Dünya 11:08 18.01.2022

Fəxrəddin Altunun yeni kitabı işıq üzü gördü

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun "Türkiye as a Stabilizing Power in an Age of Turmoil” (Qlobal Xaos Çağında Sabitləşdirici Güc: Türkiyə) adlı yeni kitabı işıq üzü görüb.

Qaynarinfo xəbər verir ki, ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən Academica Press tərəfindən nəşr olunan kitabda qlobal sistemlə bağlı mühüm təsbitlər yer alıb. Qlobal sistemin bir növ xaos yaşadığı günümüzdə Türkiyənin tezisləri, sabitləşdirici və nizam-intizam yaradıcı rolundan bəhs edilib.

Türkiyənin son 20 ildə qlobal sistemdə oynadığı rolun və üzləşdiyi çətinliklərin təhlil edildiyi kitab prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasət baxışının əsas parametrlərini ortaya qoyub.

Beynəlxalq sistemin davamlı olaraq böhranlar yaratdığına işarə edilib, sistemin sülh və sabitliyi təmin etməkdən uzaq olduğu ifadə edilib.

F.Altun kitabında regional anlaşmazlıqlar, immiqrasiya və gəlir bölgüsündə ədalətsizlik, o cümlədən kibercinayətlər, iqlim dəyişikliyinə bağlı ekoloji fəlakətlər, aclıq və epidemiyalar kimi yeni təhlükələrin də olduğuna diqqət çəkib.

O, mövcud beynəlxalq sistemin bu çətinliklərin öhdəsindən gəlmək iqtidarında olmadığını, bütün dövlətlərin öz strategiyalarını tərtib edərkən yeni yanaşmaya ehtiyac duyduğunu vurğulayıb.

"Böyük-fövqəlgüc” adlandırıla biləcək ölkələrin mövcud beynəlxalq sistem daxilində öz maraqlarını qoruduğunu bildirən Altun bugünkü beynəlxalq sistemin bütün dünya üçün böyük xərclərə malik olmasına baxmayaraq, böyük güclərin ən çox faydalana biləcəyi şəkildə işlədiyini, qlobal sabitlik və sülh əvəzinə bu güclərin maraqlarının ön planda olduğunu qeyd edib.

Kitabında Türkiyənin beynəlxalq sistemdəki roluna da geniş yer verən Fəxrəddin Altun Türkiyənin milyonlarla qaçqına ev sahibliyi etməklə yanaşı, coğrafi baxımdan uzaq yerlərə də yardım əlini uzatdığına diqqət çəkib.

O, Türkiyənin bütün aktyorlarla əlaqə yaradaraq regional və qlobal böhranlara həll yolları tapmağa çalışdığını, dünyada bərabərsizliklərə qarşı hər zaman ədaləti müdafiə etdiyini vurğulayıb.

Sözügedən kitab Türkiyə ilə yanaşı, ABŞ və İngiltərədə də kitabsevərlərin ixtiyarına verilib.

Qeyd edək ki, Fəxrəddin Altunun daha əvvəl "Modernləşmə nəzəriyyəsi: Tənqidi giriş”, "Türkiyədə mətbuat azadlığı”, "Terrorun kökləri və terrorla mübarizə strategiyası”, "15 iyulda media” və "Millətin zəfəri: 15 iyul” adlı kitabları da işıq üzü görüb.  

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?