Xəbər lenti

Farmasevtika sənayesi ön plana çıxır
Xəqani Cəfərli
phrase_var_qaynar. 15:40 10.01.2021

Farmasevtika sənayesi ön plana çıxır

Xəqani Cəfərli

COVİD-19-un bəşəriyyətin başı üzərində ölüm kabusu kimi dolaşdığı bu günlərdə dünya dövlətləri farmasevtika sənayesinə son illər azalan diqqətin nələrə səbəb ola biləcəyini anladılar.

Burada kiçik bir haşiyə çıxaraq qeyd etmək istərdik ki, "farmasevtika" sözünün "əczaçılıq" kəlməsi ilə əvəzlənməsinin doğru ola biləcəyini düşünənlər ola bilər. Ancaq fikrimcə, "əczaçılıq" peşə, ixtisas adı kimi işlənə bilsə də, tibbi dərmanların kəşfi və istehsalından başlamış satış şəbəkələri də daxil olmaqla geniş bir sahəni əhatə edəcək ifadə deyil. Ona görə də, zənnimizcə, "farmasevtika" ifadəsi daha əhatəli və yerindədir.

COVİD-19 virusunun peyvəndi ətrafında baş verənləri izlədikcə bir daha əmin olmaq mümkündür ki, peyvəndin kəşfi dünya dövlətləri üçün sağlıq məsələsindən daha çox siyasi və iqtisadi əhəmiyyətə malikdir. Koronavirusun peyvəndini icad etdikləri haqqında Rusiya rəsmilərinin açıqlamalarının Qərbin siyasətçiləri və elm adamları tərəfindən şübhə altına alınmağa cəhdlər edilməsi bir daha təsdiqləyir ki, bu, yalnız sağlıq məsələsi deyil.
Əslində, ingilis həkim Edvard Cenner 1796-cı ildə çiçək xəstəliyinin peyvəndini icad etdikdən sonra farmasevtika sahəsi siyasi və iqtisadi əhəmiyyət daşımağa başladı. Yəqin ki, o zamandan başlayaraq farmasevtika sahəsinin ancaq artan templə inkişafı tarixinin şahidiyik.

Bəşəriyyətin COVİD-19-la ölüm-qalım savaşı apardığı, dünya iqtisadiyyatının əksər sahələrinin ağır tənəzzül keçirdiyi bu günlərdə kosmos və süni intellekt sahələri kimi, farmasevtika sənayesinin də yüksəliş mərhələsinə qədəm qoyduğunu görmək olar. Farmasevtika sənayesinin builki inkişaf tempi haqqında dəqiq məlumatları il başa çatdıqdan sonra biləcəyik. Ancaq bir şey aydındır ki, bu, ötən il proqnozlaşdırıldığı kimi, zəifləyərək 4-5 faizilik bir artım səviyyəsinə düşməyəcək. Heç şübhəsiz, gələn ilin əvvələrində dünya iqtisadiyyatının inkişaf edən sahələrinin siyahısının ön sıralarında farmasevtika sənayesinin adını görəcəyik.

COVİD-19 bütün fəlakətləri ilə yanaşı, bəşəriyyətə farmasevtikanın əhəmiyyətini yenidən xatırladaraq dərs verdi. Bu gün dünyanın böyük dövlətlərinin COVİD-19 virusunun peyvəndinin kəşfi üçün sərt bir rəqabət aparmaları onu deməyə imkan verir ki, bundan sonra bu sahəyə dövlətlərin diqqəti və sərmaye qoyuluşu artan xətlə yüksələcək. Çünki bütün dövlətlər qloballaşma dövründə bir ölkədə meydana çıxın virusun qısa zaman içində bütün dünya üçün qorxunc təhlükəyə çevrilə biləcəyini gördülər. Eyni zamanda, son illər farmasevtika sənayesinə diqqətin azalmasının nəticəsi olaraq meydana çıxan virus qarşısında bəşəriyyətin aciz qaldığı hər kəsə aydın oldu.

Əgər ötən il farmasevtika şirkətləri elmi tədqiqatlara 150 milyard dollar sərf etmişdisə, cari ildə, heç şübhəsiz, bu rəqəmin artımına şahid olacağıq. Dünyanın farmasevtika şirkətləri arasında isə ABŞ şirkətləri hakim mövqeyə malikdirlər. Dünyanın 50 ən böyük farmasevtika şirkətinin 26-sı ABŞ şirkətləridir. Bu vəziyyət bir çox amillərinin nəticəsi olaraq yaransa da, ilk amil dünyanın ən böyük farmasevtika bazarının Şimali Amerika qitəsi olması ilə bağlıdır. ABŞ-ın da yerləşdiyi Şimali Amerikanın farmasevtika bazarının illik dövriyyəsi ötən il yarım trilyon dollar çərçivəsində olub. Yəni ötən il Şimali Amerika qitəsinin əhalisi farmasevtika məhsullarına 500 milyard dollar pul xərcləyiblər.

Şimali Amerika qitəsininin ardınca isə farmasevtika məhsullarının ikinci böyük bazarı dünya əhalisinin az qala yarısının yaşadığı Çin, Hindistan, Yaponiya, Koreya, Malayziya kimi ölkələrin yerləşdiyi Asiya-Sakit okean regionu gəlir. Bu regionda yeləşən ölkələrin əhalisi ötən il farmasevtika məhsullarına 330 milyard dollar xərcləyiblər. Farmasevtika bazarınında üçüncü mövqe Şərqi Avropa hesab olunur. Şərqi Avropa ölkələri ötən il farmasevtika məhsullarına 258 milyard dollar xərcləyiblər.

Dünyanın farmasevtika bazarınında lider şirkət "Johnson & Johnson" hesab olunur. Onun ardınca isə "Roche", "Pfizer", "Novartis" və "Merck" şirkətləri gəlir. İstər bu beş böyük şirkət, istərsə də digər şirkətlər 2023-cü ildə həcmi 1.5 trilyon dollara çatan farmasevtika bazarında payını artırmağa çalışır.
COVİD-19-un peyvəndinin kəşfi və satışı bu məsələdə əhəmiyyətli rol oynaya bilər. Əhalisinin sayı 7.8 milyard nəfərə çatan Yer kürəsinin COVİD-19 virusunun peyvəndinin kəşfi ilə bağlı məlumatı həyacanla gözlədiyi bu günlərdə virusun əlacının tapılması hər bir dövlət üçün siyasi və iqtisadi məsələyə çevrilib. Məhz buna görə Rusiya Dünya Səhiyyə Təşkilatının ekspertlərinin "xam məhsul" hesab etdikləri maddəni COVİD-19 virusunun peyvəndi kimi təqdim edir. Rusiya prezidenti Vladimir Putinin "Sputnik V" adı verilən maddənin koronavirusun peyvəndi olaraq təqdim etməsini Avropanın nüfuzlu tibb qurumları "məsuliyyətsiz və ağılsız bir qərar" kimi dəyərləndiriblər.

Avropanın nüfuzlu tibb qurumlarının bu mövqeyi isə əsassız deyil. Putinin "möcüzə" olaraq dünyaya təqdim etməyə çalışdığı, Rusiyanın təbliğat maşınının elementləri tərəfindən dərhal təbliğ olunmağa başlayan "Sputnik V" tədqiqat prosesinin həlledici, üçüncü mərhələsini hələ keçməyib. Bu isə Putinin möcüzə kimi təqdim etdiyi maddənin yalnız "xam məhsul" olduğunu təsdiqləyir. Rəsmi Moskva "xam məhsul"u peyvənd kimi təqdim etməklə siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışır. Çünki COVİD-19 virusunun peyvəndini almaq istəyən ölkələrin böyük növbəsi yaranıb və bütün ölkələr peyvəndi əldə edənlərin siyahısında ilk sıralarda yer almağa çalışırlar. V.Putin peyvənd "möcüzə"si haqqında açıqlama verdikdən dərhal sonra ABŞ prezidenti Donald Tramp da ölkəsinin üç peyvənd üzərində apardığı tədqiqatların son mərhələdə olduğunu açıqladı. Eyni zamanda, Tramp hökuməti "Moderna Inc" şirkətinin koronavirusa qarşı peyvəndindən 100 milyon doza almaq niyətindədir. Bu peyvəndin qiymətinin bir kurs üçün 50-60, bir doza üçün isə 25-30 dollar arasında olacağı planlaşdırılır. Məlumatlara görə, dünyanın bir çox ölkələrinin hökumətləri "mRNA-1273" peyvəndinin alınması ilə bağlı artıq "Moderna Inc" şirkəti ilə danışıqlar aparırlar. Baxmayaraq ki, bu şirkətin peyvəndinin qiyməti "Pfizer Inc" və "BioNTech" tərəfindən təklif olunan qiymətdən daha yüksəkdir, amma peyvəndi əldə etmək üçün ciddi rəqabət gedir. Artıq ABŞ hökumətinin "Moderna" şirkəti ilə 1.9 milyard dollarlıq müqavilə imzaladığı da yayılan məlumatlar arasındadır. Məlum olduğu kimi, noyabrda ABŞ-da prezident seçkiləri keçiriləcək və ikinci dəfə dövlət başçısı postuna iddialı olan Donald Tramp nəyin bahasına olur-olsun, COVİD-19 virusunun peyvəndini əldə edən ilk hökumət olmağa çalışır. Bununla seçki ərəfəsində seçicilərin dəstəyinin qazanılması hədəflənir.

Bütün bunlar sadə adamlar üçün sağlıq məsələsi olan peyvəndin necə ciddi siyasi və iqtisadi məsələyə çevrildiyini göstərir. Koronavirus pandemiyasının qorxusu altında farmasevtika yenidən iqtisadiyyatın ən önəmli sahələrindən birincisinə çevrilir. Ona görə də koronavirus pandemiyasının yenidən dizayn etdiyi dünya iqtisadiyyatında farmasevtika kosmos, süni intellkt və elektromobil sənayesi kimi ön sırada olacaq.

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->