Xəbər lenti

Eskobarın killeri yenidən həbs oluna bilər
Dünya 18:45 10.12.2017

Eskobarın killeri yenidən həbs oluna bilər

Kolumbiya baş prokurorluğu məşhur narkobaron Pablo Eskobarın sağ əli və killeri olmuş Con Ceiro Velasquezin yenidən həbsini tələb edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, prokurorluğun yaydığı açıqlamada onun şərti azadlıq qaydalarını pozduğu qeyd olunub.

Kolumbiya polisinin ABŞ tərəfindən axtarılan narkotik qaçaqmalçısı Cuan Karlos Mesanın evinə etdiyi basqın zamanı Velasquezin də orada olduğu məlum olub. Mesanın evindən 40 min dollar nəğd pul, qaçaq silah-sursat, ziynət əşyaları və qeydiyyatsız lüks avtomobil ələ keçirilərək götürülüb.

Prokurorluq rəsmiləri onun axtarışda olan bir cinayətkarla əlaqə qurmaqla şərti azadlığa buraxılma qaydalarını pozduğunu bildiriblər.

Qeyd edək ki, Eskobar həyatda olarkən onun ən yaxın adamlarından olan və cinayətkar şəbəkənin killerlər qrupunun lideri hesab olunan "Təməl rəis" ləqəbli Velasquez məhkəmədə aralarında prezidentliyə namizədlərin də olduğu bir sıra sui-qəsdlərdə iştirak etdiyini etiraf etmiş və 22 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2014-cü ildə şərti azadlığa çıxdıqdan sonra isə Velasquez Youtube-da özünə kanal yaradaraq cinayət aləmindən uzaq olmaqla bağlı videolar hazırlamış və kitablar dərc etdirmişdi. 

O, törətdiyi cinayətlərə görə peşman olduğunu desə də, Pablo Eskobara olan hörmətini yenə də dilə gətirməkdən çəkinmir. Belə ki, 2013-cü ildə El Tiempo qəzetinə verdiyi müsahibəsində Eskobar haqqında belə demişdi:

"Əgər Pablo Eskobar bu gün yenidən doğulsaydı, heç düşünmədən yenə onunla birlikdə addımlayardım".

Çingiz

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->