Xəbər lenti

Ermənistan xüsusi xidmət orqanlarına işləyənlərin məqsədləri - İki səbəb var
Siyasət 15:34 14.08.2020

Ermənistan xüsusi xidmət orqanlarına işləyənlərin məqsədləri - İki səbəb var

"Uzun müddət orduda xidmət edən zabit kimi əminliklə deyirəm ki, rəhbər heyətin heç bir iclasında zabitlərin təhqir olunduğunu görməmişəm”.

Qaynarinfo xəbər verir ki, bunu "MediaPost”a açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib.

"Təxribatın özü də döyüş, informasiya üsuludur, ideoloji, psixoloji taktikadır”

Ekspertin sözlərinə görə, milli ruhu sarsıtmaq üçün tarix boyu dövlət – dövlətçilik əleyhinə müxtəlif təxribatlar olub, proses yenə də daha geniş formada davam edir: 

"1990-cı illərin sonlarında iştirakçısı olduğum döyüşlərdə də indiki təxribatlardan olurdu. Öz istəklərinə nail ola bilməyəndə ordu haqqında hər formada yalan məlumatlar yayılırdı. Mən bu təxribatların tamamilə səngiməsinə inanmıram. Çünki təxribatın özü də döyüş, informasiya üsuludur, ideoloji, psixoloji taktikadır. Bu gün Azərbaycan Ordusunun yüksək rütbəli zabitlərinə, ordu rəhbərliyinə qarşı müxtəlif ittihamlar səsləndirirlər. Tovuz ərazisində döyüşlər gedən vaxtda Silahlı Qüvvələrin Baş Qərargah Rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə dezinformasiya yayılmışdı. Guya şəhid general-mayorumuzun hərəkət etdiyi marşrutunun koordinatlarını düşmənə verib. Bu, utopiya deyilmi? Koordinat vermə anlayışı Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin səlahiyyətinə aiddir? Bu proses yenə də davam edir. Lakin Azərbaycan Ordusunun rəhbərliyinə qarşı yönəlmiş təxribatların xarakteri dəyişib - əvvəllər işgüzar keyfiyyətlərlə bağlı təxribatlara yol verilirdisə, hazırda daha çox şəxsi keyfiyyətlərlə bağlı əsassız fikirlər səsləndirilir. Məsələn, Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin guya xidməti müşavirədə azərbaycanlı kişilərin, zabitlərin mənəvi keyfiyyətlərini alçaldaraq onların mənliyinə toxunduğu deyilir. Kim yüksək rütbəli zabitlərin iştirak etdiyi Müdafiə Nazirliyinin iclasında heç olmasa, bir dəfə olub? Onlar hansısa zabitin təhqir edildiyini görübmü? Mən görməmişəm. Bunu uzun müddət orduda xidmət edən zabit kimi deyirəm. Bəli, sərt komandirlərim olub, onlar cavabdehlik tələb ediblər, qışqırıblar. Hərbçi sərt olmalıdır. Zabit heç kimin üzünə gülməməlidir. Bu, nizam anlayışıdır, illərdir gələn hərbi ənənədir”.

A. Əbilov bildirib ki, hər dəfə ən çirkin formada yalan məlumatlar yayan qüvvələr istəklərinə nail olmadıqda yeni həmlə etməyə başlayırlar:

"Bu cür dezinformasiya yayan Qənimət Zahid yenə cəfəng fikirlər səsləndirməyə çalışdı. Bilirik ki, Azərbaycan kişisinin mentalitetində onun qadınının söyülməsi ağır haldır. Onun istəyi o oldu ki, hərbçilər bu məlumatı eşidib ayağa qalxsınlar, mənəvi dəyərlərimizə toxunaraq, ölkədə xaos yaratmağa çalışdı. Bu da Belarusdakı hadisələrlə eyni dövrə təsadüf etdi. Çünki orada da insanlar ayağa qalxmışdı. Bunlar vətəndaş müharibəsinə səbəb olmaq istəyirlər. 

Digər məsələ isə Azərbaycan-Türkiyə əlaqələrini gözü götürməməkdir. Hərbi sahəmizdəki ən böyük işbirliyimizə kölgə salmaq istəyirlər. Təlimlərin gedişində Azərbaycan Ordusunun rəhbərliyinə qarşı yönəlmiş təxribatların məqsədinin ikinci səbəbi də budur. 

Aydındır ki, təxribatların arxasında xaricdən maliyyələşən və Azərbaycanı güclü görmək istəməyən xüsusi qüvvələr dayanır. 

Sevindirici hal odur ki, Azərbaycanın yeni təyin olunmuş Xarici İşlər naziri ilk səfərini Türkiyəyə etdi. Bununla yanaşı, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə tərəfinin dəvəti ilə Ankara şəhərinə səfəri artıq dünyaya mesajdır. Yəni bu cür təxribatlar bir millət iki dövlət arasındakı əlaqələrə heç bir zərbə vura bilməz”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->