Ölkə 23:42 14.04.2021

“Ermənilər bizə yazırlar, gələcək vəziyyətləri haqqında soruşurlar” - Xankəndinin deputatı

"Bu, ermənilərin Azərbaycana olan nifrətinin göstəricisidir. Təsəvvür edin ki, sosial şəbəkələrdə mənim sülh mesajıma belə kəskin reaksiyalar bildirildi. Bu da onu göstərir ki, erməni təfəkkürü, erməni xalqının ideologiyası nə dərəcədə təhlükəlidir və Azərbaycana qarşı nifrət üzərində qurulub”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev onun sülh mesajı verməsindən sonra erməni tərəfinin onu öldürməklə bağlı hədə-qorxularını şərh edərkən deyib.

Deputat xatırladıb ki, onun sülh mesajına hədə-qorxu ilə cavab verən şəxs Ermənistan parlamentinin Beynəlxalq əlaqələr komitəsinin üzvüdür: 

"Bu, ümumiyyətlə qəbuledilməz haldır. Bir var sülh mesajına hədə ilə cavab verən sıravi erməni olsun, bir də var parlament üzvü.

Ermənilər səs-küy salırlar ki, guya biz onların miraslarını qorumuruq, onlara qarşı təbliğat aparırıq və s. Ancaq biz belə bir durumla üzləşmişik. Bu onu göstərir ki, erməni ideologiyası olduqca təhlükəlidir”.

Tural Gəncəliyev əlavə edib ki, Tvitterdə yazdığı onun şəxsi fikridir: 

"Bu, mənim yazdığım tvittdir. Onu nəzərdən keçirsəniz, görərsiniz ki, orada hər şey var. Biz sülh mesajı veririk”.

Qarabağdakı ermənilərlə əlaqələr məsələyə gəldikdə isə Xankəndinin deputatı bildirib ki, Qarabağdan olan bəzi ermənilər sosial şəbəkələr vasitəsilə ona yazırlar:

"Yazırlar, suallar verirlər, onların gələcək vəziyyətləri haqqında soruşurlar. Biz də müvafiq şəkildə onların hamısına cavab veririk. Demək istəyirəm ki, ermənilər bizə yazır. Bəli, çox olmur, amma suallar olur. Biz də qanuna uyğun fikirlərimizi bölüşürük. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Xankəndinin deputatı kimi suallara cavab veririk”./Teleqaf