Ekonomiks 15:45 24.11.2020

Ərazilərimizin bərpası üçün alternativ maliyyə mənbələri... – İqtisadçılar təklif edir

İşğaldan azad olunmuş rayonlarımızın bərpası məsələsi aktuallaşır. Azərbaycan hökuməti bərpa işlərini hansı maliyyə mənbələri hesabına apacağını hələlik açıqlamayıb. Bununla belə cəmiyyətdə azad olunmuş yaşayış məskənlərinin bərpa edilməsi məsələsi müzakirə olunur. Əsasən Dövlət Neft Fondunun əsas maliyyə mənbəsi olacağı gözlənilir. İqtisadçılar isə alternativ mənbələrdən istifadə olunmasını təklif edir.

Qaynarinfo azad olunmuş bölgələrimizə nə qədər vəsait lazım olacağını və bunun hansı mənbələr hesabına maliyyələşdirilməsini iqtisadçı ekspertlərlə müzakirə edib.

İqtisadçı Toğrul Vəliyev hesab edir ki, işğal olunmuş ərazilərin bərpasına təqribən 30-35 milyard manat vəsait sərf olunacaq: 
 


Bununla bağlı hələ də dəqiq bir plan təqdim olunmadığına görə biz, adətən, hansısa müxtəlif layihələrə və ya proqnozlara istinad etməli oluruq. Əslində, əlimizdə real praktika da mövcuddur: Cocuq Mərcanlı.

Açıq mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Cocuq Mərcanlının ərazisinin minalardan təmizlənməsinə və bərpasına 25 milyon manata yaxın vəsait sərf olunub. 

Bu vəsaiti təxmini olaraq yaşayış məntəqələrinin sayına vursaq, ümumilikdə 20 milyard manata qədər vəsait alınacaq. Amma yaşayış məntəqələri müxtəlifdir. Misal üçün, Böyük Mərcanlının əhalisi, ən azı, 2 dəfə çoxdur. Ona görə, əhali nisbətində müqayisə etsək, bu, haradasa 35 milyard manat edir. Özəl şirkətlər tərəfindən keçiriləcək işləri də nəzərə almaq lazımdır. Hər yaşayış məntəqəsində, ən azı, 1 mağazanın olması və bu bölgəyə iri riteyl şirkətlərin gəlməsi artıq bir neçə min iş yeri deməkdir. Faktiki dövlət 150 min ailənin yox, onun, ən çoxu, 80-90%-nin işlə təminatı barədə düşünməli olacaq.  Odur ki, 35 milyardın bir hissəsi özəl sektorun payına düşəcək. Bu məbləğdə dövlətin payı 20-25 milyard, özəl sektorun payı isə 10-15 milyard manat təşkil edəcək”.

İqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, bərpa işlərinə və müvafiq infrastrukturun qurulmasına xarici şirkətlər və bankların cəlb olunması daha məqsədəuyğun olar:  
 


"Bu həm də şəffaflıq məsələlərinə müsbət təsir edər. Məsələn, deyək ki, Avropa Yenidənqurma İnkişaf Bankı, yaxud Asiya İnvestisiya İnfrastruktur Bankı, Asiya İnkişaf Bankı və s. Bunların infrastruktur sahəsində təcrübələri çoxdur. Bu iş həmin banklar vasitəsilə görüləcəksə, hesab edirəm ki, maliyyə, risklər və məsuliyyətlər də bölüşər, şəffaflıq artar. Təklif edərdim ki, işi birlikdə görsünlər. İndiki halda isə Azərbaycanda bu işi yüksək keyfiyyətdə, şəffaf görüləcəyini sanmıram. Həm də bu sahədə lazım olan avadanlıqların bizdə olmadığını düşünürəm”.

İqtisadçı ekpert Rövşən Ağayevin fikrincə Neft Fondundan əlavə ölkədaxili mənbələrdən də vəsait əldə etmək imkanları var: 
 


"Hər il dövlət büdcəsindən dövlət şirkətlərinə verilən 3-4 milyard manatı kəssinlər. Həmin şirkətlərin bir çoxunu dərhal özəlləşdirməyə və ya konsessiya əsasında xarici idarəetməyə versinlər. Həmçinin, qısa müddətli, ən azı 1.5-2 mlyard manat daxili, 1-2 milyard manat da xarici borclanmaya gedilə bilər, 1 il ərzində özəlləşdirmədən əldə etdiyi vəsaitlə o borcları bağlaya bilər. Məsələn, dövlət niyə "Azərcell”də dövlət payını 400 mln. avroya almalıdır? Mobil bazarda nə işi var dövlətin. Satışa çıxarsalar, yenə 700-800 milyon manata reallaşdıracaqlar. ”Aztelekom”, Bakı Telefon Rabitəsi kimi şirkətləri niyə saxlayırlar? Bütün postsovet məkanı rabitə sektorunu dövlətsizləşdirib. Həmçinin, dövlət büdcəsini invertarizasiya eləsələr, orda təkcə dövlət şirkətlərinə verilən dəstəkdən əlavə resurslar tapmaq olar”.

İqtisadçı Nazim Bəydəmirli isə hesab edir ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası məsələsində soyuqqanlı davranmalıyıq: 
 


"Azərbaycan hökuməti BMT səviyyəsində təşəbbüs qaldırmalıdır ki, donor ölkələr müəyyənləşdirilsin, Fond yaradılsın, Minsk üçlüyü də başda olmaqla erməni vandalizminə göz yuman ölkələr ianə etsinlər, ilkin olaraq Beynəlxalq qurumların iştirakı ilə infrastrukturun bərpasına başlanılsın. Yığılacaq vəsaitlər isə şəffaf xərclənməlidir. 30 ildir Qarabağ boyda dərdimiz var deyə-deyə qaçqın və məcburi köçkünlər adı ilə milyardlar mənimsənilib. Bu baxımdan şəffaflıq ön planda olmalıdır”.

Orxan Əhmədli