Azərbaycan mətbəxinin əsasını ət yeməkləri təşkil edir. Milli kulinariyada yüzlərlə ət xörəyinə rast gəlirik. Restoran və kafelər ölkəyə gələn turistlərə ən rəngarəng formada hazırlanmış ət qidaları təklif edir.
Amma son dövrlərdə dünyada ət və ət məhsullarından imtina etmək ənənəsi yaranıb. Dəbə uyğun görünmək istəyənlər vegetarian olmağa üstünlük verirlər. Veqanlar isə nəinki ətdən, həm də bütün heyvan mənşəli qidadan və geyimdən kənar dururlar. Kimsə bunu sağlam olmaq naminə, kimsə də heyvanlara qarşı daha humanist mövqedə durduğuna görə edir. Azərbaycanda belə insanların sayı atrmaqdadır.
Ət məhsulları sağlamlıq üçün xeyirlidir ya ziyanlı?
Kənddə qəssab ailəsində böyüyən
Səbinə Üzeyir Qaynarinfo-ya açıqlamasında 3 il öncə veqan olmaq qərarına gəldiyini bildirib: "Bəzi şeylərin yanlış olduğunu uşaqlıqdan düşünürdüm. Kiçik yaşlarımda bir neçə dəfə ətdən imtina etməyə çalışdığımı xatırlayıram. Mənim üçün mənəvi təmizlik çox önəmlidir. Heyvan ətini yeyərkən bir müddət öncə canlı olan, öldürülməmək üçün çırpınan, yaşamağı sevən bir canlının hansısa hissəsini yediyimə görə özümü çox günahkar bilirdim. Bunları düşünüb özümü yeni həyata hazırladım, proses 1 il çəkdi.
İki tip veqan var: sağlamlıq üçün bu həyat tərzini seçənlər və heyvanlara zərər verməkdən imtina edənlər. Mən və ətrafımdakı veqanlar yaşamımızda heyvanlara qarşı qəddarlığı yox etməyə çalışırıq. Veqanizm mənə isə özümü tapmaqda kömək etdi. Uşaqlıqdan bəri seçim etməkdə çətinlik çəkirdim, iki seçim arasında fərqi hiss etmirdim. Veqan olduğum ilk ayda yeməklər arasında fərqi hiss etməyə başladım, hansı restoranda "falafel”in daha dadlı olduğunu artıq bilirdim. Yunu həyatımdan çıxardıqdan sonra ona qarşı allergiyam olduğunu, pambıq paltarda özümü daha rahat hiss etdiyimi anladım. Tədricən dəqiq seçim etməyi öyrəndim, bunu bacarmaq həyatda nəyi istədiyinin fərqində olmaq deməkdir. Bu hal bir neçə veqan dostumda da baş verib”.
Heç bir xəstəliyinin olmadığını deyən Səbinə Üzeyir hər il tibbi yoxlamadan keçdiyini qed edib: "22 yaşım var, sağlamlığım normaldır. İnsanlar bir-birindən seçilirlər, dünyanın daha rəngarəng və maraqlı olması üçün bu fərqlilik tamamilə normal və qaçılmazdır. Veqanlıq isə vegetarianlıqdan fərqli olaraq qidalanma deyil, yaşam tərzidir. Bizim üçün nəyi necə yediyimizdən daha önəmli günümüzdə maksimum istismardan uzaq durmaqdır.
Veqanlığı artıq həkimlər ideal yaşam tərzi kimi qəbul edirlər. Doğru qidalandığımdan veqan olduğun üçün hər hansı bir problemlə üzləşəcəyimi düşünmürəm. Tək çətinliyim B12 vitaminini əldə etməkdir. Hansı bitkilərdən bu vitamini almaq olar sualına hələ elm tam cavab verməyib. Bunu əvəz etmək üçün vaxtaşırı B12 vitaminini təb formasında qəbul edirik. Təcrübəyə əsasən, heyvan əti istifadə edənlərlə müqayisədə ürək-damar, böyrək, xüsusən xərçəng xəstəliyindən əziyyət çəkən veqanların sayı xeyli azdır.
Bunun ən əsas səbəbi veqanlığın həyat tərzi olduğunun fərqində olmadan başlamaqdır. Öyrəşdiyimiz qidanı, geyimi və istifadə etdiyimiz hər şeyi dəyişirik, bilmədiyimizi yenilərlə əvəz edirik. Dəyişməni psixoloji olaraq hazır hiss etmək çox önəmlidir. Veqan olmadan öncə araşdırma etmək, tədricən bu həyat tərzinə keçmək, çətin keçəcək dönəmin qarşısını alır. İkinci səbəb fərqliliklərlə bağlıdır. Bədənimiz qidalanma formasına öyrəşməlidir, köhnə vərdişlərə qayıdanların əksəriyyəti başağrısından, halsızlıqdan və sürətlə arıqlamaqdan şikayətlənir. İnsan öz bədənini tanımalı və ona hörmət etməyi öyrənməlidir. Həyatını tamamilə dəyişməyi düşünən birisi bədəninin bunu nə qədər müddətə alışacağını təxmin etməli, dəyişimi bu sürətlə düzənləməlidir”.
Veqan olmağa bir gecədə qərar verən layihə meneceri
Röya Vəliyeva 2 il sonra bu yoldan imtina etməli olduğunu bildirib: " Səhər oyananda bilirdim ki, artıq heç bir heyvan məhsulunu istifadə etməyəcəyəm. Ondan əvvəl vegetarian da olmamışam, birbaşa veqan olmağa qərar vermişəm. Soyuducunu açanda dəhşətə gəlmişdim, yeməyə heç nəyim yox idi. Gündəlik həyatda nə qədər heyvan məhsullarından istifadə etdiyimizi onda anladım. Veqan həyat tərzi iki il davam etdi.
İki il sonra mənəvi yorğunluq səbəbindən veqanlıqdan imtina etdim. Veqan diyeti beynimin, pulumun və vaxtımın çox hissəsini alırdı. Elə həyat tərzi məni çox xoşbəxt etsə də, restoranda, qonaqlıqda, evdə çox əziyyət çəkirdim. Mələsən, restoranda makaron sifariş edib xahiş edirdim üstünə pendir qoymasınlar, lakin hər dəfə səhvən qoyurdular, hər dəfə o sifarişi geri göndərə bilmirdim. Əvəzləyici tapmaq Azərbaycanda müşkül məsələdir. Türkiyədə və əsasən Avropada bu tip problem yox idi. İnək südü əvəzinə demək olar eyni qiymətə soya, badam südü alırdım və daha sağlam, az kalorili süddən istifadə edirdim. Ölkəmizdə bu tip alternativ çox azdır və ya yoxdur. Azərbaycanda veqan olmaq mümkündür, lakin çox çətindir. Ətrafımda heç özüm kimi dostum da yox idi və elə insanlar tanımırdım. İndi veqanlar çoxalıb, bu çox xoş bir inkişafdır”.
Röya Vəliyeva köhnə vərdişlərin hələ də qaldığını deyib: "Məsələn, kosmetik məhsullarımın heç biri heyvanlar üzərində test edilməyib, hər il onlarla marka heyvanlar üzərində testdən imtina edir. Bundan əlavə artıq vitamin komplekslər alarkən, "Cruelty Free”, yəni qəddarlıqdan azad vitaminlər alıram. Bu sertifikat məhsulun üzərində varsa, deməli məhsul nəinki heyvanlar üzərində test edilməyib, tərkibində də heç bir heyvan məhsulu yoxdur. Uşaqlıqdan ailəmiz çox ət sevən insanlardan ibarət olmayıb, ona görə indi də bəlkə elə həftədə bir qidamın tərkibində ət olur, lakin digər heyvan məhsullarını rasiona salıram. Amma südü hələ də içmirəm.
Sağlamlıq baxımından özümü ən ideal hesab elədiyim o 2 il olub. İlk növbədə nə qədər yesəm də çəki dəyişikliyi qətiyyən olmurdu. O qidalar orqanizmin çox rahat həzm etdiyi qidalar idi. Əlavə olaraq dərim indikindən çox daha sağlam və parlaq idi. Lakin veqan olmaqda məqsədim sağlamlıq deyildi, daha çox etik və planetə, bütün canlılara qarşı məsuliyyətli olmaq idi. Gələcəkdə yenidən veqan həyat tərzinə qayıtmağı planlaşdırıram. Ümid edirəm, ölkəmizdə bunun üçün şərait inkişaf edər”.
Uzman Onkouroloq
Fuad Quliyev Azərbaycanda xəstəliyə zəmin yaradan yağlı qidaların hələ də gen-bol istifadə edildiyini qeyd edib: "Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi mövqeyinə görə, qidalanma onkoloji xəstəliyinin inkişafında mühüm rol oynayır. "Mənə nə ilə qidalandığınızı söyləyin, mən də sizə gələcək xəstəliyiniz haqqında məlumat verim” ifadəsi aktual olmağa başlayıb.
İllərdir qidalanmanın onkoloji xəstəliklərə olan təsirini ciddi şəkildə araşdıran və alınan nəticələri təbliğ edən Dünya Xərçəng Araşdırma Fondunun mütəxəssisləri ət həvəskarlarına gündəlik 80 qramdan çox olmamaq şərti ilə qəbul etməyə tövsiyə edirlər. Üstünlük nisbətən yağsız ətlərə verilməlidir. Təəssüflə deməliyəm ki, bu gün bütün dünya az yağlı məhsulların istifadəsinə səy göstərirkən, biz hələ də qidalarımızın yağlı olmasına üstünlük veririk. Bu da, öz növbəsində bir çox xəstəliyin inkişafı üçün zəmin hazırlayır.
Həqiqətən də belədir. Belə ki, heyvan yağları və xolesteroldan zəngin olmayan qıdaları qəbul edən yaponlarda praktik olaraq prostat xərçəngi görülmə tezliyi digər xalqlara görə ciddi dərəcədə aşağıdır. Lakin ABŞ-a illər öncə köçən yaponlarda bu rəqəmlər müəyyən dərəcədə fərqlidir və yerli xalqın göstəricilərinə daha yaxındır. Bunun izahı yemək vərdişlərinin və həyat tərzindəki dəyişikliklə əlaqəlidir”.
Onkouroloq ət məhsullarının qaydasında istifadə edilməsinin vacibliyini bildirib: "Günümüzdə əsas "pəhriz qadağaları"nı bir cümlə ilə xülasələndirə bilərik: qırmızı ətdən və heyvan mənşəli yağlardan mümkün qədər uzaq durun və qəbulunu məhdudlaşdırın. Bəli, ət və ət məhsulların tərkibində insan bədəninin inkişafı üçün əsas sayılan amin turşular və bir çox sayda faydalı maddələr var. Lakin bu, ət məhsullarını səhər-günorta- axşam yeməklərində qəbul etmək zəruriliyi demək deyil.
Qırmızı ətə alternativ olaraq balıq yemək məsləhət görülə bilər. Asanlıqla həzm oluna bilən vacib amin turşularının mənbəyi olmaqla yanaşı, omeqa-3 yağ turşularını da ehtiva edir, bu da prostat xərçənginin yaranma riskini azaldır.
Qeyd etmək lazımdır ki, ət bişirmə texnologiyasına da ciddi yanaşmaq lazımdır. Ətin və balığın bişirmə dərəcəsi yüksək olmamalıdır, əksi halda hazırlanan qidada kanserogen maddələrin meydana gəlmə riski artacaq”.
Fuad Quliyevin fikrincə, vegetarianların sağlam həyat tərzinin kökündə balanslı qidalanma durur: "Bu mərhələdə belə bir sual yarana bilər: "Vegetarianlar onkoloji xəstəliklərdən əziyyət çəkirmi?” Vegetarianları daha çox ət məhsullarından imtina edən insanlar kimi tanıyırıq. Lakin bu insanların əsas müsbət tərəfi balanslı qidalanmaya üstünlük vermələridir. Bəli, onlarda da onkoloji xəstəliklərin inkişaf etdiyi göstərilib. Lakin vegetarian həyat tərzi və qidalanma xüsusiyyətlərinin onkoloji xəstəliklərin sadəcə yaranmasında deyil, hətta gedişatında da müsbət rol oynadığı aşkarlanıb. Bu da öz növbəsində balanslı qıdalanmanın onkoloji xəstə üçün nə qədər vacib olduğunu bir də vurğulayır. Hətta bu sahədə aparılan araşdırmalar, vegetarianların və ya həftədə 1 dəfədən artıq ət məhsullarını qəbul etməyən insanlarda prostat xərçəngi tezliyi əhəmiyyətli dərəcədə aşağı olduğunu təsdiqləyib. Bu, ilk növbədə qidalanmada bitki mənşəli məhsullara üstünlük verilməsinə bağlıdır. Sağlam həyat tərzi və balanslı qidalanma onkoloji xəstəliklərinin əsas profilaktikasıdır”.
Qaynarinfo
Şərhlər