Siyasət 14:52 02.07.2020

Ermənipərəst konqresmenlər Tramp və Putinə qarşı hərəkətə keçdi (TƏHLİL)

"Ermənipərəst konqresmenlərin növbət hədəfi Rusiyadır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun fikrincə, Amerika Birləşmiş Ştatlarında epidemoloji vəziyyətin ağırlığıyla bərabər, bu ölkədə növbəti siyasi çalxalanma da başlayıb:

"ABŞ-ın baş infeksionisti Entoni Fauçi həyəcan təbili çalmaqda davam edir. Məsələ burasındadır ki, ABŞ-da koronavirusa yoluxanların sayı 50 mini aşır və baş infeksionist bu rəqəmin 100 minə çatacağını bildirir. "Hamıya çətin olacaq, bunu mən sizə vəd edirəm”, - deyən Entoni Fauçi ölkənin fəlakətə doğru sürətlə irəlilədiyini vurğulayıb. Digər problem ondadır ki, ABŞ-ın Cənubi Koreya, Sinqapur və ya Yeni Zelandiyadan fərqli olaraq virusa yoluxanların təmaslarını araşdırması mümkün deyil, həm ölkə böyükdür, həm də gündəlik 40 və ya 50 min yoluxanın təmaslarını aydınlaşdırmaq və nəzarət altına almaq fiziki cəhətdən mümkün deyil. Amerikada infeksiya ilə mübarizə aparanları həm də narahat edən odur ki, ölkədə əksəriyyət nə maska taxır, nə də sosial məsafəni qoruyur, üstəgəl dövlətin bir nömrəli şəxsi – prezident Donald Tramp da maska taxmır və bununla başqalarına pis nümunəyə çevrilir. Ağ Ev sahibinin isə virusla mübarizə aparmaq əvəzinə hələ də günahkar axtarışında olduğunu onun sosial şəbəkədə yazdığı son status da sübut edir: "Virusun yayılmasına görə Çinə qarşı kinim hər keçən gün artır”".

Elxan Şahinoğlu  Donald Trampın başqa bir təhlükə ilə də üzləşdiyini qeyd edib:

"Trampın rəqibləri onu dövlət və milli maraqları diqqətə almamaqda günahladırırlar. Qalqamal "Nyu York Tayms” qəzetində yayımlanan məqalədən sonra başlayıb. Məqalədə göstərilib ki,  Rusiya hərbi kəşfiyyatı Əfqanıstanda daha çox amerikalı hərbçiləri öldürmələrinə görə Taliban üzvlərinə pul ödəyirmişlər. Bunu Əfqanıstanda amerikan hərbçilərinin ələ keçirdikləri Taliban üzvləri etiraf ediblər. Demokratlar Trampı ona görə tənqid edirlər ki, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya ilə Taliban arasındaki gizli əlaqələri Ağ Ev sahibinə məruzə edib, ancaq o Rusiyaya qarşı heç bir tədbir görməyib. Demokratlar hesab edirlər ki, Donald Tramp Amerikanın maraqlarını Rusiya ilə yaxınlaşmaya satıb. Donald Tramp və Respublikaçılar Partiyası qəzet məqaləsindəki məlumatların saxta olduğunu iddia edirlər. Pentaqon generalları da Rusiya kəşfiyyatı ilə Taliban hərəkatının ABŞ hərbçilərinə qarşçı gizli sövdələşməsi barədə məlumata malik olmadıqlarını bildiriblər".

Politoloq  bildirib ki, buna baxmayaraq, prezident seçkisində Trampın əsas rəqibi olan demokrat Cozef Bayden əlinə düşən fürsətdən istifadə etməyə çalışır:

"Baydenin fikrincə, Donald Tramp ona verilən məlumatlara baxmayaraq, Moskvaya qarşı sanksiyaları sərtləşdirməyib. Bayden onu da deyib ki, vitse-prezident olduğu illərdə Vladimir Putinlə bir neçə dəfə təkbətək görüşləri olub: "Kreml sahibi ilə açıq danışıqlarım olub, ona görə Putin mənim ABŞ-ın növbəti prezidenti olmağımı istəmir”. Bayden hesab edir ki, Tramp Putinlə əlaqələrini zəiflətməmək üçün ona verilən kəşfiyyat məlumatlarını heçə sayıb. Demokratların nəzarətində olan Konqresin Nümayəndələr Palatası da Trampa qarşı hərəkətə keçib. Nümayəndələr Palatası ötən il çox çalışdı ki, Ukrayna məsələsinə görə Trampa qarşı impiçment proseduruna başlanılsın. Alınmadı. Respublikaçıların nəzarətində olan Senat Nümayəndələr Palatasının qərarını təsdiq etmədi. Nümayəndələr Palatası prezident seçkisi öncəsində Trampa növbəti zərbəni vurmağa hazırlşır və bu işin başında ermənipərəst konqresmenlər dayanır. Nümayəndələr Palatasının erməni təəssübkeşi olan Nensi Pelosi vaxt itirmədən Rusiyaya qarşı yeni və sərt sanksiyaların tətbiqinə çağırıb. Ona digər ermənipərəst konqresmen Bob Menendes dəstək verib. Menendesin hərbi büdcəyə qəbul etdirdiyi düzəliş Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyaları nəzərdə tutub. Beləliklə, Pelosi-Menendes ikilisi Ağ Ev sahibi ilə yanaşı Rusiyanı və Vladimir Putini hədəf seçiblər. Bob Menendesin fəallığını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov belə şərh edib ki, hazırda Vaşinqtonda anlaşılmayan çox hadisə baş verir". 

Elxan Şahinoğlu qəribə mənzərənənin yarandığını deyib: 

"Nensi Pelosi və Bob Menendes Ermənistanın Azərbaycan əleyhinə işğalçı siyasətini dəstəkləyirlər. Ermənistan isə Rusiyanın bölgədəki strateji müttəfiqidir. Nensi Pelosi və Bob Menendes eyni zamanda həm Ermənistanın dostu, həm də Rusiyanın düşmənidirlər. Eyni zamanda ermənipərəst konqresmenlərin dəstəyindən faydalanan Ermənistan amerikalı dostlarının Rusiyaya qarşı səlib yürüşünə səssizdir. Görəsən, Kremlin dəhlizlərində araşdıran varmı ki, Moskvanın siyasi, iqtisadi və hərbi dəstək verdiyi Ermənisanın Amerikadakı dostları niyə Rusiya əleyhinə qərarlar qəbul edirlər? Bəlkə buna görə Ermənistandan hesabat istənilməlidir?".

Bahar Rüstəmli