İdman 22:53 01.12.2021

Fransalı hücumçu Azərbaycan çempionatındakı rekordunu təkrarladı

"Qəbələ" və "Neftçi" klublarının sabiq futbolçusu Baqali Dabo şəxsi rekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, fransalı hücumçu buna hazırda çıxış etdiyi Kipr "Apollon"unun heyətində ardıcıl 4 çempionat oyununda fərqlənməklə nail olub. 33 yaşlı forvard VIII, IX, X və XI turlarda müvafiq olaraq, "Olimpiakos", "Doksa", PAEEK və "Anortosis" komandalarının qapısına qol vurub.

Qeyd edək ki, Baqali Dabo 2016 - 2018-ci illərdə "Qəbələ"nin, 2018 - 2020-ci illərdə isə "Neftçi"nin formasını geyinib. O, 2017/2018 mövsümündə əyalət təmsilçisinin heyətində ardıcıl olaraq "Sumqayıt", "Neftçi", "Kəpəz" və "Keşlə" ilə görüşlərdə fərqlənib.