Son dövrlər mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bəzi təsərrüfat idarəetmə orqanlarında insan ölümü ilə nəticələnən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi hallarına yol verilir. Bu qəbildən olan qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində prokurorluq orqanları tərəfindən kəsərli mübarizə tədbirləri həyata keçirilir.
Baş Prokurorluqdan Qaynarinfo-ya verilən məlumata görə, cari il iyulun 26-da Abşeron rayonu ərazisində fəaliyyət göstərən "Sen İnşaat” MMC-də fəhlə işləyən Ağaməli Qurbanovun müəssisənin həyətyanı sahəsində yük avtomobilinin yanacaq çənində qaynaq apararkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, üzərlərinə təhlükəsiz əmək şəraitinin təmin edilməsi, işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təlimatlandırılması vəzifələri qoyulmuş MMC-nin vəzifəli şəxsləri tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi, həmçinin yanğın təhlükəsizliyi qaydalarının tələblərinin kobud şəkildə pozulması nəticəsində fəhlə kimi işə qəbul olunmuş Ağaməli Qurbanova qanunsuz olaraq vəzifə təlimatlarında göstərilməyən metal kəsici və digər vəzifələrin icrası tapşırılıb.
İş üzrə direktor Emin Məsimov, texniki təhlükəsizlik üzrə mühəndis Paşa Rəhimov və sex rəisi Cavanşir Kərimov Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmin müəssisədə insan ölümü ilə nəticələnmiş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının kobud şəkildə pozulması yeganə hal olmayıb.
Belə ki, 6 iyun 2017-ci il tarixdə Ağsu rayon sakini Samir Hümmətov əmək müqaviləsi, eləcə də müvafiq əmrlə "Sen İnşaat” MMC-yə qablaşdırıcı-dəzgahçı peşəsinə təyin edilməsinə baxmayaraq, dəzgahçı peşəsi üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair müvafiq təlimatlandırma keçmədən, iş səriştəsi yoxlanılmadan müəssisədə sex rəisi vəzifəsində işləmiş Sübhan Namazov tərəfindən həmin peşənin icrasına buraxılmış və nəticədə iş prosesi zamanı qadağan edilmiş zonaya keçib dəzgahın vallarından sürətlə çıxan qaynar polad məmulatın boğazına batması nəticəsində hadisə yerində ölüb.
Həmin faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanmış, Sübhan Namazov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və Abşeron rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli hökmü ilə barəsində müvafiq ittiham hökmü çıxarılıb.
İnsanların həyat və sağlamlıqlarının qorunması, gələcəkdə baş verə biləcək bu qəbildən olan hadisələrin qarşısının alınması və təkrarlanmaması məqsədi ilə "Sen İnşaat” MMC-nin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, metaləritmə işlərinin aparılmasına dair müvafiq icazənin verilib-verilməməsi, eləcə də baş vermiş hadisənin səbəblərinin mütəxəsisslər tərəfindən araşdırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Şərhlər