"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib, siz artıq bu bəyanatla tanışsınız”.
Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.
Azərbaycan XİN başçısı ATƏT regiondakı münaqişənin həllinin vacibliyini vurğulayan bütün nümayəndələrə təşəkkür edib.
"Bizim yaydığımız bəyanat mənim ölkəmin mövqeyini əks etdirir. Düşünürəm ki, mənim ölkəmin mövqeyi dəyişməyib, eynidir. Erməni həmkarımın çıxışından sonra işim daha asandır. Erməni həmkarıma məsləhətim budur ki, o, Helsinki Yekun Aktını bir daha oxusun”, - deyə E. Məmmədyarov vurğulayıb.
Xatırladaq ki. Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə edilməsini qadağan edib. Sənədə görə gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır. Bu məqsədlə Helskin Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə, bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndi isə öz müqəddəratını təyinetmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib.
Şərhlər