Siyasət 15:37 15.01.2022

"Ermənistan Azərbaycan üçün qaz tranzit məntəqəsinə çevrilə bilər, amma..." - Erməni ekspert

"Ermənistan Meğri vasitəsilə Türkmənistan və Azərbaycan üçün qaz tranzit məntəqəsinə çevrilə bilər. Lakin bunun üçün Ermənistanda bütün tranzit infrastrukturu olmalıdır”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisad elmləri namizədi, Ermənistan-Rusiya Universitetinin Transqafqaz, İran-Kiçik Asiya Müqayisəli Tədqiqat Platformasının koordinatoru Ara Qaryan deyib.

"Elektrik enerjisinin və xüsusilə qazın tranziti Ermənistana beynəlxalq marağı artıracaq, ona görə də bütün infrastruktur dövlətin sərəncamında olmalıdır” deyə ekspert əlavə edib.

Ara Qaryan bildirib ki, Türkmənistan qazı Azərbaycandan Avropaya çıxarılsa, bu ölkəmizin dünyadakı mövqeyinə də müsbət təsir edəcək:

"Azərbaycan və Türkmənistan Xəzər dənizindəki mübahisəli "Dostluq” yatağının işlənməsinə dair razılığa gəlib. Bu yataq səbəbindən iki ölkə arasında münasibətlər uzun müddət gərgin olub. Hazırda böyük həcmdə türkmən qazının Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum), daha sonra Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri ilə Avropaya nəqli üçün ilkin şərtlər var. Azərbaycan təkbaşına Avropa qaz bazarında kiçik oyunçudur, lakin Türkmənistan qazını bu marşrutla göndərməyə razı olsa, vəziyyət dəyişəcək. Xatırladım ki, "British Petroleum”un statistikasına görə, Rusiya dünya qaz ehtiyatlarının 19,9%-nə, Azərbaycan isə 1,3%-nə malikdir. Amma Türkmənistan qazı bu marşrutdan keçərsə, Avropanın enerji bazarı əhəmiyyətli dərəcədə dəyişə bilər. Türkmənistan dünya qaz ehtiyatlarının 7,2%-nə malikdir, lakin indiyədək onun yeganə əsas bazarı Çindir. Aydındır ki, siyasi əhval-ruhiyyə əsasən enerji axınları ilə müəyyən edilir və bu, birbaşa Cənubi Qafqazdakı vəziyyətə aiddir. Azərbaycan Araz çayı vasitəsilə Naxçıvana qaz kəməri çəkməyə davam edərsə, Ermənistan bununla razılaşa bilər, ancaq bir şərtlə ki, öz hissəsini Meğridən tiksin və Ermənistandan keçən qaza nəzarət etsin. Eyni şey elektrik enerjisinin tranzitinə də aiddir. İrandan Ermənistan və Gürcüstana çəkilən yüksək gərginlikli xətlər Rusiya-Gürcüstan-Ermənistan-İran enerji dəhlizi yaradacaq”.

Ekspert belə qənaətə gəlib ki, enerji resurslarının tranziti Ermənistanı dünya gücləri üçün daha cəlbedici edəcək, çünki bunun ciddi maliyyə faydası olacaq.

Qeyd edək ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupu regional kommunikasiyaların açılması ilə məşğuldur. Hələlik dəmir yollarının və dəmir yolu əlaqəsinin bərpasını müzakirə edirlər.

Telman