Ermənistanın Baş Prokurorluğu bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermələrin gedişatında 64 qanun pozuntusu barədə məlumat alıb.
"Report” xəbər verir ki, bu barədə prokurorluğun nümayəndəsi Edqar Arsenyan jurnalistlərə bildirib.
"Saat 08.00-dan başlayaraq, saat 13.00-a qədər biz (pozuntular haqqında-red) 64 məlumat aldıq, onlardan 26-ı üzrə informasiya materialların hazırlanması üçün istintaq orqanlarına verilib. Seçki məntəqəsində zorakılığın tətbiqi faktı üzrə bir cinayət işi qaldırılıb", - Arsenyan deyib.
Qeyd edək ki, Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub. İnsident Azataşen kəndindəki seçki məntəqəsində baş verib. Hadisə yerinə operativ qrup göndərilib. "Çiçəklənən Ermənistan” və "Verelk” partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb.
Şərhlər