Xəbər lenti

Elçin Aslanov yolda yıxılıb öldü, Rəssamlar İttifaqı divar löhvəsində məlumat yaydı
Sənət 15:34 14.03.2018

Elçin Aslanov yolda yıxılıb öldü, Rəssamlar İttifaqı divar löhvəsində məlumat yaydı

Azərbaycanın əməkdar rəssamı Elçin Aslanov martın 3-də dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. Uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir. Elçin Aslanov 1982-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinə rəhbərlik edib. 2002-ci ildə əməkdar rəssam fəxri adına layiq görülüb.

Təəssüf ki, Azərbaycan Rəssamlar İttifaqının məsələyə laqeyd yanaşması nəticəsində əməkdar rəssamımızın dünyasını dəyişməsi barədə məlumat yalnız bu gün yayılıb. Çünki, qurumdan bu barədə heç bir mətbu orqana informasiya verilməyib.

Məsələ ilə bağlı Rəssamlar İttifaqı ilə əlaqə saxladıq. Qurum rəsmisi Ofeliya İmanova Qaynarinfo-ya açıqlamasında Elçin Aslanovun ölümü ilə bağlı Rəssamlar İttifaqının binasındakı məlumat guşəsində informasiya yerləşdirdiklərini bildirdi:
 
"O, tək yaşayırdı. Bizdə də nə özünün, nə də qızının əlaqə nömrəsi yox idi. Küçədə təsadüfən yıxılaraq dünyasını dəyişib. Sonradan qızı bizə bu haqda məlumat verib".
 
Elçin Aslanov dünyasını dəyişdikdən sonra ailəsi bu haqda qurumu məlumatlandırılıbsa, nə üçün dövlətin hər il xeyli vəsait ayırdığı Rəssamlar İttifaqı öz işinə laqeyd münasibət göstərərək, bu barədə heç bir mətbu orqana məlumat ötürməyib?!
 
Yoxsa, həqiqətən Ofeliya xanımın dediyi kimi Rəssamlar İttifaqı bu barədə məlumat guşəsinə qeyd yapışdırmaqla öz vəzifəsini layiqincə yerinə yetirib?!

Qurumun necə çalışdığını öyrənmək üçün ətraflı araşdırma aparmağa ehtiyac yoxdur. Rəssamlar İttifaqının rəsmi saytına (ressam.az) daxil olanda, bu, bizdə onsuz da "ətraflı fikir" formalaşdırmış olur. Belə ki, qurumun saytı demək olar işləmir. Rəssamlar, tənqidçilər və digər bölmələrin heç birində məlumat yoxdur, olanlar da 4-5 il öncəyə aiddir.

 
Qeyd edək ki, mərhum rəssamın dünyasını dəyişməsi ilə bağlı məlumatı sosial şəbəkədə filosof Rəhman Bədəlov yayıb:
 
Rəhman Bədəlov
 
"Gec bilmişəm, nə sosial şəbəkədə, nə başqa internet saytlarında xəbərə rast gəlməmişəm. Təəssüf və acılıq hissi bürüyür məni. Demişəm, təkrar deyim, bəzi mədəniyyət xadimlərimizin adı dilimizdən düşmür, tərifləyəndə də, söyəndə də, o birilərini tanımaq da istəmirik. Mədəniyyətimizə "naməlum torpaq” desək yanılmarıq.
 
Elçin Aslanov mədəniyyətimizdə parlaq işlər görüb. Bizim teatrda mərhələ olan "Hamlet” və "Ölülər” tamaşaların (T. Kazımovun quruluşu) rəssamı idi. Əslində rəssam yox, ssenoqraf idi, demək olar ki bizim ssenoqrafiya tariximiz məhz E.Aslanovdan başlayır. Bu mənada ssenoqraf rejissyorla bərabər tamaşanın müəllifi sayıla bilər.

E. Aslanov gözəl qrafik idi. Onun "Kitabı Dədə Qorquda” həsr olmuş kompozisiyaları indi də yadımdadı. Onlar adi illyustrasiyalar deyildi, məhz "Kitabi Dədə Qorqudun” bilicisi və müasir təsvirin dilinə bələd olan rəssamın sərbəst işləri idi. Təəssüf (görünür, yazımın hacar sözü olacaq) E.A. özü etiraf etmişdi ki o kompozisiyalar artıq itib.

Rəssamlıqla bərabər E. Asalanov parlaq araşdırıcı idi. Onun bizim orta əsrlər miniatürlərimiz haqqında gözəl çıxışları yadımdadı (yazıları da olmalıdı). O boş epitetlərdən qacıb, məhz miniatürlərimizin kodunu, rəmzlər dilini açmağa çalışırdı.

E.Aslanov "El-oba oyunları” antoloqiyanın müəllifidir. Kitab məni valeh etmişdi, hətta qəzetlərin birində resenziya çap etmişdim. Sonralar E.A. "Azərbaycan toyu” kitabını yazmışdı. Kitab bizim ənənəvi toy mərasimlərimizi xırdalıqlarına qədər təsvir etmişdi. Təəssüf o kitab geniş yayılmadı və indiyəcən toy mərasimlərimizin ifratlığının şahidi oluruq.

Son illər E. A. bir tərəfdən bəzi nağıllarımızı araşdırırdı və bir neçə kitab çap eləmişdi. O biri tərəfdən kompyuterin imkanlarından istifadə eədərək müxtəlif rəngli kompozisiyalar yaradırdı.

Əminəm ki, onun geniş sərgisi təşkil edilsə: şəkilləri, kitabları, yazıları, rəngli kompozisiyaları və s. E. A. nəhəngliyi dərhal bilinəcək. 
İstəyərdim elə burada E. A. qardaşını, Elxan Azlanovu yada salım. O gənc olaraq həyatını dəyişdi və ölümündən sonra onun sərgisi (o heykəltaraş idi, metalla işləyirdi) hamını valeh etdi, halbuki onu da az tanıyırlar.

Axırda onu deyim ki, istəyərdim ki kommentlərdə ənənəvi, bir çox hallarda formal klişelərdən əl cəkəq. Rəhmət dilləməkdənsə kimsə iş görsün. Mədəniyyətin yaddaşı da su kimi "diri” və "ölü” olur.

Təəssüf ki, inamım azdı..."
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->