İdman 28.01.2022

Elmar Baxşıyev: “Qəbələ”də futbolçularda bu barədə problem olmur”

"Qəbələ” təlim-məşq toplanışını Antalyada keçirdi. Mövsümün qalan hissəsinə qardaş ölkədə hazırlaşan Elmar Baxşıyevin komandası artıq vətənə dönüb. Mütəxəssis hazırlıqla bağlı fikirlərini bölüşüb.

Veteran fubolçu Qaynarinfo-ya açıqlamasında deyib:

"Planda nə fikirləşmişdiksə, elə onu da təlim-məşq toplanışında gördük. Komanda çalışıdı ki, verdiyimiz tapşırıqları yerinə yetirsin. Fikir verdinizsə, daha çox oyun keçirməyə üstünlük verdik. Məhz oyunlarla fiziki durumu yaxşılaşdırmaq fikrindəydik”.

Baxşıyev komandanın ümumi durumu haqda danışarkən hər şeyin plan üzrə getdiyini bildirib: 

"Ümumi götürsək, hər şey plan üzrə gedir. Desəm ki, komanda 100 faiz hazırdı, belə deyil. Oyunlar keçirdik ki, nöqsanları görək. İnanıram ki, getdikcə komanda şəklində nöqsanları aradan qaldıracağıq”.

Qış fasiləsində "Qəbələ” heyətinə cəmi bir əcnəbi futbolçu qatdı. Patrik Robson de Souza Monteyro bölgə təmsilçisi ilə müqavilə bağlar-bağlamaz koronavirusa yoluxdu. Bu üzdən komandaya gec qoşulmaq məcburiyyətində qaldı. Bunlardan əlavə komandanın aparıcı üzvlərindən olan Ürfan Abbasov zədə səbəbindən bərpa prosesini Azərbaycanda keçməli oldu. Baş məşqçi onların da durumunu dəyərləndirdi:

"Onun komandaya daha tez qoşulmasını istəyərdik. Koronavirusa yoluxdu, bununla yanaşı uçuşla bağlı problem yarandığından vaxtında qoşula bilmədi. İnanıram ki, kollektiv onun daha tez uyğunlaşmasına kömək edəcək. Ürfan Bakıda qalmışdı. Bərpa prosesini məhz burda keçirdi. Durumu yaxşılığa doğru gedir. Yaxın həftələrdə komanda ilə birlikdə məşqlərə qoşulmaq ehtimalı böyükdür. Təcrübəli, rejiminə diqqət verən futbolçudur. Təki sağlamlığı qaydasında olsun. Düşünürəm ki, komanda ilə birlikdə toplanış keçməməsi ona mənfi təsir etməyəcək. Rüfət Əhmədov Türkiyədə bizimlə idi. Reabilitasiya dönəmini keçdiyindən onu özümüzlə aparmışdıq”.

Premyer Liqadan əvvəl "Qəbələ” kubok matçına çıxacaq. Oyun baxımından hər hansı yenilik gözlənlirmi:

"Müəyyən oyun üslubları vardı ki, təlim-məşq toplanışı zamanı onun üzərində dayanırdıq. Onsuz da hamı görür və bilir ki, komanda hücumda oynamağa çalışır. Düşünürəm ki, getdikcə hücum fazasında oyunumuza daha da rəngarənglik qata bilərik. 

"Qəbələ” üçün bir transfer kifayət edəcəkmi” sualına Baxşıyev belə cavab verdi:

"Ümumi götürəndə reallığa əsasən danışmaq lazımdır. Büdcəni aşmamaq şərtilə transferləri reallaşdırırıq. Büdcəmizin imkan verdiyi qədər istifadə edirik. Uyğunlaşma məsələsinə gəlincə, "Qəbələ”də futbolçularda bu barədə problem olmur. Tez bir zamanda futbolçuya həm klub, həm də məşqçilər tərəfindən özgüvən verilir. Düşünürəm ki, qısa zamanda Patrik komandaya uyğunlaşıb fayda verəcək. Əslində, Ürfan zədələnəndən sonra yeni transferə ehtiyac olduğunu düşünürdük. Yerli futbolçu almağı fikirləşirdik. Şükürlər olsun, Ürfanın qayıtmaq ehtimalı daha çoxdur. Hələ ki, gündəmdə yeni transfer etmək məsələsi yoxdur”.

Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?