Xəbər lenti

Ermənistan böhranının pərdəarxası: Rusiyanın tam olaraq istədiyi nədir?
Siyasət 15:15 27.02.2021

Ermənistan böhranının pərdəarxası: Rusiyanın tam olaraq istədiyi nədir?

Ermənistanda son iki gündə baş verənlərin arxasında Rusiya dayanır. Moskva Ermənistan ordusuna nüfuz edib ki, Rusiyanın icazəsi olmadan ordunun nəsə etməsi az qala mümkünsüzdür. 

Qasparyanın "üsyanının" arxasında Rusiyanın dayanmasını sübut edən başqa məqam Onikin imzaladığı bəyanata hansı general və polkovniklərin imza atmasıdır. Siyahıda yer alan 19 general arasında Rusiya-Ermənistan birləşmiş qoşununun komandanı, eləcə də hava hücumundan müdafiənin rəhbəri də yer alıb. Birləşmiş qoşununun komandanı sülh dövründə Ermənistan baş nazirinə tabe olsa da (müharibə dövründə avtomatik Rusiyaya tabe olur), onu bu vəzifəyə İrəvan yox, faktiki olaraq Moskva təyin edir. Hava hücumundan müdafiəyə gəlincə məhz Paşinyan dönəmində o, rəsmən Rusiyaya təhvil verilib və buradakı təyinat da onun istəyi əsasında aparılır. 

Digər tərəfdən Paşinyana qarşı bəyanatı Nikolun "İskəndər”lər haqqında söylədiklərinə görə Rusiyanın həyata keçirdiyi cəza tədbiri kimi qəbul etmək doğru olmaz. "İskəndər”in nə və hansı keyfiyyətdə olduğunu Paşinyanın nə söylədiyindən asılı olmayaraq, Rusiyanın rəqibi olan bütün ölkələr bilir. Ona görə də Paşinyanın nəsə söyləməsi nə rus silahına zərbə vurur, nə də rus silah sənayesinə dəhşətli zərər yaşadır (bu zərbəni II Qarabağ savaşı vurub). Ən azından nəzərə almaq lazımdır ki, Moskva "İskəndər”ləri demək olar, satmır. İndiyə qədər bu silahı ruslar yalnız Əlcəzair və Ermənistana veriblər. Buna görə də "İskəndər” bəyanatı Rusiyanın aktiv əməliyyata start verməsi üçün sadəcə bəhanə funksiyasını icra etmiş kimi görünür.

Qasparyan və generalların aktivliyini təkcə ruslarla, həm də onların özlərinin maraqları ilə əlaqələndirmək doğru olardı. Belə ki, məhz bu generallar və onların sələfləri erməni ordusunda həm özləri, həm də bir çox oliqarxların sərvət sahibi olmasına şərait yaradan korrupsiya sxemini idarə ediblər. Bunun sayəsində Ermənistan ordusunda indiyə qədər ölkədə istənilən sabiq rəhbərin təsirini və ya ona sadiq olan kadrını görmək olar. 

Görünən odur ki, özü üçün potensial təhdid saydığı Paşinyanın orduda yenidənqurma planını işə salması həm də bu korrupsiya sxeminin idarəcilərinin əvəzlənməsi və ya oyundan tam çıxarılması üçün təhdid yaradıb. Andranik Köçəryanın Baş Qərargahından dərhal sonra məhz reformlara görə Onikin etiraz etməsi də bunu sübut edən əsas amillərdən biri kimi qəbul oluna bilər. Maraqlı məqam odur ki, Paşinyanın orduda reform aparması həm də müəyyən mənada Rusiyaya sərf edir. Moskva bunun sayəsində ordu içərisində öz əleyhdarları və ya köhnələrin kadrlarının sıradan çıxarılmasını həyata keçirə biləcəkdi. Ona görədir ki, Onik Qasparyanın məşhur bəyanatından öncəki bir həftə ərzində həm Vaqarşak Arutyunyan, həm də Pasinyan aktiv şəkildə orduda reformları rusların köməyi ilə aparacaqlarına dair təbliğat aparırdılar. Nikol ordunun içində baş verən hərəkətlənməyə qarşı məhz Moskvanı yanına alması təəssüratı formalaşdırmağa çalışırdı.

Ortaya çıxan önəmli sual odur ki, Paşinyanla Moskvanın maraqları üst-üstə düşdüyü halda Kreml niyə baş verən proseslərin arxasında dayanır? Cavab sadədir. Moskva nə indikilərlə, nə də keçmişdəkilərlə hərəkət etmək istəyir. Moskvaya daha parçalanmış və mütləq nüfuzu olan sima, partiyaların olmadığı siyasi mühit lazımdır. Buna çatmağın ən qısa yolu isə ordudur. Moskva çox yaxşı bilir ki, ermənilərin ölkədə ən çox inandıqları institut ordu sayılır. Məhz ordu kimi hədəf göstərərsə, onun nüfuzu zədələnəcək ki, bu da hələ də cəmiyyətdə 40 faizə yaxın etibara sahib olan Paşinyana qarşı effektli silahdır. Bu, Moskvaya balans yaratmağa imkanlar formalaşdırır. 

Bununla belə Kreml erməni ordusunda reform planlarından da əl çəkmir. Üstəlik, bütün olanlara rəğmən, Kreml rəsmi olaraq baş verənlərə qarışmadığını deyir. Dolayısı yolla Rusiya Ermənistanda idarəolunan xaos yaradır və onun üçün bu xaosda kimin güclü və ya zəif olacağı önəmli deyil. Kreml bilir ki, tərəflərin başlayan gərginliyi hər iki tərəfdən güc alacaq. Onu maraqlandıran əsas məsələ seçki və bu seçkinin nə vaxt baş tutacağıdır. Bununla belə, bilinən odur ki, seçkinin və ya oyunun nə olmasından asılı olmayaraq, o, ermənilərə gərəkli olan sakitliyi gətirməyəcək.

İlkin Həsənli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->