"Faitmont Baku" hoteli açıq hava hovuzunun fəaliyyətini dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə hotelin yaydığı məlumatda bildirilir:
"COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, Fairmont Bakı ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.
Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq otel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. Fairmont Bakıda yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur".
"Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, otelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz, bu yaxınlarda oteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik”, - deyə Fairmont Bakı Alov Qüllələri Baş meneceri Metyu Qreppo bildirib.
Qeyd edək ki, sözügedən hotel sərtləşdirilmiş karantin rejiminə baxmayaraq, açıq hava hovuzunu müştəriləri üçün açıq etmişdi. Bu barədə xəbər yayıldıqdan sonra Bakı polisi "Fairmont Baku"da əməliyyat keçirmiş, otelin müştərilərini cərimələmişdi. Azərbaycan Prezidenti İlham Əliyev də ötən gün məsələ ilə bağlı danışaraq oteldə baş verənləri biabırçılıq adlandırmışdı.
Şərhlər