Ekonomiks 20:34 25.03.2020

"Evdəqal" çağırışıyla iş bitmir: Dəstək mexanizmi hazırlanmalıdır (Ekspert)

"Ən qısa müddətdə insanlara istehlak səbəti nəzərə alınmaqla minimum maddi dəstəyin edilməsi mexanizmi işlənib hazırlanmalıdır".

Qaynarinfo xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Rəşad Rəsənov çıxış edib. O, bildirib ki, "evdəqal" çağırışı ilə əlaqədar şərtlər irəli sürülməlidir:

""Evdəqal" çağırışı ilə iş bitmir: Bunun üçün uyğun şərtlər də yaradılmalıdır. Bir çox ailələrdə ailə büdcəsinin gündəlik xərcləri gündəlik gəlirlər hesabına ödənilirdi (taksi sürücüləri, iaşə müəssiələrində günəmuzd çalışanlar və s.). Çoxlarının cibində olan pul sadəcə növbəti gün iş yerinə çatan qədər bəs edir. Sosial karantin elan edildiyi və xüsusi ilə də gündəlik xidmətlərə tələbin aşağı düşdüyü cari vəziyyətdə ən qısa müddətdə bu insanlara istehlak səbəti nəzərə alınmaqla minimum maddi dəstəyin edilməsi mexanizmi işlənib hazırlanmalıdır (karantin müddətində kommunal xidmət haqlarından azad etmə, hər bir ailə üzvü üçün 100 manatlıq limit müəyyən edilən kart və s.). Bu kimi addımlar həmçinin insanların karantin tələblərinə daha ciddi riayət etmələrinə və beləliklə də virusun insan itkilərinin və təsirlərinin daha da azaldılmasına müsbət təsir edə bilər".

Bahar Rüstəmli