Xəbər lenti

Elmar Məmmədyarov:
Siyasət 16:06 05.08.2023

Elmar Məmmədyarov: "Bəzi nazirlərlə dərdləşib, söhbət edirəm, ən çox isə…" (MÜSAHİBƏ)

Azərbaycanının sabiq xarici işlər naziri Elmar Məmmədyarov bölgədə və dünyada baş verən proseslərlə bağlı Qaynarinfo-ya geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Elmar müəllim, Ermənistanın "humanitar yük” adı ilə öz avtomobillərini Azərbaycan ərazilərinə icazəsiz göndərməsi ətrafında böyük ajiotaj yaradılıb. Bakının qanuni tələbləri bəzi siyasi güc mərkəzlərində qıcıq doğurub. Nə baş verir?

- Ermənistan hakimiyyəti yenə də havadarlarına arxalanır və və Azərbaycana qarşı təxribatlara əl atır. Rəsmi Bakının çağırışlarına baxmayaraq, bir həftədən artıqdır ki, Laçın sərhəd buraxılış məntəqəsində erməni təxribatı davam edir. Qarabağ iqtisadi zonasında yaşayan etnik ermənilərə "humanitar yük” adı ilə nələrin daşındığını Bakı bilməlidir. Lakin ermənilər bizim haqlı tələblərimizə əhəmiyyət vermirlər. Avtomobil karvanı hələ də keçid məntəqəsində dayanıb və onların sayı artırılmaqdadır. Azərbaycan humanitar yüklərin daşınmasına qarşı deyil. Bakı təklif edir ki, yüklər Ağdam-Xankəndi yolundan istifadə etməklə daşınsın. Amma Ermənistan israrla Laçın sərhəd buraxılış məntəqəsi vasitəsilə hərəkət etmək istəyir. Onların arzuları ürəklərində qalacaq. Əgər sözügedən TIR-larla daşınanlar gerçəkdən də humanitar yükdürsə, niyə onlara təklif olunan yoldan keçmirlər? Bunun həqiqətən humanitar yük olub-olmaması özü belə dəqiq deyil. İran, Rusiya, Gürcüstanla sərhəd gömrük keçid məntəqələrimizdə olduğu kimi, Ermənistanla da sərhəddə eyni qaydaları tətbiq etməliyik. Ermənistan humanitar yükləri ölkəmizə keçirmək istəyirsə, qanunvericiliyimizə uyğun olaraq, dövlət rüsumunu ödəməklə, bunu edə bilər. Sözügedən TIR-lara da baxış keçirilməli, daha doğrusu, yoxlanılmalıdır. Əgər orada başqa məqsədlər üçün daşınan yük yoxdursa, bunu təklif etdiyimiz yol ilə də daşıya bilərlər. Ermənistanla Azərbaycan arasında gömrük sərhəd keçid məntəqələri ilə yanaşı, dövlət sərhədinin buraxılış məntəqələri də olmalıdır. Ölkəmizə keçirilən mallar üzərində fitosanitar nəzarəti tətbiq olunmalıdır. Ermənistan höküməti bunu qəbul edərsə, Azərbaycanın suverenliyini tam şəkildə qəbul etdiyini nümayiş etdirmiş olar. Bu da siyasi baxımdan dövlətlər arasında müsbət bir hal kimi dəyərləndirilərdi.

"Məndə olan məlumata görə, Qarabağda yaşayan ermənilərin hansısa bir formada təhlükəsizliyi və hüquqlarının qorunması üzərində işlər gedir"

- Bəs nəyə görə bəzi beynəlxalq təşkilatlar sözügedən yükləri buraxmağa çağırırlar?

- Beynəlxalq təşkilatların bu məsələdə də Ermənistanı müdafiə etməyə haqqı yoxdur. Çünki Azərbaycanın ərazi bütövlüyünü BMT tanıyıb. Bu bütövlüyü sözügedən təşkilatda təmsil olunan ölkələrinin hər biri tanıyır. Onların hay-küylü çağırışları yanlış yanaşmadır. Biz humanitar yüklərin daşınmasına qarşı deyilik. Bunun qanunlar çərçivəsində olmasını tələb edirik.



- Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib ki, Bakı və İrəvandan sülhə tez bir zamanda nail olması barədə gələn siqnallar o demək deyil ki, tərəflər istənilən şərtə razı olmağa hazırdırlar. Bu bəyanat nəyə hesablanıb?

- Bu suala danışıqlarda iştirak edən adamlar cavab versələr daha yaxşı olar. Məncə, əsas məsələ Qarabağda yaşayan ermənilərlə bağlıdır. Onların hüquqları və təhlükəsizlikləri ilə bağlı məsələlərdır. Məndə olan məlumata görə, Qarabağda yaşayan ermənilərin hansısa bir formada təhlükəsizliyi və hüquqlarının qorunması üzərində işlər gedir. Cənab Prezident Şuşada "Euronews”a verdiyi müsahibədə onların bu məsələ ilə bağlı təklif və çağırışlarına yenidən cavab verib. Prezident bildirdi ki, digər xalqlar olduğu kimi, ermənilər də Azərbaycan vətəndaşlığını qəbul edib, dövlətimizin qanunvericiliyinə uyğun addımlar atsalar, onlar bütün hüquqlardan yararlana biləcəklər. Əks halda bu, mümkün deyil. 

- Rusiya ermənilərin "TIR təxribatı”na susqunluq nümayiş etdirir. Kreml bununla nə demək istəyir?

- Bu da ölkəmizə təzyiq vasitəsidir. Kreml Azərbaycana təzyiq edir ki, TIR-ı Laçın yolundan Xankədiyə buraxaq. Humanitar məsələlərin gündəmə gətirilməsi bir bəhanədir. Azərbaycan dəfələrlə cavab verib ki, Ağdam-Xankəndi yolu açıqdır. Digər tərəfdən, rüsum məsələləsini də gündəmə gətirmək vacibdir. Ermənistan gətirdiyi yüklərin gömrük rüsumunu da ödəməlidir. 

"Onlar dövlət səviyyəsində məsuliyət daşımırlar, kim seçki kampaniyasına pul buraxırsa, onların dedikləri ilə oturub-dururlar" 

- Fransalı senatorlar da ölkəmizə qarşı çağırışlar edirlər...

- Fransada senatorların hər biri seçicilərindən asılıdır. Orada da çoxsaylı ermənilər yaşayır və həm də ciddi maddi imkanlara malikdirlər. Onlar nə deyirsə, senatorlar da onların dedikləri ilə razılaşır. Amma onlar dövlət səviyyəsində məsuliyət daşımırlar. Ona görə də kim seçki kampaniyasına pul buraxırsa, senatorlar da onların dedikləri ilə oturub-dururlar. 

- Yeri gəlmişkən, Prezident Qarabağ ermənilərinə müraciətindən sonra 100-dən çox Qarabağ ermənisinin Azərbaycan vətəndaşlığını almaq üçün müraciət etməsi barədə da xəbərlər yayılıb...

- Gec-tez Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Bunu başa düşən ermənilər bu addımı bu gün atır. Bu, müsbət haldır və onlar ölkəmizin qanunlarına uyğun olaraq hər bir şeylə təmin olunacaqlar.



- Elmar müəllim, bu il Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalana bilərmi?

- İnanmıram. Hələ problemlərin hamısı həll edilməyib. Azərbaycan sülh sazişini imzalamaq istəyir, lakin ermənilər buna hələ də hazır deyil. Baxmayaraq ki, işğalçı, dağıdıcı və yırtıcı siyasəti onlar aparıblar. Azərbaycan da istənilən təklif əsasında sülh sazişinin bağlanmasına tələsməməlidir. Onsuz da Azərbaycan Ermənistanla müqayisədə siyasi, iqtisadi və hərbi baxımından qat-qat güclüdür. Hazırda bu regionda söz sahibi bizik, onlar deyil. 2020-ci ildə 44 gün davam edən və Azərbaycanın tarixi zəfəri ilə başa çatan II Qarabağ müharibəsindən qısa müddət sonra rəsmi Bakı 30 illik işğala baxmayaraq, iki ölkə arasında ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin qarşılıqlı tanınmasına dair baza prinsipləri və sülh müqaviləsi təklifi ilə çıxış edib. İndi sülh sazişinin bağlanmasına onlar tələsməlidir. Çünki bu, onların milli maraqlarına da uyğun olardı.

"Mən nə bilim onun taleyi necə olacaq?.. Araik olmasın, Sarkis olsun. Fərqi yoxdur, Azərbaycan ərazisində təxribat törədən hər bir şəxs layiqli cəzasını alacaq" 

- Qarabağda yerləşən Rusiya sülhməramlılarının orada qalmaq müddəti bitdikdən sonra nə baş verə bilər?

- O vaxta qədər kritik məsələlər daha çox ortaya çıxacaq. Hələ dəqiq bilinmir ki, sülhməramlıların orada qalmaq müddəti uzadılacaq, yoxsa yox. Hər halda ciddi danışıqlar gedəcək. Əminəm ki, rəsmi Bakı milli maraqlarımıza uyğun addımlar atacaq.

- Qarabağ separatçılarının lideri Araik Arutyunyan sülh prosesinə mane olanlardan biridir. Onun və revanş arzusunda olanların sonu necə olacaq?

- Bu suala bir qədər ironik cavab vermək istərdim - mən nə bilim onun taleyi necə olacaq?.. Araik olmasın, Sarkis olsun. Fərqi yoxdur, Azərbaycan ərazisində təxribat törədən hər bir şəxs layiqli cəzasını alacaq. Düzdür, Azərbaycana təzyiqlər gündən-günə artacaq. Bu da başa düşüləndir. Amma bütün təzyiqlərə baxmayaraq, Azərbaycan işğal olunan bütün ərazilərdə öz suverenliyini bərpa edə biləcək. Yalnız bundan sonra Araikin, Sarksin, Mkrtıçın taleyi bəlli olacaq...



- Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan və bir neçə gün əvvəl Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyanın azad olunması üçün bəzi çağırışlar edilir...

- Vaqif tək deyil. Hələ Rəşid də var. Ermənistan vətəndaşı olan, 1962-ci təvəllüdlü Begleryan Rəşid Aramayis də Zabux kəndi ərazisindən keçən dövlət sərhədini pozduğuna görə saxlanılıb. Vaqifin də, Rəşidin də saxlanılması beynəlxalq hüquq-normalarına uyğun həyata keçirilib. Azərbaycanın qanunlarını pozan heç kəs cəzasız qalmayacaq. Hamısı cəzasını alacaq. Əlbəttə, cəza qanunvericilik əsasında olacaq.
 
- ABŞ bövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə tez-tez zəng edir. Vaşinqtonun ölkəmizə marağı artıb?

- ABŞ dövlət katibi Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasını istəyir. Burada bir çox geopolitik məsələlər də var. Amerikanlar hiss edirlər ki, Cənubi Qafqazda mühit dəyişilib. Bu gün Türkiyənin mövqeyi Cənubi Qafqazda güclənib. Hazırda Ukraynada müharibə davam edir. Kreml bəyan edir ki, "Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırır”. Bu məsələdə Cənubi Qafqazda sülhün olması vacibdir. Bunu daha geniş təhlil etmək lazımdır. Yalnız Ermənistan və Azərbaycan deyil, bölgə ölkələrinin hamısının maraqlarını nəzərə almaq, sonra təhlillə çıxış etmək lazımdır.

- Xarici işlər naziri vəzifəsindən getməyinizin 3 ili tamam oldu. XİN rəhbəri vəzifəsindən getdikdən sonra köhnə həmkarlarınızla danışırsınızmı?

- Bəli, danışıram. Amma ad çəkmək istəmirəm. Bəzi sabiq və hazırda vəzifədə olan nazirlərlə danışır, dərdləşib, söhbət edirik. Hazırda isə daha çox jurnalistlərlə danışıram. Telefonla əlaqə saxladığım şəxslər arasında Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu da var.  

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->