Xəbər lenti

Fazil Məmmədov açılış mərasiminə qatılmadı
İdman 11:00 15.12.2017

Fazil Məmmədov açılış mərasiminə qatılmadı

Dekabrın 14-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, turnirin açılış mərasimi idmançıların paradı ilə başlayıb.

Açılışı mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov çıxış edib.

Bildirilib ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamam olan, 1999-cu il təvəllüdlü və daha yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakterli yarışlarda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının heyətində çıxış edən idmançılar mübarizə aparırlar.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlar Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-dək, yunan-Roma güləşçiləri isə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-dək çəki dərəcələrində qüvvələrini sınayırlar.

Azərbaycan çempionatı bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və ikigünlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun keçirilir.

Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif ediləcəklər. Onlar, həmçinin milli komandamızın heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
İlk yarış günündə 55, 63, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə 90 pəhləvan mübarizə aparıb.

Qeyd edək ki, çempionatın açılış mərasiminə Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov qatılmayıb. Məmmədov bu yaxınlarda Vergilər Nazirliyinin rəhbərliyindən azad olunub. Onun Güləş Federasiyasındakı gələcəyi də qeyri-müəyyəndir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->