“Ermənilər çalışır ki, Azərbaycanın səbr kasası daşsın və sərhədi keçərək...

“Ermənilər çalışır ki, Azərbaycanın səbr kasası daşsın və sərhədi keçərək..." (ŞƏRH)

"Azərbaycan istədiyi an gücünü göstərəcək, ermənilər bunu başa düşməlidir”.

Bu sözləri Qaynarinfo-ya açıqlamasında Ermənistanın təxribatları davam etdirməsi, ötən gecə yenidən Naxçıvan ərazisini atəşə tutmasına münasibət bildirərkən, politoloq Cümşüd Nuriyev deyib:



"Ermənilər bu təxribatlarla çalışır ki, Azərbaycanın səbr kasası daşsın və sərhədi keçərək, Ermənistan ərazisinə daxil olsun. Belədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etmək üçün bəhanə əldə etmək istəyirlər. Amma Azərbaycan düşmənin bu hiyləsinə uymayaraq, ona imkan vermir. İmkan verəcəyinə də inanmıram. Çünki belə təxribatları çox görmüşük. Lakin onu da yaddan çıxarmayaq ki, düşmən bu işləri özbaşına görmür”. 

Ekspert qeyd edib ki, sərhədboyu atışmaların arxasında Rusiya dayanır:

"Ermənilər müstəqil dövlət olaraq fəaliyyət götərməyən, yarımmüstəmləkə dövlətidir. Ermənistanın əsas yiyəsi Rusiyadır. Vladimir Jirinovskinin əsas çıxışları da məhz bununla bağlıdır. Moskva Azərbaycanın Türkiyə ilə yürütdüyü birgə siyasətdən həddən artıq narahatdır. Ona görə açıq şəkildə bəyan edirlər ki, Azərbaycan Moskva nə desə onu da etməlidir. Azərbaycan bu hədələrə baxmayaraq, sərbəst xarici siyasət yürütməkdə davam edir”. 
Bu fonda Azərbaycan Müdafiə nazirinin verdiyi əmri şərh edən həmsöhbətimiz bildirib ki, Bakı istədiyi an düşmənə gücünü göstərəcək: "Ordumuz 44 günlük müharibədə özünü göstərib, nədən indi də təxribatçılara münasibətdə gücümüzü göstərməyək? Ermənistan başa düşməlidir ki, Azərbaycan istədiyi an bunu edəcək. İrəvan gör nə gündədir ki, Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli yaxınlaşmasını Hindistan əleyhinə hazırlanan blok kimi təqdim edir. Ermənilərdən belə şərəfsiz addımlar yenə də olacaq. Azərbaycan Ordusu öz gücünü göstərməlidir”.

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X