Xəbər lenti

Əsəd Qaraqaplan: “Kəramət prezident olsa, düşünərəm...”
Ölkə 13:28 10.02.2021

Əsəd Qaraqaplan: “Kəramət prezident olsa, düşünərəm...”

Qaynarinfo şair-yazıçı Əsəd Qaraqaplanla müsahibəni təqdim edir.

- Əsəd Qaraqaplan... Səni çoxları "Sonuncu sevgi" şeirindən tanıyır. Hətta demək olar, ancaq bu şeirlə. Necə düşünürsən, bu, şeirin gözəlliyinə görədir, yoxsa digər şeirlərinin onun qədər yaxşı olmadığına görə?

- Yaxşı, səmimi şeirdir. Nəsimi Nəbizadə də yaxşı və spontan sələndirmişdi deyə, daha da sevildi. Amma tam səmimi bir şey deyim, desələr, 10 ən yaxşı şeirin hansıdır, mən "Sonuncu sevgi" şeirini 11-ci deyərdim. Hər zaman şeirlərimə güvənən və içini bilən olmuşam. Bir də bu var da, insanlar (oxucular yox ha) sənət axtarmır, populyarlıq, ya da nə bilim, dramatik bir şeylər axtarırlar. Ona görə də bunun fonunda mənim belə görünməyim normal və hətta qəbulumdur...

- Məsələn, hansı şeirlərin var ondan yaxşı? Hansı ki, bu şeirin kölgəsində qalsa da, daha çox oxunmağa layiqdir..

- Məsələn, "Al yazmalım", "And olsun gecəyə", "Həyat seviləcək qədər kədərli", "25 Tanrı" və s. var. Rafiq Tağıya yazdığım şeir var sonra. Həm də, məsələ bu deyil. Dediyim kimi, insanlar axtarmırlar artıq, hazırını gözləyirlər. Məsələn, mən Əli Kərimi, İsa İsmayılzadəni, Eldar Baxışı Elman dayının bukinistində axtarıb tapıb dəhşətə gəlmişdim ki, nə gözəl şeirlər var. Məsələn, Aqşin Yeniseyin də ən məşhur şeiri "Sənə məktub yazıram"dır, ancaq bilirəm, özü də bu şeiri heç 20-yə salmaz. Salam Sarvanda da o cümlədən, başqasında da. Amma mənə elə oxucular elə şeirlərin içindən danışıb ki, sadəcə məəttəl qalmışam. Bir də mən özümü o yerə qoymamışam ki, insanlar məni daha çox oxusun. Mənə görə bunu dərd edəndə şeir kənarda qalır...

- Bir evimiz olmadı kirayərlərdən uzaq

Bir oğul böyütmədik əsgərə yola salaq

Bir qadın da sevmədik, ayrılaq, şeir yazaq... - Səncə bu şeir, bu misralar sənin taleyindirmi? Sənə elə gəlmir ki, bu şeiri yaşayırsan? Kirayədə yaşayırsan illərdir, evlənməmisən, övladın yoxdu...

- Şeirin tale olmasından çox, Salam Sarvan demiş, əsas şeirin öz taleyi olsun, insan kimi yəni. Bir şeirin taleyi də sənin yaşantılarından gəlir, düzdür, amma məncə, gerçək taleyi olan şeir ömrünü daha gec yaşamağa başlayır. Ona görə yaşadın-yaşamadın hər kəs özünü yazır, ya da yaza bilmir.

- Əsəd, sənin haqqında müxtəlif fikirlər var. Bəzən yazırlar, deyirlər ki, Əsəd Qaraqaplan davakardır, güc ilə hərəkət edir, bu, yaradıcı adama yaraşmır və.s. Düzmü deyirlər, yaxud niyə belə deyirlər?

- Davakar olmayan şair zatən şeir yazmasın. Amma baxır nə dava da. Mən kiminsə, nəyinsə, ya ədəbiyyatın davasını aparıramsa, bəyəm bu pisdir? Kimsə deyə bilməz ki, Əsəd hardasa, kimləsə öz şəxsi maraqlarına ya sözlü, ya da yumruqla dava eləsin. İkinci də, bu fikri dediyim kimi o davakar ola bilməyən və dava elədiklərim yaradır. Çünki heç vaxt mənlə savaşmağa gücləri, üzləri olmayıb. Bəli, mən davakaram, amma dediyim kimi. Və sona qədər də belə qalmağa çalışacam. Yaradıcı adamın davası olmadı, o mənim gözümdə yaradıcı deyil.

- Məsələn, ad çəkə bilərsən? Ədəbi mühitdən kimlər var belə?

- Adlara ehtiyac yoxdur, çünki hamımız tanıyırıq onları. Amma belə deyim, barmaq hesabı, 5-10 nəfərdən başqa demək olar ki, hamısı elədir. Zatən bütün dövrlərdə də belə olmayıbmı?! Əsas davakarları bilək bəsdi. (gülür)

- Ölkədəki ədəbi proseslərə münasibətin necədir? Çoxdandır, özün də sönük görsənirsən. Ara-sıra kitabların çıxır, amma ümumi vəziyyət deyəsən, istədiyin kimi deyil.

- Hə, elədir. Mən də bir az özümə çəkilmişəm. Görünür, belə hallar olur. Kitabı da hazırladım, o da qalıb elə. Bir də son bir il də çox şey oldu, məlum.
Bir də ədəbi proses yaradıcı insanların ümidinə qalanda başlı-başına olur və öləziyir. Çünki bu bir təşkilatlanma işidir, fərdi məsələ deyil. Amma bizdəki sözdə təşkilatlar bunu etməməklə qalmır, harda özləri kimi bayağı adamlar var, onları mükafatlandırır, ora-bura göndərir, hər şeyi gözdən salırlar... Amma pandemiya bitsin, yenidən "ədəbi mühitdə" görüşək. Mən "Samik" deyirəm.

- Biz səni daha çox şair kimi tanısaq da, nəsr də yazırsan. Amma sanki o bir az geridə qalır. Şeirlərindən danışılır, nəsrindən yox. Bəlkə alınmır deyə?

- Mən nəsri də şeir kimi yazıram, ona görə nəsrlərimə də şeirlərim kimi baxıram. Şeirlərin hamısı alınmadığı kimi, nəsrin alınanı, alınmayanı olur, əlbəttə. Ona görə çox da səs eləmə, oxumaq lazımdı sadəcə. (Gülür)

- Ümumiyyətlə, ədəbi mühitdən, proseslərdən belə incik olmağın səbəbi nədir? Necə düzəltmək olar? Bir şair kimi təklifin nədir? Hər kəs ədəbi proseslərdən, idarəçilikdən narazıdır, amma heç kim heç nə demir, etmir, istəmir bir az da.

- Nə qədər bizim "Slavyan”da bir mühitimiz, Yaradıcılıq fakültəmiz vardı, hamı orda idi. Ora bitəndən sonra həm biz dağılışdıq, həm hər kəs. Amma bizim dağılışmağımız sadəcə ara məsafəsidir, yəni, ordakı əsas dostlarla yenə bir yerdə, çiyin-çiyinə, hətta bəzən bakal-bakalayıq.
Mənim dərdim bir az özümlədir bu aralar, həyatla heç yola gedə bilmirəm. Bir az da sağlamlıq və maddi-mənəvi sorunlar buna yol açır. Amma olsun, çox da faciələşdirmək lazım deyil bəzən, harda qırıldı, qırıldı..

- Vəzifədə olanları çıxsaq, bütün yazarlar dolanışıqdan narazılıq edir. Aydın məsələdir ki, ədəbiyyatda o qədər də pul olmur, qonorar ya yoxdu, ya da çox azdı. Nə etmək, necə etmək lazımdır? Problem nədə, yaxud kimdədir? Bəlkə ədəbi qurumlarda?

- Hamısı bir-birinə qarışıb elə, hamısı. İçi mən qarışıq, hamımızın günahı var. Dolanışıq belədir ki, ədəbiyyatda o qədər yox, heç pul yoxdu. Hətta biz cibimizdən pul verib kitab çıxarırıq, Kəramətdən başqa heç birimiz də sata bilmirik. Ən pisi, başqa yerdən dolanmaq da yaradıcı insançün çox çətindi, hələ bir yaşdan sonra çox çətin. Onda da hər şey cığırından çıxır, çox pis şeylərə və yerlərə gətirib çıxarır. Heç nə, artıq nə etmək olar?! Bizimki artıq möcüzələrə qalıb, ya da heç nəyə qalmayıb...

- Məsələn, burda AYB-nin də günahı varmı? Narazılıq çoxdur ki, bu qurum düzgün fəaliyyət göstərmir. İddialar çoxdur. Belədir? Belədirsə, AYB düzəlsə, ədəbiyyat inkişaf edər, yoxsa sən dədüşünürsən ki, ləğv olunmalıdır?

- Sovet təfəkküründən qalma hər şeyi çoxdan ləğv etmək lazım idi. Hələ başçısı da Sovet vaxtından qalma ola. Verəsən o binanı uşaq baxçası eləyələr, bəlkə mərkəzə yaxın yerlərdə işləyən anaların işinə yaraya. Başqa heç nə.

- Əsəd, bəs, xalq şairi olmaq istəyərdinmi? Xalq şairi adının da Sovet məhsulu olduğunu nəzərə alsaq...

- "Mən heç vaxt Xalq şairi olmaram" deyib, qaça-qaça çox o adı alan gördük. Ona görə bilmirəm. Bəlkə o vaxt ya sən, ya da Kəramət prezident olsa, düşünərəm. (Gülür)

- Müsahibə üçün təşəkkürlər.

- Buyur. Minnətdaram.

Orxan Saffari

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->