Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən "Italiana Petroli” (IP) şirkətinin səhmlərinin 99,82 faizinin "API Holding”dən alınması prosesi tamamlanıb.
SOCAR-dan verilən məlumata görə, sövdələşmə bütün zəruri tənzimləyici təsdiqlər alındıqdan sonra yekunlaşdırılıb.
SOCAR Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə İtaliyaya xam neftin əsas təchizatçılarından biridir, eyni zamanda Cənub Qaz Dəhlizi vasitəsilə bu ölkəyə təbii qaz tədarükünün şaxələndirilməsinə töhfə verir. Bu baxımdan, sövdələşmə dəyişən bazar şərtləri və dayanıqlılıq prioritetlərinə uyğun olaraq SOCAR-ın inteqrə olunmuş və davamlı beynəlxalq fəaliyyətinin daha da genişləndirilməsi strategiyasına xidmət edir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, SOCAR-ın İtaliyadakı yanaşması davamlılıq, əməliyyat sabitliyi və uzunmüddətli inkişaf prinsiplərinə əsaslanır.
Qurumdan bildirilib ki, SOCAR IP-nin bazardakı güclü mövqeyinin, brend nüfuzunun və əməliyyat imkanlarının qorunub saxlanılmasına və daha da təkmilləşdirilməsi prinsipinə sadiqdir. Eyni zamanda şirkət əməkdaşların peşəkarlığının və təcrübəsinin dəstəklənməsini, müştərilər və tərəfdaşlar üçün fasiləsiz fəaliyyətin təmin olunmasını prioritet istiqamət kimi müəyyən edib.
Qeyd edək ki, 90 ildən artıq tarixə malik "IP Qrup” iki neft emalı zavodu, saxlama obyektləri və ölkə üzrə geniş pərakəndə satış şəbəkəsini əhatə edən inteqrə olunmuş sənaye logistika sistemi əsasında fəaliyyət göstərir.
Şərhlər