Xəbər lenti

Siyasət 13:34 16.02.2021

Erməni revanşizmi: o, yaxın perspektivdə realdırmı?..

Hüseynbala Səlimov

Əvvəlcə Paşinyanın qeyd-şərtsiz isteafasını tələb edir, hətta növbədənkənar parlament seçkilərinin əleyhinə çıxış edirdilər. Amma hazırki erməni müxalifətinin "sütun”larından biri, eks-prezident Robert Koçaryan Moskvaya baş çəkəndən sonra bəyan etdilər ki, seçkilərdə iştirak etməyə hazırdırlar. 

Fəqət indi rollar dəyişib, artıq Paşinyan belə deyir ki, ölkəsi növbədənkənar seçkilərə lüzum görmür. Odur ki, müxalifət Paşinyan hakimiyyətini "möhtəşəm” mitinqlə hədələyir və 20 fevralın müxalifətin mitinq taktikasında həlledici məqam olacağını bildirir.

Maraqlısı budur ki, hazırda hər iki siyasi cinah – hakimiyyət də, müxalifət də Moskvaya arxayındır. Bəli, demək olmaz ki, Kreml əhli Paşinyanın siyasi keçmişini tamam unudub, daha onu və ətrafını "sorosyata” adlandırmır. Yox, belə deyil, amma Moskva onun da fərqindidədir ki, Paşinyanın imzası Dağlıq Qarabağla bağlı iki mühüm razılaşmanın – noyabr və yanvar razılaşmalarının altındadır.

Qeyd edək ki, Kreml üçün bu, çox mühüm bir məqamdır. Məsələ bundadır ki, söhbət ilk olaraq Moskvanın sülhyaratma missiyasından gedir və bundan da öncə təxminən 27 ildən sonra Ruisaya nəhayət ki, öz sülhməramlılarını bölgədə yerləşdirməyə müvəffəq olub...

Amma bununla belə, hazırda erməni revanşizmindən çox danışılır və yazılır. Fəqət düşünürük ki, bu cür proqnozlar və mülahizələr üçün ciddi bir zəmin yoxdur, çünki bunun üçün ermənilərin nəinki hərbi və hərbi-texniki, hətta demoqrafik resursları yoxdur. P.Koçaryan və S.Sarqsyan belə hesab edirlər ki, Moskva ilə yenidən sıx təmaslar qurmaqla əvvəlki vəziyyəti bərpa etmək olar, çünki onların fikrincə, Ermənistanın ikinci Qarabağ müharibəsini uduzmasının səbəbi bu oldu ki, Rusiya İrəvanı onun "inqilabi şıltaqlıqlar”ına, xüsusən də ki, avro-ehtiraslarına, yeni bir geosiyasi sevdaya düşdüyünə görə cəzalandırdı.
Əlbəttə ki, Rusiyanın müvəqqəti neytrallığının kökündə nəyin dayandığını qəti demək çətindir. Amma Kremlin etiraz etməsi üçün bir tutarlı əsas və yaxud da zəmin yox idi; savaş Azərbaycan ərazisində gedir, Bakı BMT TŞ-nın 4 qətnaməsinə, xüsusən də Madrid və ya Kazan prinsiplərinə görə özünün işğal altında olan rayonlarını azad edirdi. 

Belə güman olunurdu ki, Moskva həqiqətən də problemin "ölü nöqtə”dən tərpənməsini, dalandan çıxmasını istəyirdi və bu səbəbdən də  öz "forpost”unun inqilab etməsinə və kriminal Dağlıq Qarabağ klanının hakimiyyətdən getməsinə mane olmadı, ən azı ona görə ki, işğal altında olan rayonların azad olunması bəzi məqamlarla şərtləndirilsə də, heç kim onların Azərbaycana aid olmasını, bu rayonların işğaldan azad olmasının zəruriliyini və yaxud da vacibliyini inkar etmirdi. Burada bir məqamı da qeyd etmək lazım gəlir. Son illərdə Bakı Moskva ilə çox anlaşıqlı münasibətlər qurmağa nail olub və daim Rusiyanın bölgədəki geosiyasi maraqlarını nəzərə alıb. Əlbəttə, həmçinin Ankara ilə Moskva arasındakı münasibətlərin də istiləşməsi də az rol oynamadı – Türkiyənin prezidenti demək olar ki, bütün görüşlərdə Dağlıq Qarabağ problemini qaldırmağa cəhd edirdi.

İndi "revanş” üçün ermənilərin bir yolu var: Moskvaya təzyiq etmək və bunun üçün Qərbə istiqamətlənmək. 

Amma bu halda da heç kim onun demoqrafik, sosial-iqtisadi və hərbi-texniki problemlərini həll etməyəcək və heç kim onun Dağlıq Qarabağdakı əvvəlki mövqelərini bərpa etməyəcəkdir – bəli, Paris və ya Vaşinqton "sərt bəyanat”larla çıxış edə bilər, amma TŞ–nın dörd qətnaməsi, o cümlədən də Madrid və Kazan prinsipləri onların iştirakı ilə formalaşıb. Paris və Vaşinqton nə edəcək? Durub bir ölkənin öz ərazisini başqa bir ölkənin qoşunlarından təmizləməsinə etiraz edəcəklərmi? Odur ki, onların da "sərt bəyanat”larının bir quruş qiyməti olmayacaq. 

Bəli, onlar üçün yeganə spekulyasiya predmeti oyuncaq Dağlıq Qarabağın "statusu” məsələsidir. Amma çətin ki, bundan da bir nəticə hasil olsun. 
Birincisi, noyabr və ya yanvar razılaşmalarında bu haqda heç nə deyilmir. İkincisi, burada söhbət uzağı Azərbaycan daxilində məhdud muxtariyyatdan gedə bilər, di gəl bu da real görünmür, çünki nəinki Azərbaycan rəsmiləri bunun əleyhinə çıxış edir, hətta rusiyalı siyasətçilər özləri də deyirlər ki, bu məsələ gündəmə gətirilməsə daha yaxşıdır, çünki on illər ərzində məhz bu status məsələsi problemi "ölü nöqtə”dən tərpənməyə qoymayıb. Üstəgəl, hazırda diqtə edən tərəf İrəvan yox, Bakıdır və bunun özü çox şey deyir.

Elə bu səbəbdən də yaxın perspektivdə "erməni revanşizmi” tamam cəfəngiyyatdır. Biz əvvəllər dəfələrlə yazımışdıq ki, Ermənistanın gücü onun Rusiya ilə geosiyasi ittifaqındadır. Amma ermənilər imkanlarını çox şişirtdilər, ən başlıcası, başqa sevdalara düşdülər və nəticədə də bu ittifaq çat verdi və Azərbaycan çox məharətlə bundan faydalandı, çünki Bakıya Moskvanın qismən də olsa, neytrallığı lazım idi.

İndi aydındır ki, Moskva Ermənistanda hakimiyyıtin dəyişməsində maraqlı deyil. Koçaryanların və sarqsyanların oyunlarına gəldikdə isə, bu, ondan ötrüdür ki, İrəvanın siyasi fəzası boş qalmasın, çünki belə bir deyim var ki, müqəddəs yer boş qalmır, onu tez bir zamanda qeyri-siyasi qüvvələr, o cümlədən də arzuolunmayan qüvvələr tutur.

Əlbəttə ki, bütün bunları tamam arxayınçılıq notları kimi də başa düşmək lazım deyil, yox, arxayınlaşmağa, əsas da unutmağa haqqımız yoxdur, çünki 1905-ci ili unudub 1918-i yaşadıq, 1918-ci ili tamamilə yaddan çıxararaq 1988-1994-cü illəri yaşadıq. Amma şükür ki, yenə də ayağa qalxa bildik, ermənilərə cinayətlərinin əvəzini yaşatdıq. 

Fəqət bir daha unutmaq, arxayınlaşmaq olmayacaq –düşünürük ki, ermənilər özləri də artıq bunu anlayırlar və başa düşürlər ki, daha bir "revanş” onların sonları demək olacaq...

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?