Xəbər lenti

Foto 14:14 15.04.2021

Ermənilər ağaclardan da qisas alıb - Cəbrayıl və Qubadlıda gördüklərim (FOTOLAR)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi mediatur çərçivəsində işğaldan azad edilmiş torpaqlarımızı görmək mənə də nəsib oldu. Hansı hisslər keçirdiyimi sözlə ifadə etmək o qədər asan deyil. Çünki bir tərəfdən 28 il işğal altında qalan vətənin bir parçasını görür, digər tərəfdən isə ermənilərin sərhəd tanımayan vandallıqlarını  canlı izləyirdim. Sevinc və nifrət hissləri bir-birinə qarışmışdı.

Füzuli - Horadiz - Cəbrayıl -  Zəngilan – Qubadlı istiqamətində olan marşrutumuz boyu bizi ANAMA əməkdaşları və polislər müşaiyət edirdi. ANAMA əməkdaşları hər fürsətdə bizdən icazəsiz hərəkət etməməyi xahiş və tələb edirdilər. Sovetdən qalma asfalt yolla hərəkətimiz zamanı 1-2 metr aralıda hərbçilərimiz tərəfindən tank əleyhinə minanın zərərsizləşdirildiyini gördükdə onlara haqq verdik. ANAMA əməkdaşlarının sözlərinə görə, düşmən minaları xaotik şəkildə qoyulduğu üçün məlum trayektoriyadan kənara çıxmaq faciə ilə nəticələnə bilər. Tövsiyə və tələblərinə baxmayaraq ANAMA əməkdaşları media nümayəndələrini bir anlıq gözdən də qoymamağa çalışırdı. 

"Qubadlıda kəndlərdən birini dəfələrlə şəxsən maşınla və piyada gəzmişdim. Məndən sonra sərhədçilərimiz həmin kənddə maşınla minaya düşmüşdülər...” Bunu da Qubadlı rayon Polis Şöbəsinin əməkdaşlarından biri bizimlə söhbəti zamanı dedi...

Hərəkət marşurutumuz boyu gördüyümüz mənzərələr tanış gəlirdi. İlk dəfə bu mənzərələri Birinci vitse-prezident Mehriban Əliyevanın çəkdiyi videolardan izləmişdim. Görüntülərdə əsas fərq yolboyu məhv edilmiş düşmənin hərbi texnikalarının yığışdırılması ilə bağlı idi. Bəlkə buna görə də, gördüklərim 5 ay əvvəl bu ərazilərin azad edilməsi uğrunda ağır döyüşlərin getdiyi təəssüratını yaratmırdı. 

Cəbrayıldan Qubadlıya çatana qədər xəyalımda bu rayonun hansı əziyyətlər hesabına işğaldan azad edildiyini canlandırırdım. Məsələ burasındadır ki, qəhrəman hərbçilərimiz bu məsafəni piyada qət edərək Qubadlını düşməndən geri almışdı. Yeri gəlmişkən, qeyd edim ki, Qubadlını Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları (SAT) düşmən arxasına sızmaqla azad etmişdi. Yolboyu yaxın qohumum, SAT-ın, o cümlədən ordumuzun ən yaxşı snayperlərimizdən biri olan Elvin Səfərov başda olmaqla şəhidlərimizi düşünür, əyilmiş qamətimizi düzəldən igidlərimizə ömürboyu borclu olduğumuzu fikirləşirdim. Gördüyümüz al qırmızı rəngli lalələr şəhidlərimizin axan qanını beynimdə assosasiya edirdi... 

Ermənilərin işğal etdikləri yerlərdə hər şeyi dağıtdığı, təbiətə necə divan tutduqlarını addımbaşı görmək olur. Cəbrayılın Əmirvarlı kəndində 800-dən çox yaşı olan çinar ağacını kəsdiklərini  və ağacın kötüyünün yandırmalarının şahidi olduqda ermənilərin Qafqazın qara yarası adlandırılmasının təsadüf olmadığına əmin oldum. Odur ki, özlərini hay adlandıran canlı məxluqlarla gələcəkdə necə birgə yaşaya biləcəyimizi təsəvvür etmək belə insanı dəhşətə gətirir. 
Çox təəssüf ki, media-tur çərçivəsində Xudafərini görmək bizə nəsib olmadı. Ekologiya nazirinin müavini Firdovsi Əliyev bunun onlardan asılı olmadığını, müvafiq dövlət qurumlarının icazə vermədiyini dedi. Amma uzaqdan olsa da, Azərbaycanı ikiyə bölən Araz çayı üzərində tikilən su anbarını seyr edə bildik.  
İnsanda pessimist təəssüratlar yaradan dəhşətli mənzərələrlə yanaşı azad edilmiş ərazilərimizdə ümid qığılcımları da artıq hiss olunmağa başlayıb. Yolboyu əkilən taxıl sahələri, həyata keçirilən infrastruktur layihələri, dövlət tərəfindən salınan yaşıllıq sahələri işğaldan azad olunmuş torpaqlarımızın qısa müddətdə yurda çevriləcəyini deməyə əsas yaradır. 

Həmçinin, səfər əsnasında media nümayəndələrinin və nazirlik əməkdaşlarının Bərgüşad və Həkəri çaylarının qovuşduğu Qlican kəndinin ərazisindən suya balıq buraxmaları, Muğanlı kəndində ağac əkmələri Azərbaycan insanının zamanla fauna və floramızın bərpa olunmasına nail olacağına inamı artırır…

Elmidar Əliyev

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?