Xəbər lenti

Ermənistanın növbəti prezidenti kim ola bilər? (TƏHLİL)
Siyasət 11:40 27.01.2022

Ermənistanın növbəti prezidenti kim ola bilər? (TƏHLİL)

Armen Sarkisyanın səlahiyyətlərinin az olmasını əsas gətirməklə istefasından sonra, Ermənistanda prezident postu hələlik boşdur.

Qeyd edək ki, Ermənistanda prezident parlament tərəfindən seçilir. Bu o deməkdir ki, qanunvericiliyə uyğun olaraq növbəti prezident də məhz parlamentin razılığını almalıdır. Bu müstəvidə qonşu ölkədə növbəti prezidentin kimliyi məsələsi gündəmə gəlib. Aydın məsələdir ki, keçmiş prezidentlər Robert Koçaryanla, Serj Sarkisyanın bu postu tutmaq şansları yoxdur. Çünki aydın məsələdir ki, Nikol Paşinyanın parlament çoxluğu buna imkan verməyəcək. O səbəbdəndir ki, adı çəkilən şəxslərin bu istiqamətdə fəaliyyətləri belə hiss olunmur. Bu fonda Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın adı da hallana bilər. Bir sıra qüvvələrin onun namizədliyini dəstəkləməsi istisna deyil. Ancaq yenidən bu postu tutmaq istəyində olsa da, Ter-Petrosyanın notariat kontoru rolunu oynayan və cüzi səlahiyyətlərə malik prezident olmağa razılıq verməsi də gözlənilmir. 

Baş nazir Paşinyana gəldikdə, o da indiki situasiyada buna getməyəcək. Paşinyan yalnız istisna edilməyən Konstitusiya dəyişikliklərinin baş verməsi fonunda prezidentin səlahiyyətləri genişləndirildiyi halda, həmin vəzifəni tutmağa maraq göstərə bilər. Deməli, sözügedən posta yeni birisinin gələcəyi ehtimalı daha güclüdür. Ancaq bu yeni birisi çətin ki, daxildən olsun. 

Belə olanda daha çox gözləniləndir ki, Ermənistanın növbəti prezidenti də Armen Sarkisyan kimi xaricdən gətirilsin. Mövcud durumda Paşinyan hakimiyyəti də bunda maraqlı ola bilər. Həm erməni diasporası ilə isti münasibətlərini davam etdirmək, həm də daxildə narazılıq yaratmamaq üçün Paşinyanın bu varianta üstünlük verəcəyi daha inandırıcıdır. Qeyd edək ki, Ermənistandakı siyasi proseslərdə xaricdəki erməni diaspora və lobbisi mühüm rola malikdir. Onlar da ölkədə cərəyan edən proseslərə bu və ya digər dərəcədə təsir edə bilirlər. Bu müstəvidə Armen Sarkisyanı əvəz edəcək birinin yenə də ölkə xaricindən olacağı ehtimalı böyükdür. Amma bu heç də Rusiyadakı erməni diasporunun nümayəndələri olmayacaq. Yenə də Qərbdəki diaspor nümayəndələrindən hansısa biri olacaq...

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->