Avronest Parlament Assambleyasının Tbilisidə keçirilən VIII plenar sessiyasında Ermənistan nümayəndə heyəti təxribata əl atıb.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, toplantıda Ermənistan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı "Dağlıq Qarabağ xalqı” və "Artsax” ifadələri işlədib.
Qondarma "erməni soyqırımı”nı da qeyd edən ermənistanlı deputat sessiya iştirakçılarından törədilmiş bütün soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.
Ermənistan deputatının bu müraciətindən sonra yalnız bir neçə deputat ayağa qalxıb. Ermənistan nümayəndə heyətinin rəhbəri tribunanı tərk edəndən sonra Rumıniyadan olan nümayəndə onun xahişini bir daha səsləndirib. Bundan sonra sessiya iştirakçıları ayağa qalxıb.
Sessiyada çıxış edən Milli Məclisin üzvü Tahir Mirkişili Ermənistan tərəfindən törədilən Xocalı soyqırımı qurbanlarının anılmasına görə sessiya iştirakçılarına təşəkkür edib.
Deputat həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinə dəstək göstərməyə çağırıb.
Şərhlər