Xəbər lenti

Əslində imtahanların qiyməti bu qədər olmalıdır - Ekspertdən DİM-ə təklif
Ölkə 10:54 29.01.2020

Əslində imtahanların qiyməti bu qədər olmalıdır - Ekspertdən DİM-ə təklif

"İmtahanın qiyməti 10 manatdan artıq olmamalıdır”.

Bunu Qaynarinfo-ya təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin sınaq imtahanlarında ödənişin 40 manat təyin edilməsindən danışarkən deyib. Onun sözlərinə görə, əgər sınaq imtahanında 30 min nəfərdən çox adam iştirak edərsə, imtahanın qiyməti 7 manatdan artıq ola bilməz:

"TQDK ləğv olunduqdan sonra publik hüquqi şəxs olan DİM yarandı. Buna qədər imtahanlar dövlət tərəfindən maliyyələşirdi. Ancaq maraqlı məqam ondan ibarətdir ki, imtahanlar dövlət tərəfindən maliyyələşsə belə, yenə də vətəndaşlar 3 manat pul ödəyirdilər. İndi belə məlumatlar yayırlar ki, guya DİM yaranana qədər hər şey pulsuz olub. Xeyr, insanlar o zaman da qəbul və sınaq imtahanlarında iştirak üçün pul ödəyirdilər. DİM yaranandan sonra isə bu məbləğlər ciddi şəkildə artırıldı. Nəzərə alaq ki, bakalavr səviyyəsində qəbul imtahanlarına giriş kartı və sınaq imtahanları 40 manatdır. Magistratura səviyyəsində qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 30 manatdır. Ancaq magistratura pilləsində sınaq imtahanlarında iştirak zamanı sual kitabçaları verilmir. Əgər vəsaitin bütün xərclərini ödəmişəmsə, deməli, sual kitabçası da məndə qalmalıdır. Yəni belə çıxır ki, siz bir məhsulu satışa çıxarırsınız, pulunu verirəm, ancaq siz həmin məhsulu mənə vermirsiniz. Bu, birinci uyğunsuzluqdur. İkincisi də, əlbəttə ki, sınaq imtahanlarında istifadə olunmuş test modellərinə çəkilən xərcdir. Məsələn, sualı yazan müəllifə bir suala görə 1 manat pul verilir. Bir sual kitabçasına ümumilikdə suallar üçün 125 manat xərc çəkilir. Yoxlayan ekspertə isə 1 sual üçün 50 qəpik ödənilir. Ortaya çıxan bu xərci hər sual kitabçası üçün xərcləmirlər. 18 səhifəlik sual kitabçasına vərəqin birinə 0.2 qəpik xərclənir. Ümumilikdə sual kitabçasının hazırlanması üçün 220 manat pul xərclənir. Lakin hər adam üçün 1 sual kitabçası çıxarılmır axı... 1 sual kitabçası düzəldirlər, imtahanda 40 min nəfər iştirak edir. Təsəvvür edin ki, bu məbləğ də onun arasında bölünür. Əgər sınaq imtahanında 30 min nəfərdən çox adam iştirak edərsə, imtahanın qiyməti 7 manatdan artıq ola bilməz. Burada kifayət qədər ciddi rəqəm var. Əgər imtahanda 40 min nəfər iştirak edirsə, onu 40 manata vurun və görün hansı məbləğ ortaya çıxır... Axı DİM imtahanlara bu qədər vəsait sərf edə bilməz. Üstəlik, sınaq imtahanında istifadə olunan test tapşırıqları da təzə deyil”.

Kamran Əsədov qeyd edib ki, TQDK fəaliyyətdə olan vaxtı həmin testlər dövlət büdcəsi hesabına alınıb:

"Deməli, indi həmin testlər DİM-ə pulsuz olaraq başa gəlib. Nəticə olaraq bu qurum pul xərcləmədən böyük vəsait qazanır. Əvvəllər sınaq imtahanlarına yerlər 1 günə dolurdusa, indi fevral ayının 16-u üçün olan yerlər tam dolmayıb. Çünki birincisi, qeydiyyatdan keçmək sistemi olduqca çətindir. İkincisi də qiymət bahadır. Hesab edirəm ki, əgər qazanc əldə etmək, eyni zamanda həqiqətən də şagirdlərin bilik və bacarığını yoxlamaq istəyirlərsə, o zaman imtahanın qiyməti 10 manatdan artıq olmamalıdır. Təhsilə xidmətdən söhbət gedirsə, bu, 10 manatı keçə bilməz. Sınaq imtahanlarının qiyməti düzgün deyil. İmtahanda bir otaqda iştirak edən nəzarətçiyə 30 manat verirlər. Yəni xərclərə baxanda görürük ki, əldə edilmiş gəlirlər kifayət qədər çoxdur. Bu da doğru hal deyil”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->