Xəbər lenti

Ölkə 13:29 20.01.2024

Erməni terrorunun vəhşi üzü - Məhv edilmiş ekologiya...

(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə işlənib) 

Ermənilər Azərbaycanın tarixi abidələrini dağıtmaqla yanaşı, dünya tarixində anoloqu olmayan daha bir terror həyata keçiriblər. Onlar Azərbaycanın torpağı ilə yanaşı, təbiətini də məhv ediblər. Tarixdə çox müharibələr olub. Həmin müharibələrdə ancaq şəhərləri tutub, binaları dağıdıb və insanları girov götürüb, öldürüblər. Heç vaxt təbiətlə qarşı vəhşilik etməyiblər. Bu müharibədə isə ermənilər Azərbaycanın təbiətini məhv ediblər. 

Ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə tez bir zamanda yenidənqurma işlərinə başlanılmalıdır:

"Ağaclar əkilməlidir, böyük meşə zolaqları salınmalıdır ki, Qarabağda həyat yenidən bərpa olunsun. Onların bu ərazilərdəki ağacları, meşələri məhv eləməkdə məqsədləri olub. Bu nə idi? Ermənilərin məqsədi səhralaşma yaratmaq olub. Bunun səbəbi gələcəkdə bu səhralarda məskunlaşma olmamasıdır. Onlar "səhrada kim yaşayar” düşüncəsi ilə addım atıblar. Biz də bunun qarşısını qısa zamanda almalıyıq, bunun üçün həmin ərazilərdə su çəkilməlidir. Dağ çaylarından istifadə edərək həmin ərazilərə suvarılma kanalları çəkilməlidir. Yadda saxlamaq lazımdır ki, hansı ərazidə suvarma yoxdursa, orada ağac əkməyin də mənası yoxdur. Düzənlik ərazilərə mütləq su çəkilməli və əvvəlki su kanalları bərpa olunmalıdır. Baxın, Prezident bu gün hara gedirsə, ilk növbədə Azərbaycan bayrağını qaldırır, daha sonra ağac əkir. Prezidentin ağac əkməsi gələcək nəsilə qayğı deməkdir".
 


Ekoloq hesab edir ki, işğaldan azad olunmuş regionlarda əvvəlki yaşıllıqlar bərpa olunmasa, orada vətəndaşlar üçün yaşamaq çətin ola bilər:

"Çünki ermənilər o torpaqdakı təbiəti tamamilə məhv ediblər. Məsələn, Zəngilan ərazisində təbii çinar meşəsi mövcud idi. Haradasa 107 hektar ərazisi var. Həmin meşəni ermənilər qırıb-dağıdıb, çox az hissələri qalıb. Meşəni bərpa etmək lazımdır. Bu, qısa zamanda ərsəyə gələn proses deyil, çox uzun illər tələb olunacaq". 

Xosrov Musayev təklif edib ki, işğaldan azad olunan ərazilərdə meşələrin salınması konsepsiya işlənməli və dövlət proqramı qəbul olunmalıdır:

"Orada nədən başlayıb, harada qurtarmağın özü də göstərilməlidir. Burada öncə suyun çəkilməsi prosesi qeyd olunmalıdır. Özü də orada hər ağacı əkmək doğru olmaz. Ancaq Qarabağın iqlim şəraitinə uyğun olan ağaclar əkilməlidir. Qarabağın tarixinə nəzər salıb, əvvəllər orada bitən ağacların əkilməsinə üstünlük vermək lazımdır. Öncə bu işlə məşğul olan mütəxəsislər dəvət olunmalıdır. Hansı rayonda hansı ağacların bitdiyini bilib, sonra ağac əkilməsi kompaniyalarına başlamaq olar". 

Xosrov Musayevin sözlərinə görə, işğaldan azad olunan ərazilərdə ekoloji problemlərdən biri orada axan çaylardır:

"Azərbaycanla Ermənistanın ərazisindən axan çay var - Oxçuçay. Biz buna Araz çayının anqolu deyirik. Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardandır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay kollektor rolunu oynayır, çayın suyu zəhərlidir. Bu çayda olan bütün kimyəvi tullantılar birbaşa Araz çayına axıdılır. Beləcə Araz çayını da çirkləndirirlər. Bundan əlavə Araz çayının kənarlarındakı ərazilərin suvarılmasında həmin sulardan istifadə olunur. Bu da onkoloji xəstəliklərin yayılmasına təsir edir. Azərbaycan bu məsələni beynəlxalq təşkilatlar qarşısında dəfələrlə qaldırıb. Təəssüflər olsun ki, ermənilər buna əməl etmir. Daha doğrusu, etmək istəmir".

Ekoloq vurğulayıb ki, Qarabağda ekologiyanın bərpası üçün eyni zamanda böyük maliyyə vəsaiti də tələb olunur: 

"Dünyada bir çox terror növləri var. Ermənilər isə bizə qarşı xüsusi terror növünü həyata keçirib. Bununla bağlı film də çəkilib. Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunu aradan qaldırmaq üçün böyük maliyyə tələb olunur. Azərbaycan bunun üçün beynəlxalq təşkilatlara müraciət etməlidir. Ekoloji problem qlobal problemdir. Havanın, suyun çirklənməsi digər rayonlara da təsir edir. Bu ümumbəşəri bir problemdir. Beynəlxalq məhkəmərə və ətraf mühütn qorunması ilə bağlı beynəlxalq təşkilatlara verilməlidir. Hətta bu prosesə bütün Azərbaycan hüquqşünasları qoşulmalıdır. Ermənilər Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorun təzminatını ödəməlidir".

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->