Koronavirus pandemiyası fonunda ölkənin dərman bazarında ajiotaj yaşanmaqdadır. Məlumatlara görə, artıq apteklərə müəyyən vitaminlər, dərmanlar və tibbi ləvəzimatlar limitlə verilir. Həmçinin, koronavirusa qarşı nisbətən effektli sayılan dərmanlar çox baha qiymətə və əsasən də əl altdan satılması ilə bağlı həyəcanlı məlumatlar yayılır. COVİD-19-un müalicəsində istifadə olunan "Favipiravir” dərmanının qiymətinin artıq qara bazarda min manata qədər qalxdığı deyilir. Halbuki Türkiyədə bu dərmanın qiməti 60 dollar civarındadır.
Dərman bazarında yaranan neqativ halların səbəblərini öyrənmək üçün həkim-farmakoloq Müşfiq Hüseynova müraciət etdik.
Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında özünün də dəyərinin 7 qatına "Favipiravir” aldığını deyib.
Onun sözlərinə görə, dərman bazarında möhtəkirliyin qarşısının alınması üçün ilk növbədə "Favipiravir”i Səhiyyə Nazirliyinin analitik idarəsində qeydiyyatdan keçirmək lazımdır:
"Bu dərmanların istehsalçısı Türkiyədir. Bildiyim qədərilə, Türkiyədən də yardım şəklində böyük miqdarda bu dərmanlar gətirilmişdi. Müalicədə də bu dərmanlardan istifadə olunur. Evdə olan xəstələrə ara-sıra həkimlər bu dərmanlardan tövsiyə edirlər. Xəstələr də bu dərmanları aptekdlərdə axtarır. Amma tapa bilmirlər. Çünki bu dərmanlar apteklərə verilmir. Bu dərmanların heç Azərbaycanda qeydiyyatı da yoxdur. Və Azərbaycana rəsmi gətirilmir. Bu dərmanlar rəsmi şəkildə Analtik idarəyə təqdim olunmalı və qeydiyyatdan keçirilməlidir. Ondan sonra bu dərmanlar şirkətlər tərəfindən ölkəyə gətirilməlidir. Amma bu, hələ ki yoxdur. Bunun əvəzində Hindistandan oxşar tərkibli dərmanlar gətirilir. Amma onun tərkibinin Türkiyə istehsalı olan dərmana uyğun olub-olmadığını demək çətindir.
Birmənalı şəkildə bu dərmanlar aptekdə satılmadığı üçün insanlar tərəfindən axtarılır. Ətraflarına, aptekdə işləyən tanışları və ya həkim dostları ilə əlaqə yaradırlar. Tələb olunan yerdə mütləq mənada təklif də olacaqdır. Bu birmənalıdır. Hansısa yolla bu dərmanlar bazara da yol tapır. Böyük ehtimalla xəstəxanalardan götürülür. Çünki bu, kütləvi hal almayıb. 1 və ya 2 qutu şəklində satılır. Hazırda şəhərin yarısı bu dərmanları axtarır. Yəni, səbəbi ancaq bu dərmanların qeydiyyatda olmadığına, dövlət və ya özəl şirkət gətirmədiyinə görə bazarda olmamasıdır”.
Farmakoloqun sözlərinə görə, "Favipiravir” xəstəliyi sağaltmasa da, kifayət qədər dayanıqlı təsir göstərir:
"İnsanlar da bunu bilirlər. Türkiyədə koronavirus xəstəliyinin müalicəsində bu dərmanların istifadəsi protokola salınıb. Bizim vətəndaşlarımız da Türkiyədə yaşayan tanışları vasitəsi ilə bundan məlumatlıdırlar. Və Türkiyədən bu dərmanları gətizdirmək də istəyirlər. İndi əsas məsələ odur ki, niyə bu dərmanlar insanlara bu cür çatır? Çünki bu dərmanlar TƏBİB-in modul tipli xəstəxanalarında müalicə proseduruna daxildirsə və dediklərinə görə xəstələrə verilirsə, onda niyə evdə müalicə olunan ehtiyacı olan xəstələrə verilməsin? Verilmir və məsləhət görülürsə, təbii ki, insanlar da bu dərmanları müxtəlif yolla əldə etməyə çalışacaq…”
Orxan Əhmədli
Şərhlər