Zaur Əliyev

Blogger
Yazılar
7
Erməni vandalizminin qurbanı Ağdam məscidi

Erməni vandalizminin qurbanı Ağdam məscidi

Zaur Əliyev, dosent 

Ağdam Cümə məscidi 1868-1870-ci illərdə tikilmişdir. Memarı Kərbəlayi Səfixan Qarabaği olan məscid iki minarəli və ikimərtəbəlidir. Kərbəlayi Səfixan Qarabaği 1870-ci ildə Ağdama dəvəт olunmuş və burda o, qoşa minarəli yeni bir məscid tikmişdir. Dəqiq riyazi və həndəsi analizlərlə layihələr işləyən və bu layihələri tikinti meydançasında bilavasitə öz əlləri ilə icra edərək bir millimetr səhvə belə yol verməyən bu memar Ağdam məscidini şərq və Qarabağ memarlıq üslubunda tikib.

Ağdam Cümə məscidi yerli inşaat materialları ilə ənənəvi milli memarlıq üslubunda tikilmiş abidəsidir. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür. Ağdam cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağcası quraşdırılıb. Yan tağcaların ustu interyerə yonələn eyvan şəklində olub qadınların ibadəti ucun nəzərdə tutulmuşdur. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağcasının yanlarında olan pəncərələrdən işıqlanır. Sadə bəzəkli mehrab tağcasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd NəqqaşTəbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cu il) yazılmışdır. Məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ icərisində verilmiş, acıq eyvanın yanlarında isə iki mərtəbəli otaqlar yerləşdirilmişdir. Ağdam Cümə məscidinin portalı ümumi quruluşu ilə Bərdədəki İmamzadə məscidin portalına bənzəyir. Bu, onu göstərir ki, Səfixan əvvəl tikdiyi binaların maraqlı memarlıq və konstruksiya elementlərini bir ənənə şəklində yeni binalarda da tətbiq etmişdir. Lakin göründüyü kimi, bu elementlər bayağı və yersiz yox, məhz, kompozisiyanın tələblərinə uyğun həll olunur. Sütunlar üzərinə oturdulmuş səlis xətli tağbənd və günbəz formalı örtük konstruksiyası, mütənasib qamətli dörd ədəd səkkizbucaqlı daş sütunun ibadət zalında paralel düzülüşü, onu üç yerə ayırır.

Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılmışdır.

Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadələr və sözlər yazılmışdır.

Ermənilər hazırda məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə edirlər. 2016-cı ildə Ermənistan prezidenti Serj Sərkisyanın İrana səfəri ərəfəsində Ağdam cümə məscidinin içərisini peyindən təmizləmək üçün erməni ordusunun Qarabağdakı komandanlığına göstəriş verildi. Bir ay ərzində məscidin içərisi və ətrafı erməni əsgərləri tərəfindən peyindən təmizləndi. Lakin sonradan yenidən məcsid donuz və mal-qara üçün tövlə rolunu oynadı.

Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.

OXŞAR XƏBƏRLƏR