"Bu sistem dünyanın bir çox ölkələrində 10-15 ildir var. Mahiyyəti ondan ibarətdir ki, avtomobil alqı-satqısı zamanı hansısa dövlət orqanına getməyə ehtiyac qalmır".
Bu sözləri Qaynarinfo-ya nəqliyat eksperti Ərşad Hüseynov elektron avtomobil alqı-satqı müqaviləsi xidməti haqqında danışarkən bildirib.
O, şərhində dünyada istifadə olunan bu sistem ilə Azərbaycanda tətbiq olunan sistemi müqayisə edib: "Elektron avtomobil alqı-satqı müqaviləsi xidmətinin sxemi təxmini belədir ki, avtomobili bəyənən və satan tərəf dövlət qeydiyyat orqanına sifariş verir ki, "mən aldım, mən satdım" və elektron imza üsulları ilə təsdiq edirlər. Dövlət orqanı da yeni sahibin adına qeydiyyat şəhadətnaməsi hazırlayır və müqavilələr təsdiq olunur. Sonda sənəd ya poçt vasitəsi ilə yollanılır, ya da vaxtı olan özü gedib götürür. Müsbət cəhəti ondan ibarətdir ki, vətəndaş evindən, ofisindən çıxmadan avtomobil alıb-satır. Hazırda Azərbaycanda olan sistem isə belədir: avtomobili götürüb gedirsən dövlət orqanına ki, orada baxıb yoxlasınlar, satmaq üçün hansısa məhdudiyyət olub-olmamasını dəqiqləşdirsinlər. Artıq ondan sonra alqı-satqı edilir. Ancaq dünyanın artıq bir çox ölkələrində belə şeylər yoxdur. Dövlət tərəfindən texniki baxış var, amma alqı-satqı zamanı maşına baxmağa yoxlamağ ehtiyac qalmır".
Ərşad Hüseynovun fikrincə, bu sistemin Azərbaycanda tədbiqi qarşıdakı 2-3 ildə gözlənilmir: "Dünya dəyişir, nə vaxtsa bizdə də belə şeylərə ehtiyac olacaq. Və hətta son 3-4 ildə prezidentin fərmanlarında qeyd olunub ki, nəqliyyat vasitələrinin alqı-satqısı şəffaflaşdırılsın. Həmin fərmanlar icra olunsa, ən yaxşı təcrübələr götürülsə, yaxın zamanlarda bizdə də ola bilər. Amma düşünmürəm ki, yaxın 2-3 ildə bu sistem Azərbaycanda ola".
Məsələyə münasibət bildirən yol-nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə qeyd edib ki, elektron sistem tədbiq etmək olar, ancaq qanunlara da baxmaq lazımdır: "Məsələn, bizdə alqı-satqı qeydiyyat və təkrar-qeydiyyat prosesi deməkdir. Bu proses zamanı avtomobilin əyləc sistemi və sükan idarəetmə mexanizmi saz vəziyyətdə olmalıdır, avtomobilin cərmələri ödənilməlidir, hər hansısa həbs məsələsi varsa, öz həllini tapmalıdır, mübahisə predmeti olmamalıdır. Məsələn, maşının üzərində həbs varsa, proses elektron olaraq keçə bilməyəcək. Rusiya təxminən bu formada hazırlayıb. Bunları başa düşdük. Amma sükan idarəetmə sistemini necə yoxlayacaq? Ola bilsin ki, Rusiyanın qanunvericiliyində bu yoxdur. Ki, əyləc idarəetmə və sükan idarəetmə sisteminə baxmırlar. Ancaq bizdə baxırlar.
Gələcəkdə bu sistemi bizdə də yaratmaq olar. Muasir texnologiyanın inkişafı onun göstərir ki, biz də inkişafla ayaqlaşmalıyıq, yeniliklər edilməlidir. Etibarnaməni elektronlaşdırıblar, mobil tədbiq yükləyib etibarnamə məsələsini həll etmək mümkündür. Əslində bizim yol hərəkəti haqqında qanunda bir çox məsələlərin onlayn qaydada həlledilməsi var. Məsələn, imtahana onlayn qaydada yazılmaq, avtomobilin qeydiyyatı ilə bağlı onlayn növbə götürmək, dövlət qeydiyyat nişanlarının onlayn qaydada internet üzərindən satışı kimi qaydalar var. Ki, bunları yol polisi təşkil etməlidir. Yəni, qanunda öz əksini tapanlar var, sadəcə onun icra mexanizminə baxmaq lazımdır. Yazılanlar icra olunsun ki, başqa yenilikləri də tədbiq etmək mümkün olsun. Hələlik onlayn qaydada edilən ən yeni variant texniki baxışla bağlıdır. Gələcəkdə bu qeydiyyat məsələsi də olsa, yaxşı olar. Həm neqativ hallar aradan qalxmış olar, həm də vaxt itkisi baş verməz".
Qeyd edək ki, artıq qonşu ölkə Rusiyanın Rabitə Nazirliyi və Daxili İşlər Nazirliyi ictimai xidmətlər portalının istifadəçilərinə elektron qaydada avtomobil alqı-satqı müqaviləsi tərtib etməyə imkan verəcək yeni pulsuz xidmət hazırlayır. Qaydaya əsasən, satıcı, alıcı və nəqliyyat vasitəsi haqda məlumatlar avtomatik olaraq doldurulacaq və sənədi şəxsi hesab vasitəsilə sadə bir elektron imza ilə təsdiqləmək mümkün olacaq. Beləliklə, müqavilə əsasında nəqliyyat vasitəsinin yeni sahibi tərəfindən qeydiyyata alınması və əvvəlcədən qeydiyyata xitam verilməsi üçün ərizələrin layihələri avtomatik olaraq yaradılacaq. Xidmətin 2020-ci ildə istifadəyə veriləcəyi, ilk mərhələdə yalnız fiziki şəxslərin istifadəsinə veriləcəyi qeyd olunur.
Röya Kərimli
Şərhlər