Milan Politexnik Universitetinin professoru Pier Corcio Riqetti bir qrup beynəlxalq alimlə birlikdə Leonardo da Vinçinin və onun sənət məktəbinin yaradıcılıq üslubunun növbəti sirrini üzə çıxarmağa nail olub.
Qaynarinfo bildirir ki, bu barədə Rəqəmsal Arxeologiya və Mədəni İrs elmi nəşri (Digital Archeology and Cultural Heritage) məlumat verib.
Layihə iştirakçılarından biri Qleb Zilberşteynin dediyinə görə, Madonna və körpəsi İsa rəsmləri Avropaya ərəb və fars ənənələrindən gələn elementlərin dairə şəklində düzülüşünə əsaslanır. Belə bir radial tənzimləmə yalnız Da Vinçinin əsərləri üçün deyil, həm də bütün Renesans dövrü üçün xarakterik olub.
"Rəqəmsal texnologiyaların köməyi ilə qədim zamanlardan İntibah dövrünə qədər elementlərin radial düzülüşü texnikasını təhlil etdik və bunun "da Vinçi möhürünün” Leonardo məktəbinin əsərləri üçün bir növ şablon olduğunu söyləmək olar, yəni bir növ 'Da Vinçi kodu”, - deyə Zilberşteyn TASS-a verdiyi müsahibədə qeyd edib.
Daha əvvəl Neapolda da Vinçinin tələbəsinin oğurlanmış bir rəsm əsəri tapılıb. Ustanın tələbələrindən biri tərəfindən çəkildiyi iddia edilən Leonardo da Vinçinin "Dünyanın Xilaskarı" adlı məşhur rəsminin bir surəti San Domeniko Macore Bazilikasından izsiz-soraqsız itib. Onu Neapolda ən adi mənzillərdən birində tapıblar.
Alpər
Şərhlər