"Ermənistanda sistemli böhran yaşanır. Bu böhran bir dəfə inqilabi təlatümlərə gətirib çıxardı. Erməni ekspertləri böhranın qarşısının alınması istiqamətində düşünürlər. Ermənistanda böhran dərinləşməkdədir. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” blokunun üzvləri parlamentdə Paşinyanın əleyhinə mövqe bildirirlər. Paşinyanın əqli problemləri ilə bağlı araşdırmalara başlayıblar. Ölkənin iqtisadi vəziyyəti fəlakətli vəziyyətə gəlib çıxıb”.
Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, Paşinyanın "İqtisadi inqilab edəcəyəm” tezisi gülüş hədəfinə çevrilib: "Blokada şəraitində iqtisadi inqilabı necə edə bilərsən? Blokadanın səbəbi də Ermənistanın işğal siyasəti yürütməsidir. Paşinyan bu siyasətdən imtina etmir, absurd bəyanatlar verir, ritorik mövqe ortaya qoyur. Bu da onun düşdüyü vəziyyəti daha da ağırlaşdırır. Hazırda Ermənistanda demoqrafik fəlakət mövcuddur. Paşinyan hakimiyyətə gəldiyi ilk aylarda insanlar ümidli idi ki, onun gəlişi ilə iqtisadi durum yaxşılaşacaq, sosial rifah yüksələcək, ona görə də ölkəni tərketmə prosesində fasilə yaranmışdı. Sonra insanlar peşman oldular ki, çox böyük səhv edərək inqilab ediblər. Serj Sarqsyanı devirdilər, rəhbərliyə elə bir insanı gətirdilər ki, nəinki problemləri həll etmədi, əksinə yenilərini əlavə etdi. Paşinyanın ölkəni fəlakətdən çıxara biləcək hər hansı proqramı yoxdur. Onun irəli sürdüyü proqramlar utopiyadan başqa bir şey deyil. O iddia edir ki, yaxın bir neçə ildə Ermənistan inkişaf etmiş 20 ölkənin sırasında olacaq... Bu cür bəyanatlar gülüş doğurur. Hətta Paşinyanın ağlını itirməsi ilə bağlı fikirlər səslənir. İnsanlar Ermənistanı ədədi deyil, həndəsi silsilə ilə tərk edirlər. Daha onların inamı qalmayıb ki, ölkə düzələcək. Həmin insanlar inanmır ki, Paşinyan hakimiyyətdə qalacaq. Ermənistanı qarşıda yeni inqilabi təlatümlər gözləyir. Bu da Ermənitanı 50 il geri atacaq. Belə olan halda bu ölkədə yaşamağa dəyərmi? Bu suala gənclərin birmənalı cavabı var: Dəyməz! Yəni, lənətə gəlmiş Ermənistanı tərk etmək lazımdır. Bu ifadə erməni gənclərinə məxsusdur. Hakimiyyət ölkəni tərk etmək istəyənlərin qarşısını inzibati yolla almağa çalışır. Hətta gəncləri cinayət məsuliyyətinə cəlb etməkdən də çəkinmirlər. Bu addım səmərəsizdir”.
E.Nəsirov bildirib ki, hazırda Ermənistanda hərbi xidmətə qadınlar da cəlb edilir: "Qadınları hərbi xidmətə cəlb edən ölkələrin təcrübəsi öyrənilir. Artıq Ermənistan o günə gəlib düşüb ki, sərhədləri qorumaq üçün qadınların da imkanların istifadə edir. Bu vəziyyətdən yeganə çıxış yolu işğala son qoymaqdır. Ermənistan Azərbaycan torpaqlarını tərk etməzsə, erməniləri daha dəhşətli fəlakətlər gözləyir. Demoqrafik böhran vəziyyət partlayış səviyyəsinə gəlib çatmaqdadır”.
Deputat Tahir Rzayev "Report”a açıqlamasında vurğulayıb ki, Ermənistanda bütün sahələrdə böhran hökm sürür: "Ağıllı ermənilər başa düşür ki, Ermənistanda yaşamaq mümkün deyil. İşğalçılıq siyasəti Ermənistanın iqtisadi vəziyyətini ağırlaşdırıb. Düzgün yürüdülməyən siyasət ölkəni çətin duruma salıb. Tez-tez hakimiyyət dəyişikliyi, hərc - mərclik, vətəndaş qarşıdurması və bir sıra xarici amillər Ermənistandan xaricə insan axınını sürətləndirib. Hazırda ölkəni əhalinin yarı hissəsi tərk edib, vətəndaşlar xaricə ölkələrə üz tutublar. Səbəblər sırasında işsizliyin olması da əsas yer tutur. Beləliklə, ölkədə siyasi, iqtisadi böhran yaşanır. Nikol Paşinyan hakimiyyətə gələndə vəd vermişdi ki, ölkədəki böhranı aradan qaldıracaq. Paşinyanın yanlış siyasəti nəticəsində ölkədə xaos daha da gücləndi. Ona görə də vətəndaşlar ölkəni tərk edirlər. Vətəndaş aclıq, səfalət içində olan ölkədə niyə yaşasın ki? Ölkədə insanların hüquq və azadlıqların ciddi şəkildə tapdanır, söz, mətbuat azadlığı, demək olar ki, yoxdur. Baxın, həbsxanalarda xeyli insan cəza çəkir...”
T.Rzayev vurğulayıb ki, ölkədəki vəziyyətə Qarabağ amili də çox ciddi təsir edir: "Ermənistan hakimiyyəti çalışır ki, Qarabağı əlində saxlasın. Bu da mümkün deyil. Ermənistanda Qarabağ məsələsinə görə bir çox beynəlxalq layihələrdən kənarda qalıb, qonşu ölkələrlə münasibətləri kifayət qədər gərgindir. Vətəndaşlar bilirlər ki, Ermənistanın gələcəyi yoxdur, ona görə də ölkəni kütləvi surətdə tərk edirlər. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilərsə, Ermənistan da qazanacaq. Ermənistanda istər Robert Koçaryan, istər Serj Sarqsyan, istərsə də Nikol Paşinyan hakimiyyətlərini Qarabağ kartı üzərində qurublar. Dağlıq Qarabağ Azərbaycan ərazisidir, torpaqlar işğaldan azad edilərsə, səmimi qonşuluq şəraitində yaşaya bilərik. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi yanlış addımlar atır. Torpaqların işğalı uzun müddət davam edə bilməz”.
Şərhlər