Foto 10:42 23.09.2021

Emin Əmrullayev Gəncə Dövlət Universitetinin Yataqxana Kompleksinin açılışında iştirak etdi (FOTOLAR)

Gəncə Dövlət Universitetinin Yataqxana Kompleksi 1967-ci ildə ilk dəfə tikilib istifadəyə verilib. 1993-cü ildə burada Kəlbəcər rayonundan olan 150 ailə məskunlaşdırılıb. 2014-cü ildə köçkünlər Gəncə şəhəri ətrafında salınan qəsəbəyə köçürülüb. 2018-ci ildə Yataqxana Kompleksinin əsaslı təmir edilməsi üçün vəsait ayrılıb, 2020-ci ildə Yataqxana Kompleksində təmir tikinti işləri tamamlanıb. Ərazinin ümumi sahəsi 11450 kv. metr-dir.

Yataqxana Kompleksində 744 nəfər tələbə qala bilər. Kompleksdə 4 qonaq otağı  da mövcuddur. Yataqxana Kompleksi yüksək sürətli internet, fasiləsiz elektrik  enerjisi (generator) və daimi isti-soyuq su ilə təmin olunmuş, müasir isitmə  sistemi qurulub. Kompleksdə 3 yaşayış binası, 400 tələbənin eyni anda istifadə edə biləcəyi Yeməkxana Kompleksi, basketbol meydançası, fantan, yaşıl zona və istirahət zonası mövcuddur. Hər bir mərtəbədə yaşayış otaqları, mətbəx, sanitar  qovşaq, istirahət  otağı, akt zalı yerləşir. Binaların I mərtəbəsində camaşırxana da mövcuddur. Kompleksdə 95 ədəd təhlükəsizlik kamerası quraşdırılıb. Korpuslardan birində (A korpusunda) universitetin əsaslı kitabxanası yerləşir.

Təhsil naziri  Emin Əmrullayevi Yataqxana Kompleksinin qarşısında rektor Yusif  Yusibov qarşılayıb. Açılışda Təhsil naziri Emin Əmrullayev, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev və digər rəsmi şəxslər iştirak edib. Görüş zamanı rektor müasir və gözəl arxitekturaya malik yataqxana binasını tələbələrə hədiyyə etdiyi üçün dövlət başçısına professor-müəllim heyəti və tələbə kontingenti adından minnətdarlığını  bildirərək, kompleks haqqında ümumi məlumat verdikdən sonra A korpusunda  yerləşən infrastruktur ilə yaxından tanış olmaq üçün binaya və ilkin olaraq universitetin əsaslı kitabxanasına, binada yerləşən yaşayış otaqlarına, akt zalına, istirahət otağına, camaşırxanaya, nəzarət otağına, mətbəxə baxış keçirilib. Daha sonra B korpusunda yerləşən infrastruktur ilə yaxından tanış olduqdan sonra Yeməkxana Kompleksi ilə tanışlıq baş tutub.

Sonda kompleksin həyətində yerləşən istirahət meydançasında təhsil naziri və rektorun iştirakı ilə Gəncə şəhərindən olan yüksək ballı tələbələrlə görüş təşkil edilib. Səmimi şəraitdə keçirilən görüşdən sonra nazir yaradılmış bütün şərait üçün universitet rektoruna təşəkkür edərək, Yataqxana Kompleksinin gələcək fəaliyyətində uğurlar arzulayıb.