcək sənə 5% pul verirəm. Get, nə edirsən et”.
Tarif sistemi təklifi də gülünc görünür. İlk növbədə tənzimlənən qiymətlər haqqında qanunda taksi fəaliyyəti ehtiva olunmur. Dövlət tərəfindən yalnız təbii inhisar - işıq, təbii qaz, su, neft və digər bu qəbildən olan sahələrin qiyməti tənzimlənə bilər. Digər tərəfdən bu, sağlam rəqabətin, bazar mühitinin yumşaq desək baltalanması deməkdir.
Azər Allahverənov – Ekspert: "Bu gün rəqabət aşağı qiymət üzərində qurulur. Siz vətəndaş olaraq hasısa taksi xidmətinə müraciət etmək istəyirsinizsə, əminəm ki, daha aşağı ödəniş müəyyən edən operatorun xidmətini seçərsiz. Bu gün bizim alternativimiz var. Vətəndaş olaraq siz seçim imkanına malik olmalısınız”.
Dövlət qurumunun bu sahəyə faktiki yersiz müdaxiləsi isə bu sahədə kölgə iqtisadiyyatı meyllərini artıracaq. Taksi sürücüsü müştəri ilə sadə razılaşma yolunu seçərək qeyri-qanuni müstəvidə fəaliyyət göstərəcək. Son illər əldə olunan şəffaflıq da beləcə kölgədə qalacaq. İqtisadçılar bu fikirdədirlər.
Elşad Məmmədov – İqtisadçı: "Dövlət qurumunun müdaxiləsinin iqtisadi effekti olmayacaq, çünki bu xidmətlərdən istifadə edən əhalinin sayı azalacaq. Sırf fiskal yığım baxımından dövlət büdcəsinə vəsaitlərin daxil olması baxımından müsbət nəticəsi olmayacaq. Həm də xeyli sayda iş yerlərinin məhdudlaşdırılmasına gətirib çıxaracaq, sosial nöqteyi nəzərdən də heç bir effekti olmayacaq”.
Araşdırmalar göstərir ki, taksi fəaliyyətində həll olunası daha ciddi problemlər var. Xidmətin keyfiyyətindən tutmuş fəaliyyətin qanuni əsaslarına qədər. Digər tərəfdən illərdir ictimai nəqliyyat sistemində belə vahid dispeçer mərkəzi yarada bilməyən bir qurum nədənsə taksi fəaliyyətinin vahid əldə cəmləşməsinə meyl göstərir. Bu isə, kiçik və orta sahibkarların bostanına daş atmaqdan, vətəndaşın cibinə girməkdən başqa bir şey deyil.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər